Söndürülmüş separatizm ocaqları üçün AŞPA körüyü

post-img

AŞPA-dakı Azərbaycan nümayəndə heyəti bu qurumla əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Həmçinin bəyanatda qeyd olunur ki, Avropa Şurası Parlament Assemblyasındakı dözülməz mühit məhsuldar müzakirələr üçün caiz platforma deyil.

Obıvatellər üçün qurumda Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqi ətrafında təşkil olunan müzakirələrlə bağlı informasiyalar sıradan bir informasiya kimi görünə bilsə də, Azərbaycanda və ondan kənarda yaşamasına baxmayayraq, bu ölkənin problemlərinə biganə olmayan hər kəs üçün təəccüblü qarşılana bilərdi.

Əslində, AŞPA-nın Azərbaycan dövlətinə qarşı bu davranışı həmin qurumun ölkəmizə münasibəti çərçivəsində atdığı addımların məntiqi davamı olduğundan bu, həmin qurumda gedən prosesləri izləyənlər üçün gözlənilməz xəbər olmadı. Şəxsən bu günkü Ermənistan Respublikasından, coğrafi ərazi olaraq Qərbi Azərbaycandan Azərbaycan Respublikasına qarşı rəsmi İrəvanın torpaq iddiaları ilə başlayan müharibə fonunda 250 mindən çox soydaşımızın qaçqına çevrilməsi faktının bir dəfə olsa belə, bu qurum tərəfindən qınanması faktına rast gəlinmədi. Tarixən aborigen əhalisinin azərbaycanlılar olduğu, o qədim yaşayış yerlərinin artıq yaddaşlarda daşlaşmasından uzun yüzillər keçməsinə baxmayaraq, hazırki rəsmi İrəvanın amansızcasına toponim etnosidi həyata keçirməsinə bircə dəfə reaksiya verməməsi adıçəkilən qurumun hansı dəyərləri önə çəkdiyini göstərir.

Bildiyimiz kimi, toponimlər (xüsusən hidronimlər) arxaizmlər və dialektizmlər davamlı olaraq qorunub saxlanılır, onlar tez-tez keçmişdə müəyyən bir ərazidə yaşamış xalqların substrat dillərinə qayıdır ki, bu da onlardan yaşayış məntəqəsinin sərhədlərini müəyyən etmək üçün istifadə etməyə imkan verir. 

Bu faktı niyə xatırladıq?

Azərbaycan beynəlxalq qanunlarla öz yuridik haqlarını təmin etmək, 1990-cı illərin əvvəllərindən rəsmi İrəvanın birbaşa Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaranan separatizm ocaqlarını söndürmək üçün 2020-ci ildə başladığı antiterror əməliyyatlarının yekun mərhələsində ilk “sürpriz”lər məhz o qurumdan gəldi. AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etdi. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edir, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirir, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edirdi. Kin və qəzəbdən ağlını itirmək dərəcəsinə çatan AŞPA rəhbərliyinin iradəsi açıq-aşkar ortada idi və həmin qətnamədə qurum gizlətmədən ölkəmizlə bağlı atacaqları addımları dilə gətirirdi- Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyirdi.

Bu, azərbaycanlıların, demək olar ki, 30 illik işğalın hökm sürdüyü şəraitdə epizodik olaraq görmədikləri “ikili standartlar” siyasətinin növbəti təzahürü idi. Halbuki, AŞPA uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Uzaq olmayan tarixdə, 2014-cü ildən başlayaraq postsovet respublikalarında yaranan anoloji situasiyada bu qurumun hansı addımlar atdığını, eyni təşkilata üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə, ən azından, işğalçının səs hüququnun əlindən alına biləcəyinin şahidi isə təkcə azərbaycanlılar deyildi. 

Bəli, faktlar tərs şeydir.

Bu kontekstdən Avropa Şurası Parlament Assambleyasının deputatları çərşənbə günü keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməsini üzvü olduğumuz Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası hiddətlə qarşıladı. Onu xatırlatmaq istərdik ki, AŞPA-nın yürütdüyü, nümayişkəranə şəkildə həyata keçirdiyi, məhz bu platformada nümayiş etdirilən “xristian həmrəyliyi” nədənsə bu yerlərin aborigenləri olmuş albanlara münasibətdə hiss olunmur. Buna görədir ki, albanların  maddi və mənəvi nailiyyətlərinin daşıyıcısı olan bugünkü azərbaycanlılar üçün onlar “xristian həmrəyliyi” məsələsində də səmimi görünmürlər.

Bunun üçündür ki, qətnamədə qeyd edilən “rəsmi Bakı ölkədə pluralist demokratiya və qanunun aliliyi, eləcə də fundamental insan hüquq və azadlıqlarına hörmətlə bağlı öhdəlik götürsə də, bu müddət ərzində bu tələbləri həyata keçirməyib” ifadələri nə qədər gurultulu səslənsə də onların atdığı addımların fonunda saxta görünür.

Məhz sadalanan məqamlara görədir ki, qətnamədə əks olunan “prosedur qaydalar yerinə yetirildikdən sonra Azərbaycanın nümayəndə heyətinin öz fəaliyyətini davam etdirə biləcəyi” haqlı olaraq AŞPA-dakı nümayəndələrimiz tərəfindən haqlı etirazla qarşılanıb.

Qətnamənin qəbul edilməsindən bir neçə saat əvvəl Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını "qeyri-müəyyən müddətə dayandırmaq" qərarına gəlməsi buna görədir ki, xalqqımız tərəfindən zəruri addım kimi qiymətləndirirlir.

AŞPA-da atılan bu addım qurumun bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunduğunu, qərəzli qrupların təşkilatın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə etdiyini, orada siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikanın mahiyyətini ortaya qoydu. 

Sadalaya bildiyimiz faktlar bir daha onun əyani nümunəsidir ki, dünyada minillərdir davam edən Xeyir-Şər qarşıdurması davam edir.

Təmsil olunduğum Qərbi Azərbaycan İcması Qadınlar Şurası bu qarşıdurmanın ildən-ilə körükləndiyini görür və bunu əzabkeş, son üç yüz ildə yaşadığı regionun amansız imperiya maraqlarının girovuna çevrilmiş Azərbaycan xalqının milli iradəsinə təhdid kimi qiymətləndirir və qətiyyətlə pisləyirik!

Mahirə Hüseynova,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 

QAİ Qadınlar Şurasının üzvü, filologiya elmləri doktoru, professor.

Siyasət