AŞPA-da Azərbaycanın əlehinə səs verən türkiyəli deputat kimdir?

post-img

Avropalı parlamentarilərin Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli  ittihamlarla çıxışları Türkiyə cəmiyyətində də qınaq və təplikərlə qarşılanmaqdadır. AŞPA-nın qərəzli mövqeyi Türkiyədə yaşayan çoxsaylı azərbaycanlılar tərəfindən də pislərir. 

Xüsisilə də özlərini üzdə Azərbaycanın dostu kimi göstərən və dost ölkə imici qazanmış ölkələrin mövqeynə münasibətlərini gizlətməyən türkiyəli qardaşlarımız da AŞPA-dakı siyasi korrupsiyanı, ayrı-seçkilik, etnik və dini nifrət mövqeyini, ikili standartları nəinki pisləmiş, bunu qərəz  adlandırmışlar. Xüsusən də Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Berdan Öztürkün Azərbaycana qarşı mövqeyinin təkcə Azərbaycana deyil, Türkiyənin və bütün Türk dünyasının birliyinə xəyanət olduğunu söyləyirlər.

Əslində kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Berdan Öztürkün belə bir mövqedə dayanması onun siyasi fəaliyyətinn bir hissəsi kimi də görünür. Vaxtı ilə - 2020-ci ilin sentyabrında Azərbaycan öz torpaqlarının azad edilməsi uğrunda mübarizəyə başlayanda və Türkiyənin bu məsələyə dəstəyini alanda  da Türkiyə Böyük Millət Məclisində ciddi etirazları ilə gündəmə gələnlər də olmuşdu.

Növbəti belə qərəzli münasibətin AŞPA-dan gəlməsi də xeyli çaşqınlıq yaratdı. Belə olan halda tanımaq istədik ki, öz ölkəsinə, millətinə və qardaş dövlətinə qarşı çıxan Berdan Öztürk kimdir? Onun dosyesindəki bəzi detallara diqqət etmək kifayətdir ki, haqqında və siyasi məsləyi haqqında bilgilər almaq olsun.   

1980-ci il mayın 1-də Ağrının Tutak rayonunda dünyaya gələn Berdan Öztürk Mərmərə Universitetinin hüquq fakültəsinin məzunudur. London Universitetində beynəlxalq arbitraj və kommersiya hüququ üzrə magistr təhsilini tamamladıqdan sonra vəkil kimi fəaliyyətə başlayıb. Xalqların Demokratik Partiyasından (HDP) 2015-ci ildə Ağrıdan və 2023-cü il seçkilərində yenidən Diyarbakırdən millət vəkili seçilib. 2016-cı ildə 5 PKK-çının dəfn mərasimində iştirak etdiyinə görə türkiyəli siyasətçi barəsində istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib. 2019-cu ildən "Barış Pınarı" əməliyyatı ilə bağlı verdiyi açıqlamaya görə terror təbliğatı apardığı üçün istintaqa cəlb olunub. 

B.Öztürk Mesopotamiya Qohumlarını İtirənlərə Yardım və Həmrəylik Dərnəyi (MEYA-DER) və İnsan Haqları Dərnəyinin (İHD) fəaliyyətlərində fəal iştirak edib. Demokratik Cəmiyyət Konqresinin (DTK) 16 sentyabr 2017-ci ildə keçirilən 8-ci qurultayında həmsədr seçilib. Digər həmsədr Hakkari millət vəkili Leyla Güvənlə Diyarbəkir 9-cu Ağır Cəza Məhkəməsində istintaqa cəlb olunublar. 

Əslində bu faktları xatırlamaqda məqsəd dünyanın demokratik ölkələrindən biri olan Türkiyənin daxilində baş verənləri də anlatmaq istədik. Bu cür hadisələr Türkiyənin siyasi həyatında tarixən də yaşanmışdır. Amma bu cür məsələlərin ölkə xaricində səsləndirilməsi qəbul edilmir. Digər tərəfdən bu cür meyarlarla çıxış edib, ölkənin uğurlarına kölgə salmaq istəyənlər heç vaxt istəklərinə nail olmayacaqlar. 

Özünə “Öztürk” soyadını götürmüş PKK məramlı kürd deputatın islamofobiya tribunasına çevrilmiş AŞPA-nın cəlbedici koalisiyasına qoşulması ölkəmizdə olduğu kimi, qardaş Türkiyədə də ciddi narazılıq və qınaqlara səbəb olub.

 

Esma Özdaşlı 

Türkiyə, Beynəlxalq əlaqələr üzrə ekspert 

- AŞPA-da  millət vəkili Berdan Öztürkün səsi ilə Türkiyə və Azərbaycana qarşı iki hesabatı təsdiqlənib. Obyektivlikdən uzaq və erməni yalanlarını ehtiva edən hesabatların birincisi birbaşa Azərbaycanı hədəfə alır. Hesabatda 2-ci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə Qarabağdakı işğala son qoymaqda Azərbaycan günahlandırılır. 2-ci Qarabağ müharibəsi zamanı olduğu kimi, Azərbaycan erməni terrorçularının sipər etməyə çalışdığı dinc əhalini bölgədən çox diqqətlə təxliyə etdi. Azərbaycan antiterror əməliyyatı başlayanda hədəfinin bölgədəki silahlı quldur dəstələri olduğunu, mülki əhalinin və infrastrukturun qorunacağını bəyan edib, 23 saata qədər  davam edən əməliyyat zamanı bir nəfər də olsun mülki vətəndaşın burnu qanamayıb. 

            Əslində erməni terrorçuları əməliyyat zamanı özlərini qorumaq üçün mülki əhalidən qalxan kimi istifadə edəndə Azərbaycan dinc əhaliyə zərər verməmək üçün bu terrorçulara belə atəş açmadı. O, bu görüntüləri bütün dünya ilə paylaşıb. 2-ci Qarabağ müharibəsi və ondan sonrakı terror əməliyyatı zamanı Azərbaycanın mülki şəxslərə qarşı göstərdiyi bütün bu həssaslığa baxmayaraq, AŞPA Azərbaycana qarşı qalmaqallı qərar verdi. AŞPA-nın bu qərarını TBMM-nin deputatı Berdan Öztürk də imzalayıb. Əslində bu addım təəccüblü deyil. Vaxtı ilə Berdan Öztürkə  PKK terrorçularının dəfn mərasimlərində iştirak etdiyi və  terror təbliğatı apardığı üçün cinayət işi açılıb. 

AŞPA-nın ikinci qalmaqallı qərarı Türkiyəni işgəncələrdə ittiham edən daha bir hesabatın təsdiqlənməsidir. Berdan Öztürk Azərbaycanın, eləcə də Türkiyənin günahlandırıldığı hesabata səs verib. Hesabatda terrorçuların lideri Abdullah Öcalana istinad edilməsi Qərb qurumlarının Türkiyə əleyhinə terror təşkilatlarına dəstəyini bir daha açıq şəkildə nümayiş etdirdi. Öztürk terrorçu liderə də azadlıq tələb edib. Erməni lobbisinin açıq təzyiqi ilə ortaya çıxmış hesabatdan belə çıxır ki,  Azərbaycan da Qarabağda terrorçulara qarşı susmalıydı.   

 Bir sualı da terroru qanuni hesab edən qərbli qondarma demokratiya həvarilərinə verməliyik. Aİ və NATO-nun sənədlərində terror təşkilatı sayılan və bir çox Qərb dövlətlərinin terrorçu siyahısında olan terror təşkilatının Avropa parlamentində təriflənməsi terrora dəstək deyilmi? Hər hansı Qərb qurumu, məsələn, Əl-Qaidə və ya onun liderinin hərəkətlərini qanuni hesab edən qərar qəbul etsə, ABŞ və digər Qərb ölkələrinin reaksiyası necə olacaq? Bu xəbərlər göstərdi ki, qərb Türkiyə və Azərbaycana gəldikdə asanlıqla ikili siyasət yeridə bilirlər. 

 Qarabağdakı ermənilərə işgəncə verilməsi ilə bağlı yalan danışan Avropa Şurası Parlament Assambleyası Qarabağda taleyi məlum olmayan 4 minə yaxın azərbaycanlı üçün heç bir tədbir görməyib. İşğal prosesi Qarabağda və onun ətrafında hər mənada böyük dağıntılara səbəb olub, ermənilər demək olar ki, bütün infrastrukturu və mədəniyyət abidələrini dağıdıblar. Qarabağda və ətraf ərazilərdə biomüxtəlifliyə ciddi ziyan dəymiş, xüsusi mühafizə olunan mədəni-tarixi obyektlər və abidələr dağıdılmış, su ehtiyatları çirkləndirilmiş, endemik növlər də daxil olmaqla meşələr qəsdən yandırılmış, qiymətli ağaclar müxtəlif məqsədlər üçün kəsilmişdir. Ekoloji terror səbəbiylə bir çox bitki, o cümlədən nadir növlər məhv edilmişdir. Amma AŞPA bu hərəkətlərlə bağlı Ermənistana qarşı heç bir addım atmayıb. Əvəzində AŞPA-nı fransız və erməni lobbilərinin oyuncağına çeviriblər. 

 

Asif Kurban Türkiyə, İzmir.  

Dünya Azərbaycanlıları Konqresinin sədri 

- Bu addımlar son illər regionda iqtisadi cəhətdən güclənən, öz gücü ilə haqqını alan, yəni işğal altındakı torpaqlarını xilas edən və suverenliyini qazanan  Azərbaycanın üstünlüyünə kölgə salmaq cəhdidir. 30 ildir haqları tapdalanan vətəndaşlarımızın səsinə etinasız qalan avropalı deputatların indi ortaya çıxması və işğalçının yanında olması, onların təkcə qeyri-səmimi olduğına işarə deyil, həm də Azərbaycana qarşı ədalətsiz və düşmənçilk mövqeyinin təzahürüdür. Avropalı deputatların xalqları milliyyətinə, dininə görə ayıraraq, islamofobiya mühiti yaratmaq, bunun fonunda azərbaycanofobiya meyillərini dəstəkləmək heç cür qəbul edilə bilməz.  Onların bu cür məkrli siyasətlərinə dəstək verən və Azərbaycana qarşı səs verən Türkiyə Böyük Millət Məclisinin üzvü Berdan Öztürkün xəyanəti bizi daha da sarsıtdı. Biz həmişə qürür və güvənclə deyir və heç bir sübuta ehtiyac hiss etmədən bilirik ki, Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. Demək, buradan belə bir nəticəyə gəlmək olar ki,  Berdan Öztürk bunları istəməyən, qəbul etməyən siyasətçidir, türkün yox, avropalı düşmənlərin silahdaşı və məslək yoldaşıdır. Təbii ki, onun bu düşüncə ilə Türkiyə Böyük Millət Məclisində olması və deputat olaraq mövqe bildirməsi Türkiyənin siyasi dairələrində çaşqınlıq yaradır, insanları məyus edir. 

Türkiyəli millət vəkili Berdan Öztürkün mövqeyi heç vaxt Türkiyənin mövqeyi ola bilməz, AŞPA-da təmsil olunan 9 deputatdan 8-nin qardaş Azərbaycanın lehinə səs verməsi də bunu təsdiqləyir.  Kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Berdan Öztürkün  bu addımı təkcə Azərbaycanın deyil, həm də Türkiyənin də terrorla apardığı gərgin və uzun illərdir davam edən mübarizəsinə qarşı durmaqdır. Öz ölkəsi, milləti və qardaş dövlətin siyasi mövqeyinə  qarşı çıxan Berdan Öztürk, bir az da dəqiq desəm, bu qətnamənin lehinə səs verməklə birmənalı olaraq separatizmə tərəfdar olmuşdur. Bu gün AŞPA-dakı "xristian klubu"nun  Azərbaycana qarşı mövqeyini ancaq bu cür dəyərləndirmək olar. Sual oluna bilər niyə? Cavab olduqca sadə və bəsitdir: Azərbaycanın öz ərazisinin azad etməsi, nəhayət ki, suverenliyini öz gücü hesabına qazanması Qərbin məkrli planlarının məhvi demək idi. Eyni ilə ata-baba torpaqların separatizmdən təmizləməsi heç vaxt məkrli Qərbin istəyi olmayıb. Bu gün AŞPA və onun kürsülərindən meydan oxuyanlar başqa məsələlərdə olmasa da, hər an Türk dünyasına, o cümlədən onun önəmli lokomativi olan Azərbaycana və Türkiyəyə qarşı birləşməyə hazırdırlar. Belə hesab edirəm ki, Azərbaycan əleyhinə qətnamə, həm də Türkiyənin əlehinə aparılan siyasətin bir hissəsidir.  Berdan Öztürkün ziddiyyətli addımını qəbul etmir və onun beynəlxalq platformalarda bu cür mövqeyini pisləyirik.

 XQ





Siyasət