Borrelin yalanları sərhəd tanımır

post-img

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borrel yenə öz ampluasındadır. Anti-Azərbaycan açıqlamalar verməyi vərdiş halına gətirmiş Borrel yanvarın 22-də növbəti böhtanlarını səsləndirib. Qeyd edək ki, həmin gün Aİ-nin Xarici Əlaqələr Şurasının iclasında digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında münasibətlər də müzakirə olunub.

İclasın yekunlarına dair keçirilən mətbuat konfransı zamanı C.Borrel deyib: “Avropa İttifaqı Azərbaycanın Er­mənistana qarşı ərazi iddialarından (?) narahatdır. Biz razılaşdıq ki, Azərbay­can Ermənistanla sülh və nizamlanma üzrə məzmunlu danışıqlara qayıtma­lıdır. Azərbaycanın son vaxtlar ərazi iddiaları (?) ciddi narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün istə­nilən pozulması yolverilməz olacaq və Azərbaycanla münasibətlərimizdə ciddi nəticələrə gətirib çıxaracaq”.

Qeyd etdiyimiz kimi, J.Borrel hər zaman anti-Azərbaycan məzmunlu, ermənipərəst açıqlamaları ilə seçilib. Onun səsləndirdiyi fikirlər heç bir ölçü­yə sığmayıb. Bu dəfə də istisna deyil. Halbuki, o, öz fikirlərini diplomatik etiket qaydalarına uyğun olaraq da ifadə edə bilərdi. Ancaq Borrelin erməni sevgisi­nin, necə deyərlər, dərəcəsinin yüksək­liyi onun bütün çərçivələri aşmasına gətirib çıxarıb. Diplomatiya isə yüksək vəzifəli şəxsdən fikirlərini ölçülüb-biçil­miş formada ifadə etməyi tələb edir.

Borrelin birinci yalanı Azərbaycanın Ermənistana qarşı, guya, ərazi iddia­sının olması ilə bağlıdır. Azərbaycanın rəsmi şəxslərinin başqa ölkələrin torpa­ğında gözümüzün olmadığını dəfələrlə vurğulamalarına baxmayaraq, Borrel və onun kimilər eyni fikri dönə-dönə tək­rarlayırlar. Onların hansı səbəbdən bu qənaətə gəldiklərini müəyyənləşdirmək olmur. Bununla qeyri-ciddi göründüklə­rinin fərqinə də varmırlar. Azərbaycanın niyyəti isə özünün əzəli torpaqlarını işğaldan azad etmək idi. Bu məqsəd­lə uzun müddət aparılan danışıqlar səmərə vermədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğal al­tındakı torpaqlarımız azadlığına qovuş­du. Ötən ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri isə ərazi bütövlüyümüzün tam təmin olunması, dövlət suverenliyimizin bərpası ilə nəti­cələndi. Qərbdəki bəzi dairələr 2020-ci il 10 noyabr tarixində üçtərəfli bəyana­tın imzalanmasından sonra Azərbayca­nı Zəngəzur dəhlizinin açılması üçün Ermənistanın Meğri rayonunu tutaca­ğını bildirirdilər. Halbuki, ölkəmiz ərazi iddiası yoxdur, bəyanatda əksini tapan müddəanın – kommunikasiyaların açıl­masının həyata keçirilməsinə çalışır. Dəfələrlə bildirilmişdi ki, kommunikasi­yalar keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyasında qalacaq. Dəhliz sözü İrəvanda xüsusilə qıcıq doğururdu. Nə­hayət, Ermənistanın öz öhdəliklərindən imtinası Azərbaycanın İran ərazisindən keçməklə Naxçıvanla nəqliyyat əlaqə­sinin yaradılmasına dair Tehranla razı­lığa gəlməsinə gətirib çıxardı. İndi isə Ermənistanın baş naziri Nikol Paşinyan regionda kommunikasiyaların açılma­sından dəm vurur, “Sülhün kəsişməsi” kimi təşəbbüslər irəli sürür və bildirir ki, Azərbaycan–İran sazişinin oxşarını o da Bakı ilə imzalaya bilər. Cənab Borre­lin bütün bunlardan xəbərdar olmaması onun öz işinin öhdəsindən lazımınca gələ bilməməsinin göstəricisidir.

Ali nümayəndənin ikinci yalanı Azər­baycanın, guya, danışıqlardan imtina etməsi ilə bağlıdır. Borrel bu məsələdə də haqsızdır. Azərbaycanla Ermənistan arasında danışıqlar gedir. Tərəflər ara­sında sülh sazişinin mətni razılaşdırılır. Bakı və İrəvan sazişə dair təkliflərini bir-birlərinə təqdim edirlər. Ermənistan sazişin mətni ilə bağlı sonuncu təkliflə­rini 70 gündən çox yubatdı. Göründüyü kimi, bu məsələdə də təqsirkar tərəf İrəvandır. Hazırda top Ermənistanın tərəfindədir. Onların həqiqətən, səmi­mi şəkildə istədikləri təqdirdə regionda sülh bərqərar olunacaq, istəməsələr in­diki vəziyyət hələ uzun müddət davam edəcək. Bundan da əziyyət çəkən, ilk növbədə, Hayastan olacaq. Əgər Bor­relin ermənilərə canı yanırsa, bu barə­də İrəvandakı dostları ilə müzakirələr aparmasında fayda var. Bunu etmədən Azərbaycanı birtərəfli qaydada ittiham etmək mənasızdır.

Mövzu ilə bağlı fikirlərini “XQ” ilə bölüşən siyasi analitik Tofiq Abbasov bildirdi ki, C.Borrelin son açıqlaması çox cəfəng, lazımsız və zərərli açıqla­madır. Onun sözlərinə görə, ümumiy­yətlə Qərbin ölkəmizə münasibəti köklü surətdə mənfidir. Bu isə dünənin və ya bu günün işi deyil: “Məsələ ondadır ki, Azərbaycana münasibət türk-müsəl­man ölkəsi olduğu üçün neqativdir. Bunu açıq demək lazımdır. Erməni iş­ğalçılığının davam etdiyi dövrdə Borrel kimi şəxslərin heç birinin səs-səmiri çıxmırdı. Onlar bunu normal qəbul edir­dilər. Azərbaycanın fəryadını heç kim eşitmirdi. Bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində idi, müvəqqəti sülh şəraitində az qala hər gün itki verirdik, cəbhə bölgəsin­də yaşayan insanlar kənd təsərrüfatı işləri ilə məşğul ola bilmirdilər. Onlar ermənilərin bütün bu cinayətlərinə göz yumurdular. İndi bütün bu proseslər hamısı geridə qalıb. Biz öz gücümüzlə Ermənistanın dərsini verdikdən sonra bunların, necə deyərlər, keflərinə soğan doğranıb. Özlərini elə aparırlar ki, guya, Azərbaycan bölgədə Ermənistana təh­did törədir. Ermənilər azərbaycanlılara divan tutanda, onları kütləvi şəkildə etnik təmizləməyə məruz qoyanda, Er­mənistandan deportasiya edəndə heç kəsin səsi çıxmırdı. Odur ki, Borrel ki­milərin bəyanatları siyasi alverin bariz nümunəsidir. Onlar düz yolda olan, heç bir qayda-qanunu pozmayan Azərbay­canı gözümçıxdıya salmağa çalışırlar. Məqsəd odur ki, ictimai fikri bizə qarşı yönəltsinlər. Digər tərəfdən, bizi borclu çıxarsınlar ki, guya, ermənilərə təhdid törədirik”.

Tofiq Abbasov qeyd etdi ki, hazırda Fransa canfəşanlıq edir, Belçika kimi ölkələr ona dəstəvüz verir, ABŞ bütün bu proseslərə əl çalır: “Amma onlar elə bilirlər ki, Azərbaycan 30 il bundan əv­vəlki ölkədir. Xeyr, onlar səhv edirlər. Bu günün Azərbaycanı özünə güvənən, güclü orduya, güclü iqtisadi potensiala və ən əsası etibarlı strateji resurs ba­zasına malik dövlətdir. Bu bizə imkan verəcək ki, bütün təhdidlər qarşısında həm duruş gətirək, həm də öz işimizi məntiqi sonluğa çatdıraq”.

Siyasi analitik bildirdi ki, bəzi qüv­vələr, ekspertlər, hətta, neytral mövqe­dən yanaşanlar da Azərbaycanın çox böyük, möhtəşəm qələbə qazandığını, Qərbin isə bunu ölkəmizə bağışlamaq niyyətinin olmadığını qeyd edirlər: “Bəs Azərbaycan nə edib? Bəyəm Ermə­nistanın torpaqlarını tutub? Xeyr, tut­mayıb. Öz torpaqlarını azad edib. Bu məsələnin birinci tərəfidir. İkincisi də bizim Ermənistanın torpaqlarında gö­zümüz yoxdur. Borrel burada ağ yalan danışır, riyakarlıq edir. O, fitnə-fəsad­la məşğuldur. Özü də bu, təkcə onun özünün sözü deyil. Bu, kollektiv Qər­bin Azərbaycana olan münasibətinin göstəricisidir. Onlar mərdi qova-qova namərd etmək istəyirlər. Amma bizdən namərd çıxmaz. Bir namərd varsa, o da Ermənistandır ki, çoxdan Qərbin qullu­ğunda dayanıb”.

Qeyd edək ki, Aİ rəsmisinin açıq­laması ilə bağlı Xarici İşlər Nazirliyi də öz mövqeyini açıqlayıb. Nazirlik Bor­relin Azərbaycana qarşı səsləndirdiyi iddiaları qətiyyətlə rədd edib. Qeyd edib ki, Aİ-nin ali nümayəndəsi tərəfin­dən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına eti­nasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir.

Tofiq ZÜLFÜQAROV,
politoloq

– Ermənistan və Azərbaycan arasındakı məsələlər danışıqlar yolu ilə öz həllini tapacaq. Ancaq proses yekunlaşmamış Cozep Borrel tərə­findən belə bir bəyanatın səsləndi­rilməsi, doğrusu, başadüşülən deyil. Buradan belə çıxır ki, onlar Bakı və İrəvandan əvvəl özləri üçün “sər­hədləri” müəyyənləşdiriblər, yaxud da Paşinyanın təklif etdiyi variantları tanıyıblar. Borrelin açıqlaması mən­tiqsizdir, heç bir hüquqi əsası yoxdur və təbliğat xarakteri daşıyır. Əslin­də isə Ermənistana onun mövqeyi­ni dəstəkləməyə hazır olduqlarını göstərmək istəyirlər.

Azərbaycana qarşı hansısa sanksiyaların tətbiqi üçün ciddi əsas­lar və sübutlar olmalıdır. Bunlar isə yoxdur. Borrel hansı ərazi bütövlü­yündən danışır? Ermənistanın kons­titusiyasında və müstəqillik aktında açıq şəkildə həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Bəs bunu necə izah edəcəklər? Er­mənistanın özü hələ 1975-1991-ci il xəritələrindən danışır. Yəni, ortada nəticə yoxdur. Nəticə əldə olunan­dan sonra artıq tərəf olmaq müm­kündür. Həm müzakirələrə çağırıb, həm də Ermənistanın “ərazi bütövlü­yünün pozulması ehtimalı”ndan da­nışmaq ikiüzlülükdür.

Fikrət SADIXOV,
politoloq

– Cozep Borrelin siyasi fəaliyyəti İspaniyadan başlayıb. Çünki o İspa­niyanın nümayəndəsidir. Mənə elə gəlir ki, Borrell ilk növbədə ölkəsin­də baş verən hadisələrə münasibət bildirməlidir. O, vaxtilə İspaniyadakı separatçı rejimlə mübarizəni daha güclü şəkildə aparmalı idi. Düzdür, Borrel həmin vaxt Kataloniya sepa­ratçıları ilə bağlı tənqidi fikirlər söylə­mişdi. Bəs indi nə olub? Niyə Borrel tərəfindən Qarabağ separatçılarına belə sevgi-məhəbbət nümayiş etdi­rilir? Aydın məsələdir ki, torpaqları­mızı azad etmişik, heç kəsdən asılı olan dövlət deyilik. Eyni zamanda, biz indi aydın şəkildə görürük ki, Qa­rabağ və orada yaşayan erməni əha­li Azərbaycana qarşı, sadəcə olaraq, təzyiq vasitəsi kimi istifadə olunurdu. Yəni, biz, necə deyərlər, bu boyun­duruqdan çıxmışıq, torpaqlarımızı azad etmişik. Təbii ki, bu, Avropa İttifaqı çərçivəsində normal, sivil şə­kildə qəbul oluna bilmir.

Ümumiyyətlə, Avropa institutları­nın Azərbaycana qarşı hücumların­da bir sinxronluq mövcuddur. Bizim Avropa Şurası ilə də münasibətlə­rimiz həmişə normal olub. 2001-ci ildə şuraya daxil olanda inamımız çox böyük idi. Ümid edirdik ki, Avro­pa Şurası ədalətli addımlar atacaq, obyektiv mövqe nümayiş etdirəcək. Biz indi Avropa Şurası tərəfindən ölkəmizə necə münasibət göstəril­diyini görürük. Torpaqlarımızı azad etdikdən sonra bəlkə bizə heç Avro­pa Şurası da lazım deyil. Yəni, on­lar atdıqları addımlarla bizi qorxuda bilməzlər. Çünki biz qarşıya qoydu­ğumuz bütün məqsədlərimizə nail olmuşuq.

Səxavət HƏMİD
XQ





Siyasət