Müharibə ehtirasları Ağ Evi hansı səmtə sürükləyir?

post-img

“Qara qızıl”, “qara qızın dərdi” və Qərb küləyi 

Ekspertlər “həyəcan” təbili çalırlar ki, “böyük müharibə” dünyanın əksər ölkələrinin qapısında, Azərbaycanın isə qonşuluğundadır. Doğrudur, ölkəmizə qarşı birbaşa heç bir təhdid və ya müharibə riski yoxdur. Bu barədə hansısa proqnozu eşidən də olmayıb. Hətta, Ermənistandakı revanşistlər də bir çox arqumentləri götür-qoy edəndən sonra dillərini xeyli yığışdırblar. Rəsmi İrəvan artıq Türk dünyasının böyük gücə, Azərbaycanın beynəlxalq aləmin əsas aktor­larından birinə çevrildiyini, eləcə də, müxtəlif ölkələrdəki erməni lobbiçilərinin nəzərəçarpacaq dərəcədə “sustaldığını” çox yaxşı başa düşür. 

Ancaq o da faktdır ki, biz əsrlər boyu gözlədiyimiz tarixi ədalətin bərpasına nail olmuşuq, işğaldan azad edilən əra­zilərimizdə misli görünməmiş bərpa-qu­ruculuq işləri sürətlə davam etdirilir, si­yasətimiz dünyanın, demək olar ki, bütün ölkələrində müsbət qarşılanır, iqtisadiy­yatımız yüzdən çox ölkənin iqtisadiyyatı ilə əlaqəli şəkildə inkişaf etdirilir. Üstəlik, rəsmi Bakı bir çox beynəlxalq iqtisadi layihələrin tam mərkəzindədir. Yəni dün­yanın harasında yeni münaqişə yara­nacaqsa, yaxud mövcud münaqişələr lokallıqdan çıxaraq daha böyük areala yayılacaqsa, mütləq Azərbaycan da hə­min faktların təsirini hiss edəcək. 

Təəssüf ki, “qaşınmayan yerdən qan çıxardan”, müharibə və münaqişə ehtiraslarını gizlətməyən ABŞ və bəzi Avropa ölkələrinin əsas hədəflərindən ikisi “Azərbaycanın qulağının dibində­dir.” Söhbət Rusiya Federasiyası və İran İslam Respublikasından gedir. Ağ Ev müharibənin Rusiyanın “içərilərinə” keçməsinə nail olarsa, onda şimal qon­şumuzun ərazisindəki yüz minlərlə azər­baycanlının taleyi necə olacaq? O halda həmin ölkədəki soydaşlarımız ya müha­ribənin qurbanına çevriləcək, ya da biz yenə qaçqınlar ordusunu qəbul etmək məcburiyyətində qalacağıq. Halbuki, biz otuz il problemlərini həll etdiyimiz məc­buri köçkünləri indi-indi yerbəyer etməyə başlamışıq.

Yaxud, Ağ Evin “burnunun ucunu göynədən” məsələ – İranın müharibəyə cəlb edilməsi variantı baş tutarsa, onda necə olacaq? İrandakı milyonlarla soy­daşımızın üzləşdiyi fəlakət bizim prob­lemimiz olmayacaqmı? Əlbəttə, olacaq. Cənab Prezident İlham Əliyev 2022-ci ilin payızında Türk Dünyası Təşkilatını Səmərqənddə keçirilən sammitində de­mişdi ki, bizim türkdilli ölkələrin hüdud­larından kənarda yaşayan milyonlarla soydaşımız da var ki, biz onların taleyinə də biganə qala bilmərik. 

Ekspert yazır ki, Azərbaycan Pre­zidenti İlham Əliyevin dərin siyasi biliyi və uzaqgörənliyi sayəsində Qarabağ məsələsi çox doğru zamanda öz həllini tapdı: “Çünki qızıl ortanı tuta bilməsəy­dik, problemlər də yarana bilərdi. Ona görə də şanslıyıq ki, ölkəni İlham Əliyev kimi dünya miqyasında qəbul və hörmət olunan lider idarə edir. Digər məsələ isə quru sərhədlərin bağlı qalması yerində atılmış bir addım idi. Bu gün cənubu­muzda baş verən hadisələri çox diqqətlə izləyirik. Əgər Azərbaycanın İranla quru sərhədləri bağlı olmasaydı, nələr ola bilərdi?”

Bütün bunlar da faktdır, Ağ Evin mü­haribələrin miqyasını genişləndirmək ehtirasları da. Hamıya gün kimi aydın­dır ki, Qəzzadakı müharibənin gün­dən-günə daha çox insan itkisinə səbəb olması Təl-Əvivin istəyi deyil. Ağ Evdəki qara fikirlilər bu müharibənin uzanma­sını ona görə istəyirlər ki, ərazisində neft-qaz (“qara qızıl”) olan ölkələr də bu münaqişəyə qarışsınlar, ABŞ əsgəri hə­min ölkələrin ərazisinə girsin və İraqda, Liviyada olduğu kimi, növbəti ölkələrin karbohidrogen ehtiyatları da gəlmələrin əlinə keçsin. Yəni Qərb küləyi getdikcə sürətlənir. 

Ukraynaya “qorxma-qorxma” deyə-rək iki qardaş slavyan ölkəsinin bir-birinə düşmən edilməsi zamanı da “qara qızın dərdi” var idi. Ötən əsrlərdəki “Parçala, hökm sür!” tezisindən əl çəkə bilməyən­lər güman edirdilər ki, Ukraynaya hərbi və maddi yardım etməklə qısa müddətdə Rusiyanın məğlubiyyətinə nail olacalar. Düşünürdülər ki, Rusiyanın bu müha­ribədə məğlub olacağı təqdirdə Avrasi­yanın Çin istisna olmaqla, bütün ölkələri “eyni mərkəzdən” idarə oluna bilər. 

Ancaq son zamanlar Azərbaycan sü­but etdi ki, Rusiya–Ukrayna müharibə­sinin və ya hansısa digər münaqişənin nəticələrindən asılı olmayaraq, biz öz müstəqil siyasətimizdən əl çəkməyəcə­yik və heç kəs bizimlə təhdid, hədə-qorxu dili ilə danışa bilməz. Belə olanda Ağ Evdən Azərbaycana qarşı ağ yalanlarla yoğrulmuş əsassız, absurd və gülünc it­tihamlar irəli sürülür. Riyakarlıq o həddə çatıb ki, ABŞ rəsmiləri özlərinin dörd-beş il əvvəl Azərbaycan reallıqlarını, daha çox ölkəmizdəki tolerantlığı və multikul­turalizmi təqdir edən müsbət rəylərinin üstündən qan rəngində xətt çəkərək, rəsmi Bakını məhz həmin dəyərlərin qo­runmamasında ittiham edirlər. İnsan nə qədər ikiüzlü olmalıdır ki, belə iyrənc itti­hama imza ata bilsin. 

Vaşinqtondan eşidilən bu cəfəng, absurd fikirlər ötən əsrin doxsanıncı illə­rində məhz bu şəhərdən ölkəmizə qar­şı edilən misli görünməmiş ədalətsizlik nümunəsini yada salır. Belə ki, o zaman ərazisinin 20 faizi işğal edilən, bir mil­yondan çox qaçqın-köçkün problemləri ilə üzləşən Azərbaycana qarşı “907-ci düzəliş” deyilən sənəd qəbul edilmiş, işğalçı, terrorçu, separatşı Ermənistana isə hərbi yardım göstərilmişdi (Tarixdən dərs götürməlidirlər ki, həmin yardımlar Ermənistanı rüsvayçı məğlubiyyətdən və biabırçı kapitulyasiyadan xilas edə bilmədi). Azərbaycanı multikulturalizm prinsiplərinin pozulmasında ittiham edil­məsi də məhz həmin “düzəliş” kimi əsa­sız, haqsız, ədalətsiz və göydəndüşmə­dir. 

Gərək bədxahlarımız anlasınlar ki, ölkəmizə qarşı ünvanlanan hədə-qorxu, təhdid və ya təsirlərin hamısı məhz hə­min “907-ci düzəliş” kimi səmərəsiz ola­caq. Çünki bizim siyasətimizin və əməl­lərimizin təməlində haqq, müqəddəs, bəşəri ədalət və sülhsevərlik prinsipləri dayanır. Tarix boyu heç bir qoluzorlu bu prinsiplərə qalib gələ bilməmişdir. 

İttifaq MİRZƏBƏYLİ

Siyasət