Bir sıra beynəlxalq parlament təşkilatlarının nümayəndələri Milli Məclisdə olub

post-img

Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyası, Ərəb Parlamenti və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin nümayəndə heyətləri ilə görüşlər keçirib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşlərdə prezident seçkilərinin yüksək beynəlxalq standartlara uyğun və demokratik şəraitdə keçirildiyi qeyd olunub. S.Qafarova bu seçkilərin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə keçirildiyini, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə öz doğma torpaqlarında səs verdiyini diqqətə çatdırıb.

O qeyd edib ki, seçkilər azad və ədalətli şəkildə keçirilib. Prosesin tam şəffaf təşkili üçün ümumilikdə 90 min müşahidəçi qeydiyyatdan keçib ki, onlardan 790 nəfəri beynəlxalq müşahidəçilər olub. Bu müşahidəçilərin mütləq əksəriyyəti seçkilərlə bağlı müsbət fikirlərini ifadə ediblər. Eyni zamanda, prosesin media nümayəndələri tərəfindən geniş işıqlandırılması üçün hər cür şərait yaradılıb.

Görüşlərdə beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətlərinin üzvləri prezident seçkilərinin yüksək səviyyədə təşkilinə görə təbriklərini ifadə ediblər. Qonaqlar bir sıra seçki məntəqələrində səsvermə prosesini canlı izlədiklərini, həm seçkilərə hazırlığın yüksək səviyyədə həyata keçirilməsindən, həm də səsvermə günü prosesin beynəlxalq standartlara uyğun təşkilindən məmnunluqlarını ifadə ediblər. Seçicilərin yüksək fəallığı əsas məqamlardan biri kimi qeyd olunub.

Söhbətlər zamanı, həmçinin ölkəmizin beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığına dair müzakirələr aparılıb. Qeyd olunub ki, bu istiqamətdə əlaqələr Azərbaycanın həm təşkilatlara üzv ölkələrin qanunverici orqanları ilə ikitərəfli münasibətlərinə, həm də parlament təsisatlarında əməkdaşlığın genişləndirilməsinə imkan verir.





Siyasət