Özəl bölmə iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib

post-img

Hazırda 759 mindən çox insan sahibkarlıqla məşğuldur

Son illərdə respublikada özəl sektorun dinamik inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması daim diqqətdə saxlanılıb. Eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərinin azalmasına səbəb olub, eyni zamanda, büdcəyə vergi ödənişlərinin həcminin artırılmasını şərtləndirib. 

Sahibkarlığın inkişafına mane olan in­hisarçılıq, sahibkarlıq fəaliyyəti subyekt­lərinin dövlət qurumları tərəfindən qa­nunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşı­sında qanunazidd tələblər irəli sürülməsi kimi neqativ halların aradan qaldırılması istiqamətində daha ciddi mübarizənin aparılması vacib şərtlərdir. Ona görə də daim sahibkarların hamisi kimi qətiyyətli qərarlar qəbul edən dövlətimizin başçı­sının müvafiq tapşırığı əsasında həyata keçirilən tədbirlər davamlı xarakter daşı­yır, dövlət strukturları, ayrı-ayrı nazirlik­lər fəaliyyətlərində bu məqama mühüm önəm verirlər.

Bütün bunlar barədə “Dövlət–sahib­kar tərəfdaşlığı: Dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda keçirilən konfransda ətraflı bəhs edilib. Tədbirdə əvvəlcə son 20 ilin iqtisadi göstəricilərinə diqqət yeti­rilərək bu dövrdə ümumi daxili məhsulun (ÜDM) illik real dəyərinin 3,6 dəfədən çox artdığı, ölkədə adambaşına düşən ÜDM-in dəyərinin isə 769 dollardan 7 min 798 dollara yüksəldiyi bildirilib. Eyni zaman­da, qeyri-neft-qaz ÜDM-nin illik dəyərinin 4,1 milyard dollardan 41,1 milyard dolla­ra, ölkənin xarici ticarət dövriyyəsinin illik dəyərinin isə 9,5 dəfədən çox artaraq 50 milyard dollara çatdığı vurğulanıb. 

Azərbaycanda 20 il ərzində böyük ma­liyyə ehtiyatları formalaşıb və nəticədə, iqtisadi və maliyyə təhlükəsizliyinin əsas dayaqlarından olan strateji valyuta ehtiyat­ları 42,8 dəfədən çox artaraq 2023-cü ilin sonuna 68,5 milyard dollara yüksəlib. Tə­bii ki, belə bir şəraitdə xarici borclanmadan da asılılıq azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 faiz təşkil etdiyi halda, 2022-ci ildə 10 faiz az olub. Dövlətin strateji inkişaf kursunun uğuru nəticəsində Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupunda yer alıb.

Hazırda qlobal çağırışlar fonunda ölkəmizdə yaradılan makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyat şaxələnir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırı­lır. Həyata keçirilən genişmiqyaslı tədbir­lər nəticəsində sahibkarlar ölkə iqtisadiy­yatının aparıcı qüvvəsinə çevrilir. 

Respublikada reallaşdırılan islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Dövlət-sa­hibkar münasibətlərinin uğurla gerçək­ləşdirilməsi, biznes fəaliyyətinə dair qa­nunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi davam etdirilir. Bunlarla bərabər, regionlarda sahibkarlığın inki­şafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, tətbiq olunan güzəştlər və stimullar, işgüzar əlaqələrin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında qeyri-dövlət sektorunun payı hazırda 86,5 faiz, məşğulluqda isə 78 faiz təşkil edir.

Azərbaycanda sahibkarlığın inkişa­fına dövlət dəstəyi daim diqqətdə sax­lanılıb. Son 20 ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin 45 min 600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 3 milyard manat­dan çox güzəştli kredit verilib. Bunun sayəsində maliyyələşdirilən layihələr he­sabına 176 mindən çox yeni iş yerinin açılmasına nail olunub. 2023-cü ildə isə bu sektorda 2 min 840 layihəyə 147 mil­yon manat vəsait ayrılıb. Bu, 2022-ci illə müqayisədə 28 milyon manat çox olub. 

Sahibkarlığın inkişafından danışarkən onu da xatırladaq ki, Azərbaycanda 2016-cı ildən etibarən tətbiq edilən inves­tisiya təşviqi mexanizmi çərçivəsində 585 layihə təşviq olunub. Həmin layihələrin icrası nəticəsində iqtisadiyyata 5,6 mil­yard manatdan artıq investisiya yatırılma­sı, 38 mindən çox iş yerinin yaradılması nəzərdə tutulub. İndiyə qədər dəyəri 1,1 milyard dollara qədər texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə ölkəyə gətirilib və müasir istehsal sahələri qurulub, yeni məhsullar buraxılan müəs­sisələr yaradılıb.

Hazırda ölkədə sahibkarlıq subyekt­lərinin 99,6 faizini mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektləri təşkil edir. Lisenziyaların və icazələrin alınmasının sadələşdirilməsi sahibkarlıq fəaliyyətinin səmərəliliyini şərtlərdəndirir. Bu prosesi sadələşdirmək üçün İqtisadiyyat Nazir­liyi dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, sahibkarlara li­senziyaların “ASAN xidmət” mərkəzləri və “KOB evləri” vasitəsilə verilməsini davam etdirir. 

Bütün bunlarla bərabər, lisenziya və icazələrin elektron qaydada “Lisenziyalar və icazələr” portalı vasitəsilə verilməsi daim diqqət mərkəzində saxlanılıb. Müa­sir dövrün qlobal çağırışlarının nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, sahibkarlıq sahəsində yoxlama­lar 2025-ci ilə qədər dayandırılıb, lisen­ziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilib. Həmçi­nin lisenziyanın verilməsinə görə dövlət rüsumları 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyanın verilməsi prose­durları sadələşdirilib, “Lisenziyalar və icazələr” portalı yaradılıb və hazırda 23 fəaliyyət növü üzrə elektron lisenziyaların verilməsinə başlanılıb. 

Yeri gəlmişkən, son illər sahibkarlığın inkişafına davamlı dəstək nəticəsində qeyri-neft-qaz ixracı sahəsində də coğ­rafi şaxələnmə ilə yanaşı, məhsul çeşid­lərinin şaxələnməsi üzrə uğurlu nəticələr əldə olunub. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının işti­rakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək və digər layihələr də ixracın artımını stimullaşdı­rıb. Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının təqdim olunduğu 11 ticarət, 4 şərab və 4 ticarət evinin bölmələri fəa­liyyət göstərir. 

Azərbaycanda azad rəqabət mühiti­nin təkmilləşdirilməsi, inzibati prosedur­ların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ölkədə biznes fəaliyyə­ti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəf­daş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 759 mindən çoxdur.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat