İrəvanın anti-Rusiya fəaliyyəti səngimək bilmir

post-img

Qriqoryanın “Ukrayna sülh formulu” üzrə görüşdə iştirakı bunun göstəricisidir

Ermənistan hökuməti anti-Rusiya istiqamətində addımlar atmaq siyasətini davam etdirir. Ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın “Ukrayna sülh formulu”nda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri bunun daha bir göstəricisidir. Təhlükəsizlik şurasının ofisi bildirib ki, Armen Qriqoryan yanvarın 14-də “Ukrayna sülh formulu”nun Davos şəhərində keçiriləcək sayca dördüncü iclasına qatılacaq.

Məlumat üçün bildirək ki, “Ukrayna sülh formulu” üzrə ilk görüş 2023-cü il iyunun 25-də Kopenhagendə keçirilib. İkinci görüş avqustun 5-6-da Ciddədə, üçüncü isə oktyabrın 28-də Maltada baş tutub. Dünya İqtisadi Forumu çər­çivəsində keçiriləcək budəfəki görüşdə 80-dən çox nümayəndə heyətinin iş­tirakı nəzərdə tutulub. İclas dövlət və hökumət başçılarının milli təhlükəsizlik məsələləri üzrə müşavirləri səviyyəsin­də keçiriləcək. Bu zaman Prezident Vla­dimir Zelenskinin Ukraynada davamlı sülhə nail olmaq üçün 2023-cü ilin əv­vəlində təklif etdiyi 10 əsas prinsipdən ibarət sülh formulu müzakirə olunacaq. Həmin sülh formulu Rusiya qoşunları­nın Ukraynadan çıxarılmasını, 1991-ci il sərhədlərinə qayıtmasını, təzminat ödə­nişlərini, nüvə, ərzaq və ekoloji təhlükə­sizliyin təmin edilməsini nəzərdə tutur.

İsveçrə Xarici İşlər Nazirliyindən ve­rilən məlumata görə, sülh formulu görüş zamanı əsas diqqət mərkəzində olacaq. Davos görüşünün əvvəlki iclaslardakı nəticələri nümayiş etdirməsi və gələcək addımların müzakirəsinə zəmin yarat­ması gözlənilir.

Ermənistan ikinci dəfədir ki, Ukray­na üzrə görüşdə iştirak edir. Maltadakı görüşdə də İrəvanı A.Qriqoryan təmsil etmişdi. Nikol Paşinyanın komanda­sının əsasən Qərbpərəstlərdən təşkil olunması heç kəsə sirr deyil. Qriqoryan isə qatı Qərbpərəstliyi ilə komanda yol­daşlarından fərqlənir.

Əlbəttə, Rusiya və Ukrayna arasın­da davam edən müharibəyə necə ya­naşmaq hər bir dövlətin özünün daxili işidir. Amma məsələ ondadır ki, Rusiya və Ermənistan strateji tərəfdaşdır. Mü­nasibətləri strateji tərəfdaşlıq səviyyə­sinə qaldıran ikitərəfli sənədlər var. Hər iki ölkə bir sıra regional təşkilatlarda təmsil olunur. Ermənistan Rusiya ilə Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi, Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatı çərçivəsində isə hərbi əməkdaşlıq edir. Ermənistan ərazisində Rusiyanın hərbi hissəsi yerləşir. Onun dövlət sərhədlərinin təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidməti­nin sərhəd qoşunları təmin edir. Bütün bunlar Ermənistanın Rusiya–Ukrayna müharibəsində Moskvanı dəstəkləmə­sini, onunla birgə hərəkət etməsini şərt­ləndirən səbəblərdir. Ancaq biz bunun əksini müşahidə etməkdəyik. İrəvanın bu siyasəti ekspertlər tərəfindən haqlı olaraq, “eyni vaxtda iki stulda oturmaq” siyasəti adlandırılır.

Paşinyan iqtidarı əvvəllər də, yəni, hakimiyyətə gəldiyi 2018-ci ildən eti­barən Rusiyaya, necə deyərlər, arxa­dan zərbə vurur, Qərblə əməkdaşlığı genişləndirirdi. Ölkədə yerləşən ABŞ biolaboratoriyalarının sayını artırırdı. Hələ 2022-ci ilin aprelində politoloq, “Xalqın səsi” ekspert klubunun üzvü Arman Qukasyan Ermənistanda 12 ABŞ biolaboratoriyasının olduğunu bil­dirmişdi. Birləşmiş Ştatlar iddia edir ki, bu qurumların məqsədi kənd təsərrüfatı ilə əlaqəlidir. Ancaq bu laboratoriyaların ikili funksiya daşıdığı məlumdur, çünki onlar hərbçilər tərəfindən maliyyələşdi­rilir və fəaliyyəti son dərəcə məxfi saxla­nılır. Bu isə həmin müəssisələrin bioloji silah hazırladığına dair fikirlərin meyda­na çıxmasına səbəb olub.

Bu da faktır ki, ABŞ-ın dünyadakı ikinci (Almaniyadan sonra) ən böyük səfirliyi məhz Ermənistanda yerləşir. Hələ 2005-ci ildə açılış mərasimi keçi­rilən səfirlik 90 min kvadratmetr, yaxud 9 hektar ərazini tutur. Qeyd etdiyimiz kimi, bu, ABŞ Dövlət Departamentinin xaricdəki ikinci ən böyük torpaq mül­kiyyətidir. Ekspertlər bunu Vaşinqtonun Ermənistandakı niyyətlərinin ciddili­yinin simvolu hesab edirlər. Beləliklə, aydın olur ki, əslində, Ermənistanın Paşinyandan öncəki rəhbərləri də söz­də Rusiya ilə müttəfiqlikdən danışsalar da, necə deyərlər, əl altından amerika­lılarla iş görüblər. Sadəcə, Rusiyanın siyasi nüfuzunun yüksək olması, iqti­sadi və hərbi qüdrəti haylar üçün çə­kindirici amil olub.

Ancaq Rusiyanın Ukrayna ilə mü­haribədə istədiyi uğuru qazana bil­məməsi, Qərbin bu məsələdə yekdil mövqe nümayiş etdirməsi İrəvanın da öz mövqeyini açıq ortaya qoymasına gətirib çıxardı. Fikir versək, görərik ki, Ermənistan Rusiya–Ukrayna mühari­bəsinin başladığı 2022-ci ildə susqun­luq nümayiş etdirdi. Hayların açıq de­marşları isə özünü əsasən 2023-cü ildə, yəni Rusiyanın Ukraynada, necə deyərlər, bataqlığa düşdüyü, SSRİ-nin Əfqanıstandakı vəziyyətinə bənzər du­rumla üzləşdiyi aydın olandan sonra göstərməyə başladı.

Ermənistan baş naziri Nikol Paşin­yan mayın əvvəlində Çexiyaya rəsmi səfəri zamanı “CNN Prima News” te­lekanalına verdiyi müsahibədə ilk dəfə olaraq, Ukrayna ilə müharibədə Rusi­yanın müttəfiqi olmadıqlarını açıqladı. Bildirdi ki, bu fikir heç vaxt yüksək səslə deyilməyib: “Biz Ukrayna ilə müharibə­də Rusiyanın müttəfiqi deyilik. Bizim o müharibədən duyduğumuz hiss nara­hatlıq hissidir, çünki bütün münasibət­lərimizə birbaşa təsir edir. Qərbdə bizi Rusiyanın müttəfiqi kimi qəbul edirlər. Rusiyada isə Ukrayna müharibəsində Moskvanın müttəfiqi olmadığımızı gö­rürlər. Belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik”.

Bu kontekstdə N.Paşinyanın həyat yoldaşı Anna Akopyanın keçən il sent­yabr ayında Kiyevdə keçirilən görüşə qatılması da nəzərdən qaçmamalıdır. Həmin hadisə Rusiyada etirazla qarşı­lanmışdı.

İl ərzində Qarabağ iqtisadi rayo­nunun erməni azlığın yaşadığı hissəsi ilə bağlı baş verən proseslər də Ermə­nistanın Rusiya ilə bağlı mövqeyinin daha da kəskinləşməsinə səbəb oldu. 2023-cü il dekabrın 11-də Ermənista­nın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Ukraynanın xarici işlər na­ziri Dmitri Kuleba ilə görüşdü. Görüşlə bağlı Ermənistan XİN-in bəyanatın­da həmsöhbətlərin qarşılıqlı maraq doğuran məsələlər, eləcə də Cənubi Qafqazdakı regional problemlər üzrə ikitərəfli əməkdaşlıq haqqında fikir mü­badiləsi apardıqları bildirildi.

Bundan sonra N.Paşinyan Rusi­yanın aparıcı rol oynadığı MDB-nin Bişkekdə, KTMT-nin isə Minskdə keçi­rilən sammitlərinə qatılmaqdan imtina etdi. İlin sonunda isə sanki öz fikrini dəyişərək, dekabrın 25-də Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburq­da keçirilən iclasına, dekabrın 26-də isə həmin şəhərdə MDB dövlət baş­çılarının qeyri-rəsmi görüşünə qatıldı. Ancaq görünən odur ki, rəsmi İrəvan Rusiyadan uzaqlaşmaqla bağlı əvvəlki siyasətinə sadiqdir. Nikolun Ukrayna ilə bağlı Davosda keçirilən görüşə təh­lükəsizlik şurasının katibini göndərmə­si bunun göstəricisidir.

İlyas HÜSEYNOV, 
politoloq

– Ermənistanın siyasi rəhbər­liyi Rusiyaya qarşı addımlarını gücləndirir və artıq bunu gizlədə bilmirlər. Paşinyan komandasının üzvləri Ukraynanın gücləndiril­məsi ilə bağlı müxtəlif tədbirlərdə iştirak edirlər. Davosda keçirilən tədbir də bu baxımdan istisna deyil. Bu, onu göstərir ki, Ermə­nistan Rusiyadan uzaqlaşmaqla bağlı tutduğu geosiyasi kursun­dan geri dönmür və bu yolda is­rarlıdır. Baxmayaraq ki, Paşinyan MDB dövlət başçılarının ötən ilin sonunda Sankt-Peterburqda ke­çirilən qeyri-rəsmi görüşünə qa­tılmışdı. Bir sıra ekspertlər həmin vaxt qeyd edirdilər ki, İrəvan se­çimini dəyişir, yaxud artıq Rusi­yameyilli siyasət yürüdəcək. Mən əvvəldən qeyd edirdim ki, bu cür düşüncələr yanlışdır. Bir səfərlə Ermənistan öz geosiyasi mövqe­yini dəyişməyəcək. Sankt-Pe­terburqa səfər həm də ona görə həyata keçirilmişdi ki, 2024-cü il yanvarın 1-dən Ermənistan Res­publikası Avrasiya İqtisadi İttifaqı­na sədrliyi Rusiyadan təhvil alırdı. Həmin təşkilatda iştirak isə Ermə­nistan üçün çox önəmlidir və iq­tisadiyyatına mühüm fayda verir.

Bu xüsusda biz görürük ki, Ermənistan Ukrayna ilə bağlı qlobal səviyyəli hər bir tədbirdə iştirak etməyə çalışır. Artıq dör­düncü dəfə keçiriləcək “Ukrayna sülh formulu”nda da biz erməni rəsmilərini görəcəyik. Rusiyanın buna reaksiyası gecikir, bəzi hal­larda isə heç müşahidə olunmur. Rusiyalı ekspertlər bunu belə əsaslandırırlar ki, Ermənistana ayırmağa vaxtımız yoxdur, biz daha çox müharibənin gedişatı ilə və cəbhədə üstünlüyü ələ almaqla məşğuluq. Amma fakt faktlığında qalır ki, hətta, müharibə bu gün bitsə, razılıq əldə olunsa, sülh müqaviləsi imzalansa, Rusiya artıq Ermənistanın, necə deyər­lər, iç üzünü müəyyən edib. Bilir ki, haylar istənilən halda xəyanət edə bilərlər, istənilən halda dəyi­şiklik arzusundadırlar və sadiqliyi ilə seçilməyən bir dövlət və ko­manda hazırda Rusiyanın müttə­fiqi statusundadır. Amma əvvəlki dövrlərdən fərqli olaraq, Rusiya tərəfindən Ermənistana qarşı hər hansı radikal addımların atılması da gözlənilmir.

Zaur MƏMMƏDOV, 
Bakı Politoloqlar Klubunun rəhbəri

– Ermənistan rəsmilərinin bu tədbirdə iştirakı ilk dəfə de­yil. Bununla onlar kimin yanın­da olduqlarını göstərmiş olur­lar. Nikol Paşinyan özünü daha çox Qərbin adamı kimi aparır. Qərbdəki siyasi qruplar Ermə­nistanı mövqeyini konkret bil­dirməyə sövq edirlər. Paşinya­nın və komandasının addımları da bunun göstəricisidir. Təbii ki, həmin addımların Ermənis­tanın lehinə və əleyhinə olan tərəfləri var. Brüssel, Vaşinqton və Qərbdəki ayrı-ayrı paytaxtlar bununla İrəvanı özlərinə daha yaxın görürlər. Ancaq bu zaman Rusiya–Ermənistan münasibət­ləri pisləşir.

Eyni zamanda, Paşinyan bir tərəfdən ictimaiyyətə Qərbin yanında olduğunu göstərirsə, Ermənistanın iqtisadi baxım­dan Rusiya ilə sıx bağlı olduğu görünür. Xüsusilə Qərbin sank­siyaları fonunda Ermənistanla Rusiya arasında əməkdaşlıq güclənib. Əgər belə olmasaydı, yəni Moskva tam narazı olsay­dı, biz Rusiyanın Ermənistana satdığı təbii qazla, digər iqtisadi məsələlərlə bağlı daha konkret mövqeyini görə bilərdik. Odur ki, Ukrayna ilə bağlı keçirilən görüşlərdə Ermənistanın iş­tirakı artıq Rusiya tərəfindən qəbul edilib. İrəvan eyni vaxtda iki stulda əyləşməklə hansısa məqsədlərinə çatmaq istəyir. Ancaq əlbəttə, bu, sonadək davam edə bilməz. Bununla Paşinyan Ermənistan dövlətçi­liyini ciddi risklər altında qoyur. Geosiyasi güclər arasındakı ko­bud manevrlərin bu və ya digər ölkələri hansı vəziyyətə saldığı­nı unutmaq olmaz.

Səxavət HƏMİD
XQ





Siyasət