“Ermənistanın KTMT tərəfdaşlarından ölkəyə yardımla bağlı sənədin gündəmdən çıxarılmasını istəməsi Ermənistanın Qərb qarşısında götürdüyü öhdəliklərlə şərtlənən addımlardandır. Yəni Qərbin Ermənistan qarşısında bir sıra şərtlər qoyduğu göz qabağındadır”.
“Caliber” xəbər verir ki, bu barədə politoloq Argişti Kiviryan Ermənistan mətbuatına müsahibəsində danışıb.
“İndi isə bu şərtlər Paşinyan və komandasının simasında hakimiyyət tərəfindən davamlı şəkildə yerinə yetirilir. Onlardan biri budur ki, bu hakimiyyətin siyasəti erməni xalqının mənafeyinə xidmət etməməlidir, erməni xalqının mənafeyinə uyğun olub-olmamasından asılı olmayaraq, onlar Rusiyanı bu bölgədən sıxışdırıb çıxarmağa, İranın daxil olmasına mane olmağa çalışmalıdırlar. KTMT ilə bağlı son hadisələr də məhz bununla müəyyənləşdi. Çıxsalar da, çıxmasalar da, bu dəqiqə deyirlər ki, bu, gündəmdə deyil, amma bu o demək deyil ki, bu məsələ hər an gündəmə gəlməyəcək. Bu, ilk növbədə, gedən regional və qlobal hadisələrlə bağlı olacaq.
Problem ondadır ki, Ermənistana heç kim təhlükəsizlik zəmanəti vermir. Ermənistan hakimiyyəti də bunu başa düşür, bu, qlobal baxımdan Ermənistan hakimiyyətini narahat etmir. Onlar ölkənin təhlükəsizliyinə xələl gətirəcək addımlar atmağa və qarşılarında duran gündəliyi həyata keçirməyə hazırdırlar. Bir daha təkrar edirəm: heç bir struktur Ermənistana alternativ təhlükəsizlik zəmanəti vermir. Kim belə zəmanət verə bilər? Bu, vahid struktur kimi NATO, ayrıca supergüc kimi ABŞ ola bilər, lakin hər ikisinin gündəmində belə bir məsələ yoxdur.
Dövlətlər öz maraqlarını rəhbər tuturlar. Fransaya baxaq: Fransanın Afrikada marağı var, oradan faydalanmağa çalışır və bunu uğurla həyata keçirir. Çünki orada mədənlər, faydalı qazıntılar var. İndi Fransa Ermənistana gələndə nə edəcək? Narahat erməni xalqı xilas olacaqmı? Dünyada heç kim bəzi əzab çəkən xalqları xilas etməyə tələsmir; millətlər öz maraqları naminə bir-birini güdürlər. Son üç onillikdə Qərb öz problemlərini ermənilərin maraqları hesabına həll edir. Məsələ burasındadır ki, onlar erməniləri sevmirlər, Azərbaycan və Ermənistanı tərəziyə qoyurlar. Qərbin Ermənistanda isə heç bir marağı yoxdur: üstəlik, Ermənistan məğlub olan tərəfdir. Qərb sadəcə olaraq problemi zəif, məğlub olan tərəfin hesabına həll etmək qərarına gəldi və bunu da uğurla həyata keçirdi”, - deyə politoloq bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ