“Nə nişangaha gəlirlər…”

post-img

İrəvana verilən silah-sursat ölkəmizə təhlükə törədəcəyi təqdirdə məhv ediləcək

Ermənistan hökuməti sözdə hər zaman regionda təhlükəsizliyin və əmin-amanlığın, o cümlədən Azərbaycanla sülh müqaviləsinin im­zalanmasının tərəfdarı olduğundan bəhs edir, “Sülhün kəsişməsi” kimi təşəbbüslər irəli sürür, əməldə isə buna zidd mövqe nümayiş etdirir. Əslində, rəsmi İrəvanın bu davranışı bizi təəccübləndirmir. 

Biz hayların ötən onilliklər ərzində dəfələrlə oxşar addımlarının şahidi ol­muşuq. Hələ Azərbaycanla danışıqların aparıldığı dövrdə onların razılaşdırılan məsələlərdən son anda geri çəkilmələ­ri, verdikləri vədləri yerinə yetirmədiklə­ri, yumşaq desək, cığallıq etmələri az olmayıb. İrəvanda hakimiyyətlər dəyiş­sə də, yanaşma dəyişmir. 

Rəsmi İrəvanın regionda sülhdə maraqlı olmadığı bugünlərdə özünü bir daha nümayiş etdirib. Belə ki, İran əra­zisindən Ermənistana texnika yüklən­miş maşın karvanının hərəkəti qeydə alınıb. Bununla bağlı “Caliber.az” saytı operativ çəkiliş kadrları əldə edib. Mə­lumata görə, 2024-cü il yanvarın 17-də, saat 17:50-də İran İslam Respublikası­nın Culfa yaşayış məntəqəsi ərazisin­dən Nurduz qəsəbəsinə doğru üzəri müşəmbə çadırla örtülmüş naməlum yük daşıyan 2 ədəd “HINO” markalı av­tomaşının hərəkəti qeydə alınıb. Saat 19:55-20:15 radələrində həmin karva­nın Nurduz sərhəd-buraxılış məntəqə­sindən Ermənistan Respublikasının Ağarək gömrük-keçid məntəqəsinə, saat 21:17-21:31 radələrində isə Mehri yaşayış məntəqəsindən Lehvaz kən­dinə doğru istiqamətləndiyi müşahidə olunub.

Sayt daşınmanın sutkanın qaranlıq vax­tında həyata keçirilməsini, yükün özünün isə açıq-aşkar gizlədilməsi məqsədilə çadırla ör­tüldüyünü nəzərə alaraq, onun hərbi təyinatlı olmasının şübhə doğurmadığını vurğulayıb. 

“Caliber.az” əsas məsələyə, yəni bu dəfə kimin “daşlar ölkəsi”nə silah tədarük etmək qərarına gəldiyinə aydınlıq gətirməyə çalı­şır. Qeyd edir ki, burada bir neçə variant var: “Siyahıda birinci yerdə Rusiyadır. Bir neçə gün əvvəl Nikol Paşinyanın partiyasının nü­mayəndəsi, istefada olan general Qaqik Mel­konyan Ermənistana Rusiya silahlarının növ­bəti partiyasının gətirildiyini uca səslə bəyan etdi. O, eyni zamanda, Moskvanın İrəvana konkret olaraq nə çatdırdığı barədə danışmaq­dan vaz keçdi”. 

Sayt xatırladır ki, Paşinyan və onun tərəfdarları dəfələrlə Rusiyanı İrəvanın artıq pulunu ödədiyi silahları çatdırmaqdan im­tinada ittiham ediblər. Mövcud kontekstdə güman etmək olar ki, Rusiya tərəfi nəhayət, pulu ödənilmiş texnika və silahları Kollek­tiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqinə ötürmək qərarına gəlib. Yaxud da Rusiya səfiri Sergey Kopırkinin ötən ilin dekabrında TASS-a müsahibəsində qeyd et­diyi kimi, İrandan Ermənistana rus hərbi tex­nikasının yeni partiyası gedib. “İmzalanmış sazişlərin demək olar ki, hamısı ya vaxtında və yüksək keyfiyyətlə icra olunub, ya da icra­sının son mərhələsindədir. Moskva və İrəvan, həmçinin, yeni sazişlərin bağlanmasını müza­kirə edirlər. Habelə, ölkələrimiz arasında hər­bi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər də müzakirə olunur”, – deyə səfir bildirmişdi.

Sayt xatırladır ki, hətta 44 günlük Vətən müharibəsi zamanı Rusiyanın silah-sursa­tı və texnikası Ermənistana İran ərazisindən keçirilməklə daşınırdı: “Ehtimal etmək olar ki, Rusiya tərəfi əvvəlki yolla getməyə qərar verib və yenidən İran vasitəsilə Ermənista­na yeni silah partiyası göndərib. Və burada Moskvaya tamamilə ağlabatan sual ünvanla­nır: əgər o, İrəvanı silahlandırmaqda davam edirsə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün özünü vasitəçi kimi necə təqdim edir?”

Qeyd edək ki, ikinci variant Hindistan­dır. Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı aktiv şəkildə inkişaf etdirəcəyi­ni N.Paşinyan özü 2022-ci ildə parlamentin tribunasından, özü də yüksək səslə açıqlayıb. Ermənistan Hindistan istehsalı olan reaktiv yaylım atəş sistemlərinə, özüyeriyən artille­riya qurğularına, tank əleyhinə idarə olunan raketlərə, artilleriya radarlarına, pilotsuz uçuş aparatları ilə mübarizə sistemlərinə və hətta raketlərin alınmasına ciddi maraq göstərir. Belə ki, “Economic Times” qəzeti Ermənis­tan və Hindistanın silah tədarükü ilə bağlı bir sıra sazişlər imzaladığını yazıb. Məqalədə deyilir ki, sazişlərin ümumi dəyəri təxminən 245 milyon ABŞ dolları təşkil edir. Bura dörd ədəd “PINAKA” reaktiv yaylım atəş sistemi və onun avadanlığı daxildir. Hindistan kütəvi informasiya vasitələrinin məlumatına görə, sifarişdə idarə olunan raketlərin çatdırılması da yer alıb. 2022-ci ilin oktyabrında Hindista­nın “The Print” qəzeti bu siyahıya “AKASH” zenit-raket kompleksini də əlavə edib.

2022-ci ilin noyabrında Ermənistan Hin­distandan, təxminən, 160 milyon dollara 155 millimetrlik özüyeriyən artilleriya sistemi sifariş edib. Siyahı Ermənistan müdafiə na­zirinin müavini Karen Brutyanın 2023-cü ilin fevralında Hindistana səfərindən sonra genişlənməyə başlayıb. Bundan əlavə, İrəvan havadan buraxılan orta mənzilli “BrahMos” raketləri və yerüstü yaxın mənzilli “Pralay” taktiki ballistik raketləri almağa hazırlaşır. Güman etmək olar ki, millətçi Narendra Mo­dinin hökuməti Ermənistanı silahlandırmaqda davam edəcək.

Nəhayət, Ermənistanı silahlandırmaq işinə bu dəfə İranın özünün girişdiyini istisna etmək olmaz. Məlumdur ki, Tehran Zəngəzur dəhlizi və Cənubi Qafqazda sərhədlərin də­yişdirilməsinin onun “qırmızı xətti” olması ilə bağlı mütəmadi hədələyici bəyanatlar ve­rir. Ehtimal etmək olar ki, müxtəlif istiqamət­lərdə (Yəmən, Suriya, Livan, İraq, Qəzza, indi də Pakistan) proksi (vəkalət) müharibələr aparan İslam respublikası Ermənistanın silah­landırılmasının onun ərazisinə qoşun yerit­məkdən daha məqsədəuyğun olduğuna qərar verib. Ermənistanın silahlandırılması qərarı Tehranda Azərbaycanın Türkiyə və İsraillə artan hərbi-texniki əməkdaşlığına cavab kimi qəbul oluna bilər. Görünür, üstəlik, Pakistanın da Azərbaycana dost ölkə olduğunu nəzərə alıblar. Necə deyərlər, düşmənimin düşməni mənim dostumdur.

Ancaq Ermənistan rəhbərliyi bilməlidir ki, Azərbaycan Ordusu indi 44 günlük Vətən müharibəsində olduğundan daha güclü və qüdrətlidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu barədə fikirlərini bir neçə dəfə açıqlayıb. Əgər Ermənistanın Birinci Qarabağ mühari­bəsindən sonra qurduğu ordu 44 gün ərzində darmadağın edildisə, İrəvanın ötən bir neçə il ərzində komplektləşdirilməsinə çalışdı­ğı ordunu, aldığı silah-sursatı məhv etmək çox da çətin olmayacaq. Azərbaycan Ordusu yüksək vətənpərvərliyini və peşəkarlığını lo­kal xarakterli antiterror tədbirləri zamanı bir daha nümayiş etdirdi. İrəvan, hansı mənbə­dən silah-sursat almasından asılı olmayaraq, bilməlidir ki, yenidən revanşist hisslər baş qaldıracağı təqdirdə, dərhal adekvat cavab alacaq. Sonda həm Ermənistanı silahlandıran­lara, həm də rəsmi İrəvana Prezident İlham Əliyevin yanvarın 10-da yerli telekanallara müsahibə zamanı səsləndirdiyi bu sözləri xatırlatmaq istəyirik: “Ona görə biz heç vaxt sakitləşməməliyik və mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra demiş­dim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq. Biz son üç il ərzində böyük yol keçmişik. İndi bunların hamısını demək yəqin ki, düzgün olmaz, amma mətbuatda olan məlumat kifayətdir. Yeni silahlı birləş­mələr antiterror tədbirlərində çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq. Mən artıq bunu demişəm, bu il müdafiə sənayesi kompleksinin nəzdin­də olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yəni, biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Yəni, biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi da­vam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təh­lükə mənbəyi olsa, biz dərhal o təhlükə mən­bəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”.

Zənnimizcə, Ermənistanın və ona silah tədarük edənlərin bu fikirlərdən nəticə çıxar­masında fayda vardır.

Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik

– Hazırda Ermənistanı silahlandı­ran ölkələr Rusiya, Hindistan, Yuna­nıstan və Fransadır. Biz bu prosesdə İranın da müəyyən şəkildə rol oynadı­ğını istisna etmirik. Ancaq İran faktoru daha çox tranzitlə bağlıdır. Mediada Ermənistana silahların İran ərazisi va­sitəsilə daxil olduğuna dair mütəmadi xəbərlər dərc olunur. Regionda logis­tika layihələrinin həyata keçirilməsi nə qədər yaxınlaşırsa, o qədər də Ermə­nistanın maraqlı qüvvələr tərəfindən silahlandırılması sürətlənir. Bu, hər halda diqqətçəkən məqamdır. Təbii ki, ölkələr Zəngəzur dəhlizi ilə bağlı maraqlarına görə iki yerə bölünürlər. Bəziləri layihənin həyata keçməsini istəyirlər. Bunlar Rusiya, Çin, Türkiyə və digər ölkələrdir. Buna mane olan qüvvələr isə Avropa və ABŞ-dır. Onlar burada öz maraq dairələrini genişlən­dirmək və cənub logistik layihələrinə öz nəzarətlərini gücləndirmək məqsədi güdürlər. Onların digər məqsədi Rusi­yanı bu regiondan çıxarmaqdır. Təbii ki, bunlar bir-birinə zidd maraqlardır. Bu gün havadarları da Ermənistanı hə­min maraqlarına nail olmaq üçün sürət­lə silahlandırırlar.

Əlbəttə, proses Azərbaycanın diqqət mərkəzindədir. Düzdür, Ermə­nistana hansısa müasir, güclü silahların verilməsindən söhbət getmir. Hələlik güclü silah potensialı ilə bağlı məlumat yoxdur. Digər tərəfdən, biz nəzərə alaq ki, bu gün Ermənistanın iqtisadi-ma­liyyə durumu yaxşı deyil, sosial prob­lemlərin öhdəsindən çətinliklə gəlir. Bu isə onun yetəri qədər silah-sursat almaq imkanını sual altında qoyur. Ümumi vəziyyəti nəzərə alıb qiymətləndirsək, Ermənistanın nə qədər silahlansa da, əlbəttə, ölkəmizə qarşı nə isə edə bilə­cək səviyyədə olmadığını görə bilərik. Azərbaycan da öz Silahlı Qüvvələrini daim inkişaf etdirir. Ermənistanın si­lahlanması Azərbaycana heç nə edə biləcək deyil, regionda sabitliyin po­zulmasına, gərginliyə səbəb olacaq sə­viyyədədir. Azərbaycana qarşı hansısa təxribata əl ata bilərlər. Təbii ki, ölkə­miz buna adekvat cavab verməklə “Də­mir yumruğ”u ilə erməni qüvvələrinin, necə deyərlər, başlarını yenə əzəcək.

Səxavət HƏMİD
XQ



Siyasət