Hamımızı səfərbər edəcək seçki

post-img

Növbədənkənar prezident seçkiləri müasir Azərbaycan tarixində əlamətdar hadisə hesab edilir. Çünki builki seçkilər ilk dəfə bütöv və suveren Azərbaycanı əhatə edəcək. Təsadüfi deyil ki, fevralın 7-də keçiriləcək seçkiləri həm də “Zəfər seçkiləri” adlandırırlar. Həmin gün biz Şuşaya, Laçına, Kəlbəcərə, Xankəndiyə, Füzuliyə, Cəbrayıla, Zəngilana və digər azadlığa qovuşmuş ərazilərimizin səsinə səs verəcəyik. Bu qədim yurd yerlərimizi özümüzünküləşdirəcəyik.

İşğaldan azad edilmiş ərazilərimizdə artıq 26 seçki məntəqəsi yaradılıb. 122 saylı Seçki Dairəsinin 14 saylı məntəqəsi isə Xankəndi şəhərinin mərkəzindəki in­zibati binada yerləşir. O bina ki, qondar­ma qurumun “parlament binası” sayılırdı. Xankəndi şəhəri 2023-cü ilin sentyabrın­da bir günlük antiterror tədbirləri zamanı yenilməz Ordumuz tərəfindən separatçı­lardan təmizləndikdən sonra, hazırda bu tikilidə Azərbaycanın Bayrağı dalğalanır. 

Xankəndi sakini kimi sevincim yerə-göyə sığmır. Nəhayət, 30 illik həsrətdən sonra doğma torpaqlarımızda seçinc-se­vincə, şənlik-şənliyə qarışıb. Əsil şənlik, toy-bayram isə Prezident seçkiləridir. Axı, bu seçkilərdə ölkəmizin gələcək taleyi həll olunur. Biz elə namizədə səs verməliyik ki, son illər Azərbaycanın dün­ya birliyindən eşidilən sədasını daha da gur etsin. Bir vaxtlar separatçı rejimin Xankəndidə keçirdiyi dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tərəfindən tanınmayan qeyri-qanuni seçkiləri indi ədalətli, demokratik, azad, şəffaf Azər­baycan Prezidentliyinə seçkilər əvəz­ləyəcək. Bir sıra beynəlxalq təşkilatların müşahidəçiləri bəri başdan bəyan edirlər ki, onlar işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda keçiriləcək seçkiləri müşahidə edəcəklər. Bu, o deməkdir ki, artıq dünya birliyi Azərbaycanın ərazi bü­tövlüyünü tanıyır və qəbul edir. 

Bəli, hazırda ölkəmizin hər yerində ol­duğu kimi, işğaldan azad edilmiş ərazilə­rimizdə növbədənkənar Prezident seç­kilərinə ciddi hazırlıq işləri görülür. Seçki məntəqələri yeni tikilmiş binalarda yerlə­şir. İndi həmin ərazilərdə məskunlaşanlar böyük seçinc və qürurla növbədənkənar prezident seçkilərinin keçiriləcəyi günü səbrsizliklə gözləyirlər, hamılıqla səfər­bər olublar. Bu, həm Ermənistan, həm də onun havadarlarına, xüsusilə, Fransa kimi qatı ermənipərəst, antidemokratik, ağa qara deyən bir dövlətə göz dağıdır.

Azərbaycanın bütün ərazisində ke­çiriləcək növbədənkənar Prezident seçkiləri müstəqillik tariximizdə yeni iz qoyacaq. Bu izin üzərində qürurla, mə­tinlə addımlayacağıq. Fevralın 7-də seçki coşğusu, əhalinin əhval-ruhiyyəsi, se­vinci bütün dünyaya bəyan olacaq. Otuz ildən sonra doğma ata-baba yurdumuza qayıdırıq. Ən böyük hədiyyəmiz də doğ­ma torpaqlarımızda keçirilən seçkilərdə iştirak etməyimizdir. 

44 günlük Vətən müharibəsindən start götürən və Qarabağda keçirilən antiterror tədbirlərindən sonra davam etdirilən birlik marafonu seçki marafonunda müşahidə ediləcək. Ölkəmizin bütün ərazisində hər kəsin sifətində təbəssüm, gözlərin­də sevgi qürurla, alnıaçıq, üzüağ seçki məntəqələrinə yollanacaq və ən layiqli namizədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşanların hər biri onlar üçün yaradılmış şəraiti, hazırda göz oxşayan yenidənqurma, tikinti-bərpa işlərinin sürətlə davam etdirildiyini görür və gələcəyə böyük inamla, ümidlə baxır­lar. Bütün bunlardan sonra mən də daxil olmaqla, keçmiş məcburi köçkün soydaş­larımız səsvermə məntəqələrinə gedə­cək. Bu gün elə keçmiş məcburi köçkün soydaşlarımız var ki, müəyyən səbəblər üzündən qardaş Türkiyədə yaşayırdılar. Hazırda onlar doğma ata-baba yurdla­rına qayıdıblar və səsvermədə iştiraka hazırlaşırlar.

Qürurverici haldır ki, hətta beynəlxalq təşkilatlar da öz tədbirlərini işğaldan azad edilmiş ərazilərdə - Şuşada keçirirlər. An­caq Suqovşanda beynəlxalq miqyaslı idman tədbirinin, Xankəndidə möhtəşəm hərbi paradın, ardınca bu il fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi demokratiyadan, azadlıqdan, haqq-ədalətdən dəm vuran bəzi dövlət­ləri və beynəlxalq təşkilatları ciddi nara­hat edir. Elə AŞPA-nın qış sessiyasında Azərbaycana qarşı haqsızlıq da bunun bariz nümunəsidir. Əlbəttə, bütün bu ədalətsizliklər, haqsızlıqlar, qarayaxma­lar Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Çünki yolumuz haqq yoludur.

Sonda bir daha vurğulayım ki, Azər­baycanın bütün ərazisində keçiriləcək növbədənkənar Prezident seçkiləri tarixi­mizə birlik, bərabərlik və bütövlük seçki­si kimi düşəcək. Bununla da hər bir kəs ölkəmizin yeni tarixi mərhələyə qədəm qoymasına töhfə verəcək. Bu, otuz il ər­zində ölkəmizə qarşı ikili standartlardan əl çəkməyən, işğalçını öz adı ilə çağıra bilməyən, ədalətsizlik edən bəzi dövlət­lər və beynəlxalq təşkilatlar üçün də əsil dərs olacaq.

Havva MƏMMƏDOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru

Siyasət