AŞPA-nın mövqeyi Azərbaycana qarşı qərəzli münasibətin aydın göstəricisidir

post-img

Avropa Şurası mühüm beynəlxalq birlik kimi, öz öhdəliklərinə görə ədalət, bərabərlik və üzvlərinin suverenliyinə hörmət prinsiplərinə riayət etməyi rəhbər tutmalıdır. Lakin son günlər bəzi avropalı deputatların Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə qarşı əsassız ittihamları beynəlxalq hüququn prinsiplərinə əməl olunması və dövlət suverenliyinə hörmətlə bağlı ciddi suallar yaradır. Bu, Azərbaycana qarşı açıq qərəzli münasibətdən xəbər verir. 

Bu fikirləri “XQ”-yə beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov deyib.

Analitik bildirib ki, Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini daim rəhbər tutur. Bununla yanaşı, uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Onun sözlərinə görə, ölkəmizə qarşı bu cür qərəzli yanaşma Avropanın diplomatik nüfuzuna xələl gətirə, bir çox beynəlxalq məsələlərin həllini çətinləşdirə bilər. Və bu qərəzli yanaşmadan aydın görünür ki, Avropa Şurası tərəfindən ölkəmizə qarşı açıq Azərbaycanofobiya, İslamofobiya nümayiş olunur. 

Masil Dəmirov qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini şübhə altına almaq əvəzinə, açıq dialoq və konstruktiv əməkdaşlıq təşviq edilməlidir. Bu, hər hansı anlaşılmazlığı aradan qaldırmaq və ölkələr arasında etimadı qorumaq demək olardı: “Beynəlxalq hüquq hər bir dövlətin hüquq və vəzifələrinə hörmət etməyi tələb edir. Aydın sübutlarla dəstəklənməyən ittihamlar, bu prinsipin pozulmasına gətirib çıxara və regionda əlavə gərginlik yarada bilər”.

 

Rizvan FIKRƏTOĞLU

XQ

 

Siyasət