“Separatçılara deyirlər ki, siz balalarımızı qırdınız…”

post-img

Qarabağdan gedənlərə İrəvanda isti qucaq açılmayıb

Ötən əsrin 80-ci illərinin sonunda Qarabağda qanlı etnik təmizləmə siyasətinə başlayan ermənilər həmin vaxt Azərbaycanda mərkəzi hakimiyyətin zəifliyindən istifadə edərək istədiklərinə çatdılar. Onlar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən azərbaycanlı əhalini zorla çıxardılar. Bu, az imiş kimi, ölkəmizin DQMV-yə heç bir aidiyyəti olmayan 7 rayonunu (Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər və Laçın) işğal etdilər. 

Ölkəmiz bir milyon qaçqın və məcbu­ri köçkünlə üzləşdi. Ancaq haqq nazilsə də, üzülmədi. Azərbaycan iqtisadiyyatını, ordusunu gücləndirdi, gənc nəsil yüksək vətənpərvərlik ruhunda tərbiyə edildi. Bütün bunlar isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qalib gəlməyimizdə mühüm rol oynadı.

Müharibə nəticəsində Qarabağ və Şərqi Zəngəzurun işğal altında olan 13 min kvadratkilometrlik ərazisindən 10 min kvadratkilometri azad olundu. Xankəndi şəhəri, Xocalı, Ağdərə rayon­ları, Xocavənd rayonunun mərkəzi sepa­ratçıların nəzarəti altında qaldı. Əlbəttə, strateji əhəmiyyətə malik Şuşanın azad olunmasından sonra Xankəndiyə çatmaq bir neçə saatlıq iş idi. Ancaq mülki əha­linin, əsasən, Xankəndidə və yuxarıda adları qeyd olunan digər rayonlarda yaşa­masını, hərbi əməliyyatlar zamanı onların ziyan çəkə biləcəyini nəzərə alan Azər­baycanın hərbi-siyasi rəhbərliyi məsələ­nin dinc yolla nizamlanmasını qərara aldı.

Dinc yolun nədən ibarət olduğu isə Azərbaycanın rəsmi şəxslərinin çıxış­larında dəfələrlə səsləndi, Xarici İşlər Nazirliyinin çoxsaylı bəyanatlarında ək­sini tapdı. Bu istiqamətdə sonuncu dəfə 2023-cü il mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planları­mızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın di­yarından onlara bir daha deyirəm ki, si­zin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca get­di. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal, normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət at­ributlarını zibil yeşiyinə atmaq, “parla­ment”i buraxmaq”.

Prezident qeyd etdi ki, biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istə­nilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Buna görə “parlament” buraxılmalı, özünü “prezident” adlandı­ran ünsür təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təq­dirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər.

Separatçı rejim bu çağırışlardan la­zımı nəticəni çıxarmadı. Qarabağdakı hayların reinteqrasiyasına imkan ver­mədi, əvvəlki təxribatlarını davam et­dirdi. Bununla da onlar lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi üçün münbit zəmin yaratdılar. Nəticədə se­paratçı rejim bir neçə saat ərzində ağ bayraq qaldıraraq təslim oldu. Qarabağ erməniləri isə rejimin fitnəsinə uyaraq guya azərbaycanlıların qisas alaca­ğı düşüncəsi ilə yaşayış yerlərini tərk edərək, Ermənistana köçdülər. Onlar hazırda “ana vətən”də acınacaqlı, mis­kin durumdadırlar. Qarabağ erməniləri hazırda Ermənistanda həm sosial-iq­tisadi problemlər məngənəsindədirlər, həm də yerli haylarla münasibətləri yumşaq desək, ürəkaçan deyil.

Mövzu ilə bağlı “Azadlıq” radiosuna danışan jurnalist Yuri Manvenlyan deyib ki, Qarabağdan gedənlərə İrəvanda isti qucaq açanlar da, barmaqarası baxıb “sizə görə balalarımız müharibədə qı­rıldı” deyənlər də var. O qeyd edib ki, Qarabağdan köçənlərin Ermənistan cə­miyyətinə qaynayıb-qarışmaq problemi mövcuddur: “Bəzən küçədə qarabağlı­ların ünvanına “gəldiniz, torpağınızı (?) qorumadınız” kimi sözlər deyildiyini eşi­dirəm. Onları keçmiş qarabağlı rəhbər­lərə – Robert Koçaryana və Serj Sarkis­yana bağlayanlar da var. Bu şəxslərin adı isə korrupsiya və cinayətlərlə asso­siasiya olunur”.

Qarabağ erməniləri ilə bağlı digər xəbər onların bugünlərdə İrəvanda keçirdikləri aksiya ilə bağlıdır. Aksi­ya iştirakçıları iddia edirlər ki, onla­rın günü-gündən artan problemləri ilə heç kəs maraqlanmır və hökumət tərəfindən onlara ayrılan yardımlar, müavinətlər yerli icra orqanlarının mə­murları tərəfindən mənimsənilir. Eti­razlarını bildirdikdə isə “sizi məcbur edib çağıran yox idi, qayıdın gedin öz xarabanıza” cavabı ilə üzləşirlər. Eti­razçılar deyirlər ki, onların güzəranı yaxşılaşmayanadək aksiyaları davam etdirəcəklər: “Biz Qarabağdan çıxanda bizə söz verdilər ki, bütün problemlə­rimiz həll olunacaq, yeni mənzillərlə təmin olunacağıq. Övladlarımızın təh­sil problemləri olmayacaq. Ancaq indi bizimlə maraqlanan yoxdur. Gümrü şəhərinin ən ucqar rayonunda, şərait­siz bir binada yerləşdirilmişik. Övladla­rımız məktəb üzü görmür. Bütün bunlar isə hökumət üzvlərini maraqlandırmır”. Etirazçılar onlara ayrılan müavinətlərin ödənilməməsindən də şikayət ediblər.

Bu arada Ermənistan mediası Qara­bağdan gedən ailələrin Hayastanı küt­ləvi şəkildə tərk etdiyini yazır. Onların sayının 15 minə yaxın olduğu bildirilir. Ermənistanı tərk edənlər daha çox Ru­siyaya getməyə üstünlük verirlər. Qeyd edək ki, hələ oktyabr ayında baş nazir Nikol Paşinyan Qarabağ ermənilərinin bir hissəsinin Ermənistandan getdiyini etiraf etmişdi. Paşinyan demişdi ki, on­ların müvəqqəti getdiklərinə və geri qa­yıdacaqlarına ümid edir.

Siyasi şərhçi Riçard Kirakosyan de­yib ki, gedənlərin bir qismi Rusiyaya, digər qismi Avropaya üz tutur. O, qeyd edib ki, hökumətin Qarabağ ermənilə­rinin uşaqlarını orta məktəblərə yer­ləşdirmək, səhiyyə xidməti göstərmək, müavinət və pensiyaları vaxtı-vaxtında vermək kimi problemləri yaranıb.

“Kavkazski uzel” dərgisi Qarabağ er­mənilərinin oktyabr ayında sosial tələb­lərlə keçirdiyi aksiya ilə bağlı yaydığı süjetdə aksiya iştirakçıları qeyd edir­dilər ki, hökumətin verdiyi yardım kirayə haqqına çatmır. 7-8 nəfər bir otaqda yaşamalı olur, qeyri-müəyyən durum­dadırlar. Riçard Kirakosyan isə deyib ki, hər bir xərc büdcə üçün yükdür: “Bu, Ermənistan hökuməti üçün ciddi çətin­likdir. Rusiyadan Ukrayna ilə müharibə səbəbindən çoxlu ruslar, Suriyadan er­mənilər gəlib. İndi Ermənistanda yüz­minlərlə insan sosial yardım, mənzil, iş istəyir. Ermənistan hökuməti ciddi çağı­rış qarşısında qalıb. Bununla belə müs­bət cəhətlər də var. Birincisi bütün Qa­rabağ erməniləri İrəvana toplanmadı, bölgələrə paylandı, paytaxt yüklənmədi. İkincisi isə Ermənistan hökuməti Rusiya və Suriyadan gələnləri yerləşdirərkən müəyyən təcrübə əldə etmişdi”.

Mövzu üzrə “XQ”yə açıqlama verən “Qafqaz tarixi” Mərkəzinin rəh­bəri, siyasi şərhçi Rizvan Hüseynov dedi ki, erməni xalqı öz tarixi ərzində dəfələrlə indikinə bənzər hallarla üzlə­şib. Onun sözlərinə görə, yazılan yalan­çı tarix həm onların öz başlarına bəladır, həm də qonşu xalqlara problem yaradır: “Onların “böyük Ermənistan” adlı uy­durma tarixi konsepsiyası var. Belə na­ğıllarla hayları sanki “qurbanlıq qoyun” kimi hazırlayıblar. Onu hazırlayanlar isə XVII-XIX əsrlərdə Avropa siyasi və dini mərkəzləri, sonra isə çar Rusiyası və ABŞ olub. Onlar yalançı erməni tarixi konsepsiyasını yaradan və onu tədris edənlərdir. Məqsəd onlardan bölgədəki müsəlman-türk toplumuna qarşı istifa­də etməkdir. Onlar həmin siyasət nə­ticəsində dəfələrlə acı tale yaşayıblar. Haylar XIX əsrin sonları XX əsrin əvvəl­lərində Osmanlı dövlətinə qarşı terror dalğasını başladılar. Avropa və Rusiya onlardan istifadə etdi və Birinci dünya müharibəsindən sonra xərclədi. Nəticə etibarilə haylar 1915-ci ildə Türkiyədən qaçmağa məcbur oldular. Bir qismi İrə­vana və Qarabağ ərazisinə gəldi. Yalan­çı daşnak millətçi ideyasının arxasınca getdilər. Hətta bu ideyanın arxasınca getməyən mülki əhali də qaçmağa məc­bur oldu”.

Ekspert bildirdi ki, həmin məsələ Cənubi Qafqazda da təkrarlanıb. Belə ki, sovet dövründə yenə də haylara yalançı millətçi ideologiya tədris edi­lib: “Bu dəfə hədəf Qarabağ erməniləri idi və onların beyinləri, necə deyərlər, yuyulurdu. SSRİ-nin dağılması ərəfə­sində Qarabağ ermənilərindən istifadə olundu. Qarabağ münaqişəsinin arxa­sında dayanan da elə erməni kilsəsi, diasporu və millətçiləri idi. Onlar Qa­rabağ ermənilərini yem kimi qabağa verdilər, onlar Azərbaycan torpaqlarını işğal etdilər. Amma yenə də acı son­luqla üzləşdilər. Həmin faciəvi sonluq 2020-2023-cü illərdə baş verdi. Cəza­larını aldılar. Nəticədə mülki əhali də köç etməyə məcbur oldu”.

Müsahibimiz qeyd etdi ki, bu, hə­min xalqın taleyidir. Onlar yalançı tarixi konsepsiyadan qurtulmadıqca, eyni hal yenə də təkrar olunacaq: “Bəlkə də gələcəkdə Qarabağ erməniləri, yaxud başqa ermənilər Rusiya ərazisində acı tale yaşayacaqlar. Orada məskunlaşıb, məsələn, zəifləyən dövründə Rusiya­nın cənubuna iddia edəcəklər. Bəlkə də nəsə əldə edəcəklər. Bir müddət sonra Rusiya güclənəndə yenə “qurbanlıq” kimi erməniləri rusların əlinə verəcək­lər. Ruslar da hayları məğlub edəcəklər. Necə ki, vaxtilə Osmanlı dövləti, indi isə Azərbaycan Respublikası bunu etdi”.

Rizvan Hüseynov dedi ki, ermənilər yalançı tarix konsepsiyasının əsiridirlər. Hayların bundan azad olmaları isə bi­zim işimiz deyil. Gərək, erməni ziyalıları bu barədə fikirləşsinlər, yoxsa ermənilər gələcəkdə də 2023-cü ildəkinə bənzər tale ilə üzləşəcəklər.

Səxavət HƏMİD
XQ





Siyasət