Milli Məclisin komitə iclasında dörd məsələyə baxılıb

post-img

Yanvarın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildiriblər ki, iclası giriş sözü ilə açan komitə sədri Sadiq Qurbanov qarşıdakı yaz sessiyasında deputatlara uğurlar diləyib, rəşadətli Ordumuzun suverenliyimizi tam təmin etməsinin ölkəmizin qarşısında yeni üfüqlər açmasından söz açıb. O, yeni dövrün tələblərindən bəhs edib, Azərbaycanın neft-qaz, bərpaolunan enerji sahələrində qazandığı nailiyyətlərdən və qarşıya qoyduğu yeni hədəflərdən danışıb. Komitə sədri COP29-un Bakıda keçirilməsini Azərbaycanın “yaşıl enerji” siyasətinə ardıcıl dəstəyinin nəticəsi kimi qiymətləndirib.

Sonra gündəliyi təqdim edən komitə sədri bildirib ki, müzakirəyə dörd məsələ çıxarılıb.

Komitənin ötən sessiya ilə bağlı hesabatını təqdim edən deputat İltizam Yusifov deyib ki, həmin dövrdə komitədə 48 məsələyə baxılıb. O, baxılan məsələlər və qanun layihələri, komitənin ekoloji məsələlərlə bağlı təşkil etdiyi dinləmələr, tədbirlər barədə məlumat verib.

Komitənin 2024-ci il yaz sessiyası üçün iş planını komitə sədri Sadiq Qurbanov təqdim edib. O bildirib ki, planda komitəyə daxil olan qanun layihələrinə, digər sənədlərə baxılması və müvafiq qərarın qəbul edilməsi ilə yanaşı, ekologiya və energetika, bərpa olunan enerji haqqında qanunvericilik və bu sahənin aktual məsələlərinə dair aidiyyəti qurumlarla müzakirələrin, tədbirlərin keçirilməsi öz əksini tapıb. Qeyd olunub ki, planda COP29 çərçivəsində Bakı şəhərində atmosferə atılan tullantıların idarə edilməsinə dair dinləmə də nəzərdə tutulub.

İclasın gündəliyindəki qanun layihəsi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Rafiq Aslanov, “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə Departamentinin rəisi Bahadır Kəngərli və “Azərsu” ASC-nin Hüquq Departamentinin rəis müavini Nofəl Bağırzadə məlumat veriblər, deputatların layihə ilə bağlı suallarını cavablandırıblar. Qeyd olunub ki, qanun layihəsi Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Kommunal xidmətlərə (su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nə uyğun hazırlanıb. Layihədə tikinti obyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub.

Gündəlikdəki məsələlərin müzakirəsində çıxış edən deputatlar komitənin ötən sessiyada işini qənaətbəxş sayıb, komitənin qarşıdakı sessiyada iş planı ilə bağlı təkliflərini irəli sürüb, qanun layihəsi haqqında qeydlərini bildiriblər. Deputatlar bir sıra ekoloji məsələlər, o cümlədən Hacıqabul gölünün mövcud vəziyyəti, quraqlığın kənd təsərrüfatına təsirləri, suvarma ilə bağlı problemlər, yaşıl enerjinin təşviq edilməsi barədə fikirlərini bölüşüblər.

Müzakirələrin sonunda komitənin 2023-cü il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı məqbul sayılıb, 2024-cü ilin yaz sessiyası üçün işlər planı təsdiqlənib, “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi isə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra iclasda cari məsələlər müzakirə olunub.

Siyasət