“Növbədənkənar prezident seçkilərinin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. İlk növbədə, bu sahədə zəngin qanunvericilik bazası mövcuddur. Xüsusilə, Seçki Məcəlləsini qeyd etmək istərdim. Bu məcəllə bir sıra beynəlxalq təşkilatlar tərəfindən demokratik sənəd kimi dəyərləndirilib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə keçirilən bütün seçkilər şəffaflığına və demokratikliyinə görə beynəlxalq müşahidəçilər tərəfindən müsbət qiymətləndirilib”.
Bu fikirləri bizimlə söhbət zamanı 25 saylı Nizami II Dairə Seçki Komissiyasının sədri Heydər Vəliyev səsləndirdi.
DSK sədri dedi ki, ölkəmiz seçkilərdə şəffaflığın təmin edilməsində həmişə nümunəvi olub. İnkişaf etmiş ölkələr arasında seçki məntəqələrinə veb-kameraların quraşdırılması və ya barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi ilk dəfə məhz ölkəmizdə tətbiq edilib. Artıq 10 ildir ki, seçki məntəqələrinə veb-kameralar quraşdırılır. Seçki Məcəlləsinin 40.1-ci maddəsində də qeyd olunur ki, seçki prosesi aşkar olmalıdır. Səsvermə günü ictimaiyyət tərəfindən prosesin gedişinin izlənməsi yolu ilə aşkarlığın təmin edilməsi və seçkilərə ictimai inamın daha da artırılması məqsədilə seçki prosesində yeni texniki vasitə - veb-kamera tətbiq edilməsi demokratik seçki prosesinin təzahürüdür. Məntəqə seçki komissiyaları üzvlərinin öz vəzifələrini lazımınca icra etmələri, onlar tərəfindən seçki sənədləri ilə işin aparılması, seçicilərə öz iradələrini heç bir qanunsuz təsir olmadan azad ifadə etmək üçün zəruri şəraitin yaradılması, seçicilər tərəfindən seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, səsvermənin nəticələrinin müəyyən edilməsi və digər proseslər bu qurğu vasitəsilə müşahidə olunur. Bu da seçki məntəqələrində seçkilərin qanunun tələbinə uyğun keçirilməsinin təsdiqidir. Ona görə də növbədənkənar prezident seçkilərinə start verildiyi gündən seçki məntəqələrində veb-kameraların quraşdırılması diqqət mərkəzində saxlanılıb.
H.Vəliyev buliki seçkilərdə dairə üzrə 48 min 84 seçicinin səs verəcəyini dedi:
– Seçki dairəsinin əhatəsində 34 seçki məntəqəsi yaradılıb. Onlardan 20- sinə veb-kameralar quraşdırılıb. Seçki məntəqələri bütün ləvazimatlarla təmin edilib. Bu seçkilərdə də barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi tətbiq olunacaq. Artıq bənövşəyi lampalar da paylanılıb. Bu üsul da seçki sistemində demokratikliyinə görə fərqlənir. Yadımdadır, ilk dəfə barmaqların gözlə görünməyən mürəkkəblə işarələndiyini və bənövşəyi lampa ilə yoxlanıldığını görən beynəlxalq müşahidəçilər bunu maraqla qarşıladılar. Hətta bəzi beynəlxalq müşahidəçilər bu üsulun öz ölkələrində də tətbiq edilməsi barədə təklif verəcəklərini bildirmişdilər. Barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi bir nəfərin təkrar səs verməsinin qarşısını alır. Məntəqələrdə seçkinin hazırlığı ilə tanış olan ATƏT-dən və Tacikistandan gəlmiş beynəlxalq müşahidəçilər razılıqlarını bildiriblər.
Söhbət əsnasında məlum oldu ki, seçkiləri izləmək üçün müxtəlif partiyaların təmsilçiləri, eləcə də 690 müstəqil müşahidəçi qeydiyyatdan keçib. Seçki günü dairə və məntəqə seçki komissiyalarında seçki prosesini izləmək üçün müşahidəçilər üçün müvafiq yer ayrılıb. Hazırda aşağı seçki komissiyasının üzvləri MSK tərəfindən təşkil olunmuş treninqlərdə iştirak edirlər. Təlimlərin bilik və bacarığımızın daha da təkmilləşdirilməsində rolu böyükdür. Treninqlərdə MSK tərəfindən hazırlanmış əyani vəsaitlərdən, yaddaş kitabçalarından, təlimatlardan və digər qanunvericilik sənədlərindən istifadə olunur. İştirakçılar onları maraqlandıran suallara ətraflı cavab ala bilirlər. Bu da seçki prosesi zamanı qarşıya çıxan problemlərin həllində böyük dəstək olur.
Əliqismət BƏDƏLOV
XQ

