Böyük ifşa: Fransa Bakıda “tora düşdü”

post-img

Rəsmi Parisin xüsusi xidməti adına son otuz ilin görünməmiş rüsvayçılığında hansı məqamlar var?

Bəribaşdan onu deyək ki, xüsusi xidmət orqanlarımızın sensasiya hesab oluna biləcək “ifşa əməliyyatı” və onun nəticələri barədə rəsmi Bakı hələlik açıqlama verməyib. Əslində, sütunları üzərində Fransa hakimiyyətinin dayandığı və ölkənin bir neçə nüfuzlu dövlət orqanını əməlli-başlı silkələyəcək bu əməliyyat barədə məlumatın birinci olaraq “qoca qitənin” özündən yayılmasında, haradasa, qanunauyğunluq var. Bizim üçün önəmli olan isə Afrikada, Yaxın Şərqdə, indi də Cənubi Qafqazda hərbi-siyasi uğursuzluqla üzləşən Prezident Emmanuel Makron iqtidarının acı aqibətini “müjdələyən” belə tükürpədici xəbərlərə ilkin reaksiyaların məhz Avropadan eşidilməsidir.  

Beləliklə, Qərbin media seqmentlərinin mötəbər mənbələrə istinadla yaydıqları xəbərlərdən öyrənirik ki, uzunmüddətli hazırlığa əsaslanan operativ əməliyyat nəticəsində Fransanın Azərbaycandakı Səfirliyinin daxili rezidentura şəbəkəsinin fəaliyyət göstərdiyi üzə çıxarılıb. Məlum olub ki, bu gizli şəbəkə on illərlə Azərbaycanın ərazisində, əslində, Fransanın özünün “tərəfdaşları” kimi tanınan xarici dövlətlərin nümayəndələrinə qarşı arxayın şəkildə kəşfiyyat əməlləri aparırmış. Məxfi agentlərin məhz bu cür – heç nədən çəkinmədən, saymazcasına “işgüzar fəaliyyəti” Azərbaycanın xüsusi xidmət orqanlarının diqqətindən yayınmayıb.  

Peşəkar əməliyyat və son zərbə

Deməli, geniş agentura əlaqələrindən istifadə edən fransız rezidenturası Cənubi Qafqaz məkanında fəal hərəkət etməklə, yeni məqsədlər reallaşdırmaq və ölkənin təsir dairəsini genişləndirmək yolu tutubmuş. Məlumata görə, xüsusi mənbələrdən əldə edilmiş informasiyaya əsasən aparılmış araşdırma bir-biri ilə əlaqəli məxfi şəbəkəni aşkarlamağa imkan verən olduqca maraqlı aspektləri üzə çıxarıb. Uzun illər ərzində Fransanın xaricdəki casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş şəxslərdən biri, könüllü olaraq, Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Beləliklə, “ifşa əməliyyatı”na start verilib. Müəyyən müddət ərzində bir qismi indi və yaxud əvvəllər Azərbaycanda xidmət etmiş, digər qismi dünyanın müxtəlif ölkələrində və nüfuzlu beynəlxalq təşkilatlarda gizli fəaliyyətini davam etdirən Fransanın onlarla  xəfiyyəsi aşkar edilib. Əməliyyatın gedişində Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının həmçinin, Cənubi Qafqazdakı, Yaxın Şərqdəki, Ukraynadakı və Moldovadakı fəaliyyətinə dair təkzibolunmaz dəlil və sənədlər təqdim olunub.

Əlbəttə, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkar fəaliyyətindən və əldə etdiyi uğurlardan danışarkən, daha böyük əməliyyatlar barədə də söz açmaq mümkündür. İkinci Qarabağ müharibəsindəki Zəfərin qazanılmasında əlahiddə xidmətlərə malik qurum cəmiyyətimizin təhlükəsizliyinin təminatı, daxildən, eləcə də xaricdən ölkəmizə qarşı yönələn təhdidlərin neytrallaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü iş aparıb. İndi də eyni missiyasını davam etdirməkdədir. Fransanın Azərbaycandakı Səfirliyinin rezidentura şəbəkəsinin ifşası da onun peşəkarlığının göstəricisidir. 

Bəli, Azərbaycanın təhlükəsizlik orqanlarının fəaliyyətinin ən müasir səviyyədə qurulması, hökumətin mövcud istiqamətində gördüyü tədbirlərin səmərəsi adı dünyanın qabaqcıl xüsusi xidmət orqanlarının sırasında çəkilən Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin Azərbaycandakı rezidentura şəbəkəsinin faş olunmasında özünü göstərdi. Fransa Cənubi Qafqazda bu sahədə də apardığı pozuculuq fəaliyyətinin cavabını, son zərbəni məhz Azərbaycandan aldı. Makron iqtidarı Bakıda ölkəmizə və digər məmləkətlərə qarşı toxuduğu tora özü düşdü.  

Nəzərə alaq ki, Azərbaycanla yanaşı, Ukraynada, Moldovada, Gürcüstanda, Şərqi Avropanın, Yaxın Şərqin və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin məhz ölkəmizdə ifşası adi məsələ sayıla bilməz. 

“Etimadı” doğrultmadığına görə...

Əlqərəz, Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycan ərazisində kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxslər saxlanılıb. Onlardan bəziləri isə artıq istintaq altındadırlar. 

Bu yerdə onu da bildirək ki, ifşanın əlamətləri özünü rəsmi Parisin hərəkətində də göstərib. Belə ki, iki gün əvvəl E.Makron Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Emyenin kürsüsünün laxladığı barədə söz-söhbət Fransa kəşfiyyatının Afrikada və Yaxın Şərqdə bir-birinin ardınca düçar olduğu uğursuzluqlardan sonra başlamışdı. 

Görünür, Bakı “presidenti” prezidentin səbrinin sonuncu damlasını da daşırıb və o, necə deyərlər, “etimadı doğrultmadığına” görə rəisi işindən qovub. Bunun ardınca Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner Fransanın xarici kəşfiyyat strukturuna yeni rəhbər təyin olunub. 

Əlbəttə ki, belə genişmiqyaslı “fransızsayağı iflas” Beşinci respublikanın kəşfiyyat orqanlarının nüfuzuna və imicinə ciddi zərbə hesab oluna bilər. Bəli, tam əminliklə deyə bilərik ki, Fransanın, Avropada da kifayət qədər oturuşmuş struktur kimi tanınan, kəşfiyyat xidməti son 30 ildə Azərbaycanda üzləşdiyi uğursuzluğa, əslində isə rüsvayçılığa heç bir yerdə məruz qalmayıb. Heç şübhəsiz, bu insident bütövlükdə Fransa dövləti və dövlətçiliyi üçün də həm rüsvayçılıq, həm də utancdır. 

İmran BƏDİRXANLI, XQ

Siyasət