Erməni keşiş məğlub ölkəni savaşa çağırır

post-img

Beynəlxalq dini mərkəzlər isə bu ağılsız avantüranı yenə sükutla qarşılayır

Ermənistanla Azərbaycan arasında kövrək sülhün hənirtisinin duyulduğu, ikitərəfli danışıqlarda müsbət dinamikanın üstünlük təşkil etdiyi indiki mərhələdə regionda əmin-amanlığın bərpasını arzulamayan bəzi qüvvələrin fəallaşdığını görməmək mümkün deyil. Burada erməni Qriqorian kilsəsinin xüsusi “canfəşanlığını” ayrıca qeyd etmək lazımdır. 

Son iki əsrdə Ermənistan və Azərbay­can arasında yaşanmış qarşıdurmalarda separatçı, ekstremist, bir çox hallarda terrorçu təmayüllərə yön verən erməni kilsəsi yenə də özünün məkrli niyyətin­dən əl çəkmir. Libasları kimi əməlləri də qara olan hay keşişləri Cənubi Qafqazda sülhün bərqərar olmasına, sabitliyin for­malaşmasına qarşı çıxır, sülh prosesinə mane olmaqdan ötrü cəmiyyətdə revan­şizmi körükləyir, xalqı qisasçılığa çağırır­lar. Dinin xoşməramlı, sülhyaradıcı missi­yasını arxa plana atan erməni kilsəsinin revanşist mövqeyi, müharibə çağırışları nəinki etiqad azadlığı ilə, ümumən, bəşəri dəyərlərlə də bir araya sığmır. 

Baqratın revanşist çağırışı

“Dirçəliş üçün bizə yalnız qələbə la­zımdır. Biz bu cür yaşaya və dünyadan yarımçıq, vətəndən məhrum, şərəfsiz və bədbəxt vəziyyətdə köçə bilmərik”. Bu sitat Ermənistanın Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstyanın ibadət mo­izəsindən götürülüb. Dindaşlarına xəstə təxəyyülündən irəli gələn “tarixi ideyaları” təlqin etməyə girişən Qalstyanın moizə­sindən növbəti sitat: “Biz bu dünyadan özümüzə ölümsüzlük qazanmaqla, vətə­nimizlə, şərəflə və sevinclə köçməliyik. Qoy, bu, təfəkkürümüzün, qəlblərimizin devizinə, həyatımızın son saniyəsinə kimi amalımıza çevrilsin”. 

Arxiyepiskop Baqrat Qalstanyan bir ay bundan əvvəl də özünün revanşist çıxışı ilə gündəmə gəlmişdi. “Bəli, mən özümü revanşist sayıram və ömrümün sonuna qədər belə yaşayacağam”, – deyən din­siz keşiş qisasçılığı ona görə əldə silaha çevirməyi irəli sürürmüş ki, “minlərlə in­san həyatımız üçün canını verib”.

Qətliamların, terror aktlarının, işğalçı­lığın ilhamvericisi və təşkilatçısı rolunda çıxış etməkdə “zəngin təcrübə”si olan erməni kilsə ideoloqlarının məhz indiki məqamda öz xalqını yenidən qan çana­ğına sürükləmələri göz önündədir. Elə Qalstyanın açıqlaması da bunun bariz nümunəsidir. Ağlı yerində olan heç bir din xadimi Allahın evində bu cür sərsəm fikirləri, qan-qada çağırışlarını dilinə gə­tirməz. Sanki, reallıqla barışmayan, bu dünyadan əllərini üzən erməni qriqorian kilsəsinin rəhbərləri anti-Azərbaycan təb­liğatlarının son üsulu kimi utopik tələb­lərə, avantürist çağırışlara keçid alıblar. 

Bir müddət əvvəl qriqorian hayların Li­vanda yerləşən “Böyük Kilikiya Evi”nin ka­tolikosu I Aramın da Azərbaycan əleyhinə qisasçılığa, müharibəyə çağırış xarakterli açıqlamaları məhz bu kontekstdə qiymət­ləndirilməlidir. I Aram “Dağlıq Qarabağı” Ermənistana birləşdirməyə, bununla da “vahid erməni dövləti” yaratmağa çağı­rışlar edirdi: “Qarabağ işğal edilmiş ərazi yox, bizim qəhrəmanlarımızın qanları ilə qaytarılmış doğma torpaqdır. Birləşmiş Ermənistan görüntüsünün reallaşdırılması Qarabağın Ermənistana birləşdirilməsin­dən başlayır”.

Bu, hələ də yuxularında “Dənizdən–dənizə Böyük Ermənistan” görən, tarixin gerçəklərindən uzaq haylarda artıq vərdiş halını alıb. Bəli, revanşist və avantürist müharibə çağırışları, bir qayda olaraq, “din xadimlərinin” dilindən səsləndirilir. Əslində, bu çağırışlar beynəlxalq hüququ saya salmamağın aşkar “nümunəsi” ol­maqla yanaşı, Ermənistanı indiki məğ­lubiyyətə uğradanların 33 il əvvəl Qa­rabağın işğalına göz yummasını və bu ərazidə yaşayanların “öz müqəddəratını təyinetmə” hüququna mailk olmadığını hələ də dərk etməməsini aydın şəkildə açıb göstərir. 

Aqoniya və ya sağalmaz xəstəliyin simptomları

Daşnakların ASALA terror təşkilatı ilə yaxından əməkdaşlıq edən, onlarla eyni zehniyyətli keşişlərin, din pərdəsi altında hər cür haqsızlığa gedən hay katolikosla­rının həm də erməni diasporu və lobbiçilə­rin gizli “qara kassası” missiyasını yerinə yetirmələri barədə informasiyalar yetərin­cədir. Arxaya boylanıb tarixə nəzər salsaq, görərik ki, “milli ideologiyanın mərkəzi” kimi tanınan erməni kilsəsi ötən əsrin or­talarında xalqımıza qarşı dözümsüzlük və nifrət təbliğatını fəallaşdırıb. 

1955-ci ildən 1994-cü ilə qədər bütün ermənilərin patriarxı olmuş I Vazgen hələ 1950–1960-cı illərdə dünyanın müxtəlif ölkələrindəki erməni koloniyalarına baş çəkmişdi. Məhz I Vazgenin səyi ilə er­məni qriqorian kilsəsinin yeparxiyalarının beynəlxalq şəbəkəsi yaradılıb. Sonradan həmin şəbəkə Ermənistanın Azərbaycana qarşı torpaq iddialarının, işğalçılıq siyasə­tinin və zorakılığının dəstəklənməsində, beynəlxlaq ictimaiyyətə feyk-xəbərlərin təqdim olunmasında, Qarabağ separat­çılarına maddi dəstəyin göstərilməsində, Azərbaycana hərbi təcavüzün silah-sursat təminatında xüsusi rol oynayıb. 1995–1999-cu illərdə erməni qriqorian kilsəsinin dini rəhbəri I Qareginin də “xidməti” böyük olub. O, ABŞ-dakı erməni lobbisinin maddi dəstəyinin Ermənistana yönəldilməsində fəallıq göstərib. Hətta I Qaregin bir neçə dövlətlə danışıqlar aparıb, Ermənistanın silahlandırılmasına yardımçı olub. Onun Azərbaycana təcavüzün davam etmə­sində, sülh danışıqlarının uzadılmasında mövqeyi birmənalı olub. 

Ermənistanın bəzi mənbələri indi də vaxtilə Ermənistan parlamentində olan qətliamın (Karen Dəmirçiyanın ölümü ilə nəticələnən) sifarişçisi qismində məhz I Qareginin adını çəkir. Düzdür, I Qaregin bu qətliamdan 3 ay qabaq ölmüşdü. An­caq Qarabağdakı erməni separatçılarının Ermənistanda hakimiyyəti zəbt etməsi üçün onun yüksək səviyyədə işlər gördü­yü bildirilir. O ki qaldı, hazırkı patriarxa, II Qaregin də öz sələflərindən geri qalmır. O da daim revanşist çıxışlar edir, ölkəsində hərbi-siyasi “dəyişikliklərin” zəruriliyini xü­susilə qabardır.

İndi aqoniya vəziyyətində çapalayan, qızdırmalı xəstəni xatırladan erməni “din xadimləri”nin Birinci Qarabağ müharibə­si dövründəki “fəaliyyətini” də unutmaq olmaz. SSRİ-nin dağılmasından yararla­nan, Qərbdəki yeni ağalarına arxalanan və Rusiyadakı ermənipərəst qüvvələrə söykənən Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəyə başlamasına məhz qriqorian kilsəsi “xeyir-dua” vermiş­di. Üstündən 30 il keçəndən sonra Cənubi Qafqazda Azərbaycanın dəyişdiyi reallığı görmək istəməyən erməni kilsəsi yenə də İrəvana revanşizm, işğalçılıq siyasi ideo­logiyasını, sülhdənqaçma meyillərini diktə etməyə çalışır. Kilsənin bu anti-dini fəaliy­yəti, bir növ, sağalmaz mərəzə mübtəla ol­muş xəstənin başqalarını da xəstə görmək durumunu xatırladır. 

Tanrıya ibadət, mədəniyyətlər və dinlərarası dialoq kimi gerçək missiyasını unudan, bölgədə separatizmi alovlandır­mağa çalışan kilsə və onun xaricdəki zü­ytutanları 30 illik müharibə vəziyyətindən bezmiş erməni cəmiyyətinə sülh çağırışı səsləndirmək yerinə, müharibə ritorika­sını işə salıblar. Bundan da artıq təəssüf və təəccüb doğuran isə haylara heç bir nikbin sonluq vəd etməyən belə təxribat­çı-revanşist çıxışları, anti-bəşəri çağırış­ları Ümumdünya Kilsələr Şurasının, di­gər beynəlxalq dini təsisatların lal-kar bir susqunluqla qarşılamasıdır.

İmran BƏDİRXANLI
XQ

Siyasət