“17 saylı III Yasamal Seçki Dairəsində növbədənkənar prezident seçkilərinə hazırlıq işləri beynəlxalq müşahidəçilər tərəfindən də razılıqla qarşılanıb. Dairə üzrə seçkiyə hazırlıqla maraqlanan ATƏT-in DTİHB-nin beynəlxalq müşahidəçilərindən Olzhas Akanov və Arcldlacono Noeml görülən işlərdən məmnunluqlarını bildiriblər”.
Bunu DSK sədri Qədir Kərimov bildirdi. Dedi ki, prezidentliyə namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər. Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi prosesi bütün respublikanı əhatə edir. Hazırda regionlarda gündə iki dəfə olmaqla treninqlər keçirilir. Treninqlər Prezidentin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunur. Treninqdə seçki günü məntəqə sədrlərinin və üzvlərinin vəzifə borcları barədə bir daha məlumat verilir, sual doğura bilən məqamlar aydınlaşdırılır. Dairənin əhatəsində olan aşağı seçki komissiyasının üzvləri həm MSK, həm də DSK ekspertləri tərəfindən aparılan təlimlərdə iştirak edirlər.
Ümumilikdə, builki seçkilərdə 42 min 727 seçici 55 seçki məntəqəsində səs verəcək. Bu məntəqələrdən 40-ı daimi, biri xəstəxanada müvəqətti təşkil olunmuş, on dördü isə xarici ölkələrdə yaradılıb. Seçkilərdə şəffaflığın təmin olunması üçün 14 seçki məntəqəsinə veb-kamera quraşdırılıb. Bununla yanaşı, müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi də təkmilləşdirilib. Müşahidəçilərin sayının çox olması seçkinin demokratik şəraitdə keçməsinə köməkdir. İndiyədək 200-dən çox müşahidəçi qeydiyatdan keçib.
Q.Kərimov məntəqə seçki komissiyasının üzvlərinin treninqlərdə iştirakının davam etdiyini bildirdi və təlimlərin seçki prosesinin insidentsiz, mübahisəsiz keçməsində rolunun böyük olduğunu vurğuladı. Belə təlimlərdə MSK tərəfindən hazırlanmış əyani vəsaitlərdən, yaddaş kitabçalarından da istifadə edilir. Bu da komissiya üzvlərinin bilik və bacarıqlarının daha da artırılmasına dəstək olur.
Əliqismət BƏDƏLOV
XQ

