Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə qətnaməsinə dair bəyanat verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bəyanatda AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsindən təəssüf ifadə olunur. Qeyd edilir ki, 2001-ci ildən bəri Avropa Şurasının üzvü olan Azərbaycan ötən dövrdə gördüyü işlər və əməkdaşlıqla bu təşkilatın əsas prinsiplərinin həyata keçirilməsinə əhəmiyyətli töhfələr verməklə yanaşı, mədəni müxtəlifliyin qorunub saxlanılması, mədəniyyətlərarası dialoqun təşviqi kimi günümüzün ən önəmli missiyalarının gerçəkləşdirilməsində də aparıcı rol oynayıb. Verilmiş qərar Avropa Şurası üzvü olan bir ölkənin AŞPA-nın fəaliyyətindən kənarlaşdırılması deməkdir.
Sənəddə deyilir ki, bütün dünyada geosiyasi gərginliklərin, siyasi qarşıdurmaların, münaqişələrin artmaqda olduğu bir dövrdə çoxtərəfli diplomatiya öz gücünü və mövqeyini itirməməlidir. AŞPA münaqişələrin deyil, dialoq və əməkdaşlığın əsasını təşkil etməlidir.
Bəyanatda TBMM olaraq AŞPA-nı dəstəklədiyi prinsipləri birmənalı şəkildə müdafiə etməyə, bölücü deyil, birləşdirici bir platforma olmağa, Azərbaycan Milli Məclisini təmsil edən nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyə çağırış olunur.
Sonda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə dair qərarın ən qısa zamanda nəzərdən keçiriləcəyinə inam ifadə edilir.