Fövqəladə Hallar Nazirliyi kafe və restoran sahiblərinə müraciət edib

post-img

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar kafe və restoran sahiblərinə müraciət edib. Nazirlik respublika ərazisində iaşə obyektlərində, o cümlədən kafe və restoranlarda baş vermiş yanğınların Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili nəticəsində belə qənaətə gəlib ki, həmin yanğınların bir hissəsi tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməməsi nəticəsində baş verir.

Belə ki, kafe və restoranların mətbəxində zamanla tüstü bacalarında yağ qatı əmələ gəlir. Yüksək yanma xassəsinə malik bu yağlar bacaların şaquli və üfqi kanallarında və mühərriklərin üzərində yığılır, vaxtında təmizlənmədikdə ani qığılcımdan yanğın baş verməsinə səbəb olur.

Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənlərinin gərgin əməyi və səriştəli fəaliyyəti sayəsində bu kimi yanğınların genişlənməsinə imkan verilmədən qarşısının alınması mümkün olur.

Yuxarıda qeyd olunanları, habelə iaşə obyektlərinin insanların kütləvi toplaşdığı məkanlar olduğunu və bu obyektlərin bir hissəsinin yaşayış binalarında yerləşdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kafe və restoran sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməsinin təmin olunmasına çağırır.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər