37 ölkədə 49 seçki məntəqəsi təşkil edilib

post-img

Xarici İşlər Nazirliyi Mərkəzi Seçki Komissiyası ilə birgə fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə ölkəmizin diplomatik missiyalarının əməkdaşları üçün videokonfrans formatında seminar təşkil edib.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbiri açaraq növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün ümumilikdə, 37 ölkədə 49 seçki məntəqə­sinin yaradıldığını qeyd edib. O, xarici ölkələrdə seçkilərin təşkili ilə əlaqədar hə­yata keçirilmiş tədbirlər, o cümlədən bey­nəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı görülmüş işlər barədə məlumat verib.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov ölkə hüdudla­rından kənarda seçkilərin təşkilinə dair Xarici İşlər Nazirliyi ilə birgə görülməkdə olan işlər, seçkilərin xarici ölkələrdə keçi­rilməsi ilə əlaqədar ölkə qanunvericiliyinin normaları barədə geniş məlumat verib. O, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları üçün səsvermənin təşkili məqsədilə XİN-lə MSK arasında gündəlik əsasda intensiv əməkdaşlığın davam et­diyini, yaranan məsələlərin əlaqələndiril­miş qaydada həll olunduğunu vurğulayıb.

Seminar zamanı əvvəlki seçkilər­dən fərqli olaraq, bu seçkilərin keçi­riləcəyi ölkələrin və xaricdə yaradılmış məntəqələrin sayında əhəmiyyətli artımın qeydə alındığını və bunun indiyədək ke­çirilmiş seçkilər üzrə ən yüksək göstərici olduğu bildirilib.

Xarici İşlər Nazirliyi Konsulluq İdarəsi­nin rəisi Emil Səfərov çıxışında seçkilərin keçirilməsi ilə bağlı görüləcək işlər, həm­çinin seçkilərin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyinin Fəaliyyət Planı və nazirli­yin nəzdində yaradılmış qərargah barədə məlumat verib.

Görüşün sonunda seçkilərin keçiril­məsi ilə əlaqədar Azərbaycanın diploma­tik missiyalarının çoxsaylı sualları cavab­landırılıb.

Seminarda Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının aidiyyəti sahələr üzrə əməkdaşları, ölkəmizin xa­rici ölkələrdəki diplomatik missiyalarının səlahiyyətli nümayəndələri (videokonf­rans formatında), o cümlədən diplomatik missiyalarda yaradılmış seçki məntəqələ­rinin aid olduğu dairə seçki komissiyaları­nın sədrləri iştirak ediblər.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər