Ordu – xalqımızın qürur və güvənc yeri

post-img

“Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Elə günə salmışdıq ki, özlərinin etirafına görə, 12 mindən çox fərarisi olmuş­dur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçma­mışdır. Bu, bir daha Azərbaycan xalqı­nın əyilməz ruhunu göstərir”. 

İlham ƏLİYEV
Ali Baş Komandan

Hər bir xalq öz milli-mənəvi, əxlaqi dəyərləri ilə güclüdür. Zəngin mədəniyyət, ədəbiyyat və incəsənət də toplumların başını uca edir. Amma, millətin torpağını, qeyrət və namusunu qoruyan onun ordusudur. Azərbaycan əsgəri, zabiti, həm qeyrətli, həm də peşəkardır. Bunu Vətən Müharibəsi zamanı gedən ölüm-qalım döyüşləri sübut edib! Xalqımızın bugünkü və gələcək nəsilləri Tarixi Zəfərimizlə fəxr edəcəklər! 

2020-ci ilin noyabrının ilk günlərində Şuşanın sıldırım qayalarına yüngül silah­larla, demək olar ki, əliyalın dırmaşaraq, yağı düşmənin başını əzən Azərbaycan əsgərinin döyüş əzmi, yüksək peşəkarlığı bütün dünyanı heyrətə gətirib. Bəşəriyyət öz hərb tarixində çox nadir hallarda buna bənzər, anoloji mənzərə ilə üzləşib. Şu­şanın fəthini isə haqlı olaraq, 1915-1916-cı illərdəki Çanaqqala savaşında qardaş Türkiyə xalqının nümayiş etdirdiyi qəhrə­manlığa bənzədirlər. 

Bu il fevralın 14-də Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbay­can Respublikasının Milli Məclisində an­diçmə mərasimi zamanı olduqca parlaq nitq söylədi. Dövlətimizin başçısı bütün istiqamətlər üzrə görülən işlər, qarşıda duran vəzifələr barədə dərin məzmunlu, məntiqli fikirlər səsləndirdi. Cənab İlham Əliyev Milli Ordunun qeyrətli əsgər və za­bitlərinin son illərdəki hünərindən xüsusi bir şövq və sevgi ilə söz açdı. 

Yəqin ki, mənimlə razılaşarsınız, Pre­zident İlham Əliyev həmin anlarda son dərəcə xoşbəxt insan təsiri bağışlayırdı. Onun buna tam haqqı var! Bəli, gücü, qüdrəti, yüksək peşəkarlığı ilə seçilən, ən başlıcası, milli ruhu və şərəfini hər şeydən uca tutan bir ordunun Ali Baş Komandanı olmaq böyük səadətdir. Ordunun hər bir əsgər və zabitinin öz Komandanına olan sevgi və sədaqəti sonsuzdur! 

2020-ci ilin payızında Azərbaycanın mərd, igid əsgər və zabitləri 44 günlük şanlı savaşda qeyri-adi şücaət və qəh­rəmanlıqları ilə bütün dünyanı heyrətə gətirdilər. Bununla da Azərbaycan Ordu­su Ermənistanın uzun illər ərzində yarat­mağa çalışdığı mifləri darmadağın etdi. Dünya belə bir danılmaz həqiqətin şahidi oldu ki, erməni ordusu qorxaq və təslim­çilər ordusudur. Prezident sonsuz bir qü­rur hissilə vurğuladı ki, “bunu bizim cəsur döyüşçülərimiz qan tökərək, irəliyə ge­dərək, 5-6 müdafiə xəttini aşaraq sübut etmişlər və 44 günlük Vətən müharibəsi bizim əyilməz ruhumuzu göstərmişdir”. 

Azərbaycan dövləti 2023-cü ilin 19-20 sentyabr tarixlərində Rusiya sülhmə­ramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri və ətrafındakı ərazilər­də uğurlu antiterror əməliyyatı keçirmiş­dir. Bu əməliyyatın hər bir detalı zərgər dəqiqliyi ilə hazırlanaraq icra olunmuşdur. Prezident İlham Əliyev həmin əməliyyat­la bağlı demişdir: “Sentyabr ayında keçi­rilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar”.

Bu gün ölkəmizin ərazi bütövlüyü­nü qorumaq istiqamətində Milli Ordu­nun qarşısında mühüm vəzifələr durur. Azərbaycan xalqı öz əsgər və zabitlərinə güvəndiyi kimi, ordu da daim xalqın və dövlətin hərtərəfli dəstəyini hiss edir. Tə­sadüfi deyil ki, dövlətimizin başçısı andiç­mə mərasimində bildirdi ki, “növbəti illər­də qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qara­bağ müharibəsindən sonra bu istiqamət­də çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkin­dən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir”. 

Azərbaycan Ordusunun parlaq uğur­ları dövlətimizin və xalqımızın düşmənlə­rini çox narahat edir. Onlar rəsmi Bakının milli maraqlarımıza xidmət edən müstəqil siyasətini hər cür vasitələrlə ləkələməyə çalışır, ölkəmizi beynəlxalq aləmdə nü­fuzdan salmağa cəhd edirlər. Təəssüf ki, Ermənistandakı revanşist qüvvələr hələ də reallıqları görmək istəmirlər. Onlar xaricdəki havadarlarının, xüsusilə Fran­sanın dəstəyilə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına hər cür maneə olmağa cəhd edirlər. 

Amma bütün bu cəhdlər əbəsdir. Ona görə ki, Azərbaycan dövləti bu gün regionda sülh və sabitliyin qarantı rolun­da çıxış edir. Yalnız sülh və təhlükəsizlik bölgəyə inkişaf, tərəqqi gətirə bilər! Bu­nun bəhrəsini isə təkcə Azərbaycan xalqı deyil, Cənubi Qafqazda yaşayan bütün millətlər və xalqlar görəcəklər. Sadəcə, erməni xalqı bunu başa düşməli, sağlam düşüncə və müdriklik nümayiş etdirməli­dir. 

Ermənistan rəhbərliyi isə hələ də səhv yoldan çəkinmək istəmir. Prezident İlham Əliyev bu yaxınlarda baş verən insident barədə demişdir: “Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onla­ra və əsasən onlara ürək-dirək verən, üs­tümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz”.

Məlumdur ki, bu gün bütün dünyada hərbi sahədə texnoloji inkişaf və üstün­lük böyük əhəmiyyət daşıyır. Azərbaycan dövləti Milli Orduda yüksək mənəvi döyüş ruhunun daha da gücləndirilməsi, onun ən yüksək silahlarla təmin olunması üçün bütün zəruri addımları atır. Azərbaycan Ordusu bu gün döyüş qabiliyyətinə görə, dünyanın ən qüdrətli və yenilməz ordula­rından biridir. 

Ali Baş Komandanın xüsusi vurğu ilə qeyd etdiyi kimi, Qələbəmizin əsas ami­li Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş tor­paqlara sancan insandır, əsgərdir, zabit­dir! Azərbaycan xalqı həm də ona görə xoşbəxtdir ki, məhz belə bir yüksək dö­yüş əzminə malik olan orduya malikdir! 

Məsaim ABDULLAYEV
XQ

 



Siyasət