Ermənistanın baş naziri sülh niyyətinin olmadığını bir daha açıqladı
“Mən regionumuzda sülhün bərqərar olması üçün hər şeyi edəcəyəm”. Bunu Ermənistan baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində deyib. Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa.
Əlbəttə, bildirdiyimiz el misalıdır, ancaq onu da deməliyik ki, Nikolun nəinki Quranla, ümumən, heç bir müqəddəs kitabla hansısa əlaqəsi yoxdur. Erməni baş nazirin aşağıdakı fikri nə üçün işlətdiyini söyləmək də çətindir: “Mən Allaha inanıram və hesab edirəm ki, özünə hörmət edən hər bir dövlət beynəlxalq öhdəliklərinə hörmətlə yanaşmalıdır”.
Əlbəttə, bəzən vətənpərvərlik vicdansızlar üçün son sığınacaq olur. Demək istəmirik ki, Nikol vicdansızdır. Hərçənd, onun Ermənistan dövləti xüsusunda populistcəsinə söylədikləri, istər-istəməz, diqqətə çatdırdığımız deyimi aktuallaşdırmaqdadır. Paşinyanın vətənpərvərliyi özünü ölkəsini demokratik məmləkət qiyafəsində beynəlxalq ictimai rəyə sırımasında göstərir. Bəli, sırımasında. O, hesab edir ki, daim demokratiyadan danışmaqla, dünyanın anti-Azərbaycan qüvvələrinə, ölkəmizi insan hüquq və azadlıqları xüsusunda günahlandırmaq yolu tutanlara əlavə “fəaliyyət arqumenti” qazandırır. Ancaq dünya hər şeyi görür. Dünya görür ki, Paşinyanın demokratizmi sabun köpüyündən o yana keçmir. Ona görə də Nikol Britaniya nəşrinin ölkədə həbslərlə bağlı sualına cavab vermək məcburiyyətində qalır və ağ yalan danışır: “2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində və hüquq sahəsində dərin islahatlar başladı və biz böyük irəliləyişlər əldə etdik. Bizdə kimin həbs edilməsinə, kimin tutulmayacağına baş nazir qərar vermir”.
Guya ki, dünyanın harasındasa kiminsə həbsinə qərar verən hökumət rəhbəridir. Məsələ ondadır ki, Ermənistandakı qanunsuz həbslər və repressiv hərəkətlər demokratiyanı imitasiya edən Paşinyanın idarəçilik üsulunun ortaya çıxardığı acı reallıqdır. Yəni, şərt o deyil ki, həbs sifarişini şəxsən baş nazir özü versin. Nikolun anlamadığı budur. Ancaq Paşinyan əsəbləşməyi bacarır: “Mən sizin adsız mənbəyə, yaxud başqalarının istinad etdiyi, lakin sitat gətirdiyiniz adsız mənbəyə şərh verməyəcəyəm”.
Əlbəttə, Ermənistanın baş naziri cəfəngiyyata köklənməyi də əla bacarır. Xüsusən Azərbaycanla, ölkəmizlə sülh prosesi ilə bağlı danışanda. “2022-ci il oktyabrın əvvəlində Praqada Fransa prezidentinin və Avropa İttifaqı Şurası prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin suverenliklərini qarşılıqlı şəkildə tanıdılar. Bundan sonra oktyabrın 30-da Rusiyada tərəflər sərhədlərin və iki ölkənin suverenliyinin tanınması əsasında kommunikasiyaların açılmasını təsdiqlədilər. Bu, 2023-cü ilin mayında Brüsseldə keçirilən görüşdə bir daha təsdiqləndi”, – deyən Nikol Azərbaycanı ittiham edir və müsahibənin davamında səsləndirdiyi fikirlərdən də onun niyyətinin nədən ibarət olduğunu görmək çətinlik törətmir. Başlıca məqam isə ondadır ki, hökumət rəhbərinin dediyi kimi, Ermənistan Azərbaycanın suverenliyini tanıyırdısa, nə üçün 2023-cü ilin sentyabrına – lokal xarakterli antiterror tədbirlərinədək, Qarabağda qanunsuz erməni silahlı birləşmələri saxlanılırdı? Hansı səbəbdən Paşinyan bildirmişdi ki, Qarabağın özünün seçilmiş hakimiyyəti var? Təsəvvür edin, Ermənistan, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər yandan, Qarabağın Azərbaycanla mübarizə aparan hakimiyyəti olur?! Belə çıxır ki, həmin hakimiyyətin Ermənistana dəxli yoxdur? Bəs, yaxşı Nikol nə üçün separatçı rejimdə qondarma prezident seçkilərinin keçirilməsini dəstəkləmiş, yeni “prezidentə” təbrik mesajı göndərmişdi?
Bəli, aydındır ki, Ermənistan hakimiyyəti Praqada, Moskvada və Brüsseldə əldə edilmiş razılaşmaları yalnız öz prizmasında dəyərləndirirdi, reallıqlara meydan oxumaq yolu tuturdu. Məsələnin başqa adı yoxdur. Bu gün də Nikolun sülh istəklərində səmimiyyət göstəricisi istisnadır. Məsələn, erməni baş nazir “The Telegraph”a müsahibəsində deyir ki, hər bir güclü və suveren ölkə kimi Ermənistan Respublikasının güclü orduya malik olmaq hüququ var. Nikol beynəlxalq ictimaiyyətin Ermənistanın müdafiə qabiliyyətinin artdığına əminliyini də önə çəkir. Əlbəttə, bu, ilk növbədə Paşinyanın Ermənistanın militarist siyasətinin digər ölkəyə yönəlmədiyini, öz aləmində, əsaslandırmaq üçün etdiyi uğursuz gedişdir. Yada salaq ki, baş nazir bir müddət əvvəl Azərbaycanla hücum etməmək haqqında pakt imzalamağa razılığını da dilə gətirmişdi. Görünür, yarımçıq bildiyi tarixdə Hitler Almaniyası ilə SSRİ arasında imzalanmış “Molotov-Rubbentrop” paktına istinadı düşünmüşdü. Məlum olduğu kimi, nasist Almaniyası sənədi heçə sayaraq, SSRİ üzərinə hücuma keçmişdi. Deməli, sözügedən anlaşma əhəmiyyətsiz sənədə çevrilmişdi. Çox güman, Nikol də eyni yolu getmək barədə düşünür. Başqa qənaətə gəlməyə əsas yoxdur. Çünki hazırda erməni baş nazirin söylədikləri səmimi təsir bağışlamır.
Ermənistanın baş nazirinin qeyri-konstruktivliyi özünü onun Azərbaycana qarşı bilavasitə ünvanlanmış ittihamlarında da aşkar şəkildə göstərməkdədir. O bildirir ki, əgər Azərbaycanın mövqeyi imzaladığı sənədi və ya üzərinə götürdüyü beynəlxalq öhdəliyi tanımamaqdırsa, bunu birbaşa və açıq şəkildə deməlidir. Göründüyü kimi, Paşinyan aşkar həyasızlığa yol verir. Öhdəlikdən söz düşmüşkən, təfərrüatlara varmadan bildirək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdakı imzasına hörmətsiz yanaşan erməni baş nazirin özüdür.
Nikolun həyasızlığı xüsusilə azğın şəkildə onun növbəti fikirlərində də nəzərə çarpır. “Əgər Azərbaycan beynəlxalq öhdəliklərinə hörmət etməsə, o zaman istənilən dövlətə, daha sadə desək, istənilən qonşuya hücum edə bilər”, – deyən Paşinyana Ermənistan konstitusiyasının rəhbər tutduğu istiqlaliyyət bəyannaməsində qonşu ölkələrə qarşı ərazi iddiasının olduğunu xatırlatmaq niyyətindən uzağıq. Bu mənada onun ölkə konstitusiyasını dəyişdirmək istədiyini yada salmaq kifayətdir. Bu isə Allaha inandığını deyən N.Paşinyanın növbəti allahsızlığıdır.
Ancaq erməni baş nazirin həyasızlığının daha bir təzahürü də var. Məsələn, Paşinyan bildirir ki, ölkəsi 2022-ci ilin dekabrından Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulma prosesinə başlayıb və guya, bu qərar həmin ilin sentyabrında Azərbaycanın hücumundan sonra Ermənistanın təhlükəsizlik sistemində yaranmış çatlarla bağlı olub. Göründüyü kimi, Paşinyan yenə də anti-Azərbaycan ritorikasını anti-Rusiya məntiqi ilə çulğalaşdırır.
Məsələ burasındadır ki, BCM-in Roma Statutuna qoşulma Qərb dairələrinin İrəvan qarşısında qoyduğu tələbdir. Çünki BCM Rusiya Prezidenti Vladimir Putinin və digər ölkə rəsmilərinin həbsinə order verib. Ermənistan Roma Statutuna qoşulmaqla və BCM-in tamhüquqlu üzvünə çevrilməklə, faktiki olaraq, Kreml rəhbərinin ölkəyə girişinə məhdudiyyəti rəsmiləşdirir. Yəni, Ermənistan rəhbərliyinin Roma Statutu ilə Azərbaycanı məsuliyyətə cəlb etmək üçün əlavə rıçaq qazanmaq və məsələni təhlükəsizlik amili ilə əsaslandırmaq niyyətləri cəfəngiyyatdan başqa bir şey deyil.
Aydındır ki, İrəvanın BCM müstəvisini ölkəmizə qarşı istifadə imkanları məhduddur. Bunun heç düz əməlli hüquqi mexanizmi də yoxdur. Yəni, başlıca məqam Rusiyadan üz döndərməkdir. Əlbəttə, İrəvan belə dəst-xətt seçərkən, Azərbaycanı Rusiyayönümlü göstərmək, “Moskvanın Bakının təcavüzünü dəstəkləməsi” ritorikasını əldə bayraq edərək, dünyanın Rusiya əleyhinə antipatiyasını Bakıya doğru yönəltmək kimi sərsəm gedişə baş vurur ki, bu da Cənubi Qafqazda sülhə meydan oxumaq niyyətidir.
Özünün anti-Rusiya ritorikasını davam etdirən N.Paşinyanın sözlərinə görə, ölkəsi Moskvadan üz döndərmir, tərəfdaşlarla münasibətlərini şaxələndirmək vəzifəsini qarşıya qoyur. Məlumdur ki, Nikolun söylədikləri növbəti ağ yalandır. Yəni, ölkənin tutduğu xətt gün kimi aydındır və bu, heç də Ermənistanın müstəqil dövlət kimi müəyyənləşdirdiyi yol deyil, xaricin diktəsidir.
Diktədən söz düşmüşkən, Paşinyan bu deyimi ölkəsində gedən islahatların, guya, qısamüddətli maraqlardan irəli gəlmədiyini bildirəndə də gündəmə gətirir. O deyir ki, Ermənistan–Avropa İttifaqı münasibətlərinin dərinləşməsi göz qabağındadır. Paşinyanın sözlərindən belə çıxır ki, mövcud dərinləşmə ölkənin demokratik islahatlar sahəsində nəzərəçarpacaq irəliləyiş əldə etməsi ilə bağlıdır.
Paşinyan “The Telegraph”a müsahibəsində onu da deyir ki, Ermənistan NATO-ya üzv olmaq imkanını müzakirə etmir. Məsələ Nikolun gözünün içinədək yalan danışmasında deyil. Əlbəttə, rəsmi İrəvan bütün beynəlxalq platformalardan, o cümlədən, NATO müstəvisindən ölkəmizə qarşı yararlanmağı düşünür, bu, öz yerində. Başlıca məqam isə ondadır ki, Ermənistanın hansı addım atacağını müəyyənləşdirən böyük ölçüdə Nikol yox, xaricdəki ermənipərəst dairələrdir. Yəni, hazırda ən məsul şəxs kimi Paşinyanın ölkəsi üçün NATO-ya qoşulmağın prioritet olmadığını vurğulamasının heç bir mənası yoxdur. Xaricdəki ağaları nəyi diktə etsələr, Nikol onu da həyata keçirəcək. Cənubi Qafqaz ölkəsi olan Ermənistan üçün heç bir nəticə verməyəcək Roma Statutuna qoşulmaq necə reallaşdısa, NATO-ya üzvlük də eyni mahiyyətə söykənən addımdır. Sadəcə, Roma Statutuna qoşulmaqla, NATO üzvlük başqa-başqa məsələlərdir. Paşinyan və onun havadarları bunu yaxşı bilirlər. Bilirlər ki, belə bir şeyin reallaşması ölkə üçün, faktiki olaraq, ölüm hökmüdür. Ona görə də Nikol çox əmin şəkildə İrəvanın alyansa üzvlük niyyətinin olmadığını vurğulayır.
Sonda erməni baş nazirin müsahibəsindəki bir məqama da diqqət yetirək. Məlum olduğu kimi, Ermənistanda siyasi vəziyyət stabil deyil. Bu, heç şübhəsiz, ölkə həyatına da mənfi təsirini göstərməkdədir. Belə olan halda, görəsən, Paşinyan necə müəyyənləşdirir ki, ölkəsi daxili təhlükəsizlik indeksinə görə dünyada 7-ci yerdədir. Bu fikir absurddur. Heç də o maraqlı deyil ki, siyahıda sonrakı yerləri hansı ölkələr tutur? Görəsən, “reytinqdə” Ermənistanı qabaqlayan “yazıq ölkələr” kimlərdir?
Ə.CAHANGİROĞLU
XQ