66 saylı Saatlı Seçki Dairəsinin 5 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə edilib. Məntəqə seçki komissiyasının sədri Çingiz Fətullayev uzun müddətdir ki, seçki komissiyasına rəhbərlik edir. Onun bu sahədə böyük təcrübəsi var. Komissiyanın sədri söhbət zamanı dedi ki, bu seçkilərdə 957 seçici səs verəcək. Artıq onların siyahısı dəqiqləşdirilərək müvafiq yerdən asılıb. Bu il 14 nəfər ilk dəfə səs verəcək. Onlarla mütəmadi olaraq maarifləndirmə xarakterli söhbətlər aparılır. Ərazidə bir nəfər əlil seçici olduğunu deyən Ç.Fətullayev onun da seçkidə şəxsən iştirak edəcəyini bildirib. Bu, əlil seçicinin öz arzusudur. Onun əlil arabasında səsvermədə iştirakı üçün seçki məntəqəsinə pandus quraşdırılıb.
Ç.Fətullayev bildirdi ki, seçki məntəqəsinin yaxınlığında quraşdırılmış dəmir lövhədə prezidentliyə namizədlərin təşviqatı üçün bərabər səviyyədə yer ayrılıb. Bundan əlavə səsvermənin gedişini izləyən müşahidəçilər üçün də əlverişli şərait yaradılıb. Seçki məntəqəsində aşkarlığın və şəffaflığın təmin olunması üçün veb-kamera quraşdırılıb. Məntəqə seçki komissiyası MSK tərəfindən bütün lazımi avadanlıqlarla təmin olunub. Həmin gün elektrik enerjisinin verilməsi sahəsində yarana biləcək hər hansı qəzanın seçki prosesinə heç bir təsiri olmayacaq. Çünki məntəqəyə verilmiş generator bir neçə dəfə yoxlanılaraq saz vəziyyətdə saxlanılıb. Hazrda seçici siyahılarına uyğun olaraq seçicilərə bildirişlər paylanılır. Eyni zamanda, MSK tərəfindən hazırlanmış seçkiyə çağrış plakatları qanunvericiliyə uyğun olaraq lazımi yerlərdən asılıb.
Məntəqə seçki komissiyasının sədri komissiya üzvlərinin MSK-nın təşkil etdiyi treninqlərdə iştirak edərək bilik və bacarıqlarını daha da təkmilləşdirdikləri barədə də məlumat verdi. Dedi ki, bu da seçki zamanı hər hansı mübahisənin yaranmasının qarşısının alınmasında öz müsbət təsirini göstərəcək. Məntəqə seçkiyə tam hazırdır.
Əliqismət BƏDƏLOV
XQ

