Rusiyalı siyasi ekspert nələrə diqqət yetirir?
Yubiley toplantısı, yəni sayca altmışıncı olan Münxen Təhlükəsizlik Konfransında, təbii ki, Cənubi Qafqaz gündəliyi əsas yer tutmurdu. Bununla belə, bölgə ilə bağlı tədqiqatçılar toplantıya diqqət yetirdilər. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, politoloq Sergey Markedonov özünün “Donskoy Kazak” teleqram kanalında yazıb.
S.Markedonov bildirib ki, mötəbər forum çərçivəsində Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması müzakirə olundu. “Kimsə deyəcək ki, böyük işdir, görünməmiş hadisədir. Ancaq məsələ onilliklərdir müzakirə olunur. Eləcə də Qarabağdakı və Ermənistanda hərbi-siyasi status-kvo da, həmçinin”, – deyən politoloq 44 günlük müharibədən sonra Azərbaycanın bir neçə dəfə vəziyyəti dəyişdiyini, lakin uzun müddətdir davam edən problemin həllinin göz önündə olmadığını vurğulayıb.
Rusiyalı siyasi ekspert qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Almaniya Kansleri Olaf Şoltsun moderatorluğu ilə keçirilmiş görüş hər iki ölkə liderinin 2024-cü ildəki ilk təmasıdır. Onun sözlərinə görə, bu görüş 2023-cü ildə diplomatik durğunluğa yol açan sülh sazişinin imzalanması ilə bağlı müsbət yeni il proqnozları dalğasından sonra gerçəkləşdi: “Üstəlik, fevralın 13-də bir neçə aylıq sakitlikdən sonra, ilk dəfə olaraq, hərbi eskalasiya (Azərbaycan-Ermənistan şərti sərhədindəki hərbi toqquşma – red.) yaşandı. Bundan bir neçə gün sonra Paşinyan və Əliyev danışıqlar masasına qayıtmaq qərarına gəliblər. Masa üzərində çoxdan tanış olan “menyu”dur– demarkasiya-delimitasiya, sülh müqaviləsinin hazırlanması, əlaqəli mövzu kimi Ermənistan–Türkiyə münasibətlərinin normallaşması”.
S.Markedonov Qərbin Cənubi Qafqazdakı mövcud vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışdığını vurğulayıb. Bu baxımdan Münxen konfransının təşkilatçısı kimi Almaniyanın danışıqlara təşəbbüs göstərdiyini önə çəkib. O, eyni zamanda, Münxen konfransı çərçivəsində ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin tərəflərlə danışıqlar aparması üzərində dayanıb. Həmçinin Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin “Vaşinqton İrəvan və Bakının mövqelərini yaxınlaşdırmağa çalışacaq” fikrini qabardıb.
Rusiyalı siyasi ekspertin düşüncəsinə görə, Bakının Münxen Təhlükəsizlik Konfransında iştirakı rəsmi İrəvandan tamamilə fərqli mövqedədir. Politoloqun qənaətincə, Azərbaycan bütün gücü ilə özünün əhəmiyyətini bir münaqişədən daha geniş tutmağa çalışır. “İqlim gündəliyinin müzakirəsində Azərbaycan liderinin iştirakı da bundan irəli gəlir. Qeyd edək ki, İlham Əliyev Co Baydenin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüş keçirib”, – deyən Markedonov diqqəti ölkəmizin COP–29-a evsahibliyinə yönəldib və bildirib ki, tədbir Bakının “orta güc” iddiasını əsaslandırmaq üçün yaxşı platformadır.
S.Markedonov yalnız Ermənistan–Qərb deyil, eyni zamanda, İrəvan–Dehli əməkşdalığından da söz açıb. Deyib ki, ikinci xüsusda artan təmaslar əksər analitiklərin “kor nöqtəsində”dir. Politoq yazıb ki, həm Rusiyada, həm də Birləşmiş Ştatlarda ekspertlər bütün mövcud problemləri “soyuq müharibə”nin remeyki formatında təsvir etməyə üstünlük verirlər. “Bu məntiqlə Ermənistan “Rusiyadan qaçaraq” ABŞ və Avropa İttifaqının “qucağına girir”. Lakin belə bir sxemi aksioma kimi qəbul etmək çox sadədir. Münxen konfransı isə Ermənistan və Hindistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Subrahmanyam Caişankar arasında danışıqlar platformasına çevrildi. Nazirlərin təması zamanı siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunluq vurğulandı.
Rusiyalı analitik bu kimi fikirlərin quru sətirlər olmadığı qənaətindədir. O bildirib ki, Hindistan və Ermənistan son vaxtlar hərbi-texniki əməkdaşlığı artırırlar. Hindistanın ekspert icmasının nümayəndələri hind-erməni yaxınlaşması perspektivlərinə dair bəzi qiymətləndirmələr aparırlar: “Məsələn, professor Hriday Sarma hətta üçtərəfli Avrasiya strateji ittifaqının (Paris–Dehli–İrəvan) yaradılmasından da danışır. İlk baxışdan, belə konstruksiyalar ümidsiz proyeksiya kimi görünür. Ancaq burada düşüncə qatarının özü vacibdir: strateji qiymətləndirmələrin qurulmasında ikiqütblülük yoxdur”.
Sonda politoloq bütün bunların fonunda Rusiyanın mövqeyinin nədən ibarət olması üzərində dayanıb. O bildirib ki, baş verənlər, daha doğrusu, Paris–Dehli–İrəvan üçbucağı fonunda Moskvanın, əslində, çıxarmalı olduğu nəticə var. Rusiya ətalət ssenarilərini, hər şeydən əvvəl, informasiya sferasında aradan qaldırmalıdır: “Eyni zamanda, başa düşmək lazımdır ki, həm Qərbdən, həm də Şərqdən gələn təşəbbüslərə Moskvanın tərəfdaşları üçün faydalı olan və təkcə keçmişə deyil, gələcəyə yönəlmiş mənalı layihələrə əks çıxmaq lazımdır”.
R.ƏVƏZ
XQ