Azərbaycanın Mərakeşdə, eyni zamanda, Seneqaldakı səfiri Nazim Səmədov bu ölkənin Seneqal Mətbuat Agentliyinin (SMA) direktoru Tierno Amadu Si ilə görüşüb.
Səfirlikdən bildiriblər ki, görüşdə iki ölkənin müvafiq qurumları arasında mətbuat sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Diplomat SMA-nın bölmələri ilə tanış olub.
Söhbət zamanı SMA ilə AZƏRTAC arasında əlaqələrinin qurulması, informasiya mübadiləsinin həyata keçirilməsi və əməkdaşlıq haqqında memorandumun imzalanmasına dair səfirin təklifi Tierno Amadu Si tərəfindən böyük maraqla qarşılanıb.
Sonra geniştərkibli formatda davam edən görüşdə iştirakçılara Azərbaycan ilə Seneqal arasında münasibətlərə dair geniş məlumat verilib.