Paşinyan “sülhpərvər” cildində...

post-img

Hayların baş nazirinin ATƏT PA-nın sessiyası ilə eyni gündə “Sülhün kəsişməsi” layihəsini təqdim etməsi ucuz siyasi gedişdir

Dünən İrəvanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) payız sessiyası öz işinə başlayıb. “Böhran dövründə ATƏT: daxili və xarici çağırışlara cavab verməkdə parlament assambleyasının rolu” devizi altında keçirilən 21-ci payız sessiyası Karen Dəmirçyan adına idman-konsert kompleksində təşkil olunub. Gündəliyə korrupsiyaya qarşı mübarizə və azlıqların müdafiəsi ilə bağlı məsələlər daxildir. Ancaq sessiyada Cənubi Qafqazla bağlı məsələlər də müzakirə olunacaq, ikitərəfli görüşlər təşkil ediləcək.

Qeyd edək ki, ATƏT PA-nın sessiyası Ermənistanda ilk dəfə keçirilir. Noyabrın 20-dək davam edəcək sessiya dünən səhər Daimi Komitənin iclası ilə başlayıb. Burada heç bir siyasi məsələyə toxunulmayıb. Əsasən prosedur qaydalar müzakirə olunub. Günortadan sonra sessiyanın açılış mərasimi keçirilib. Bu zaman Ermənistanın baş naziri Nikol Paşinyan salamlama nitqi söyləyib. Onun sülh istiqamətində söylədiyi fikirlər diqqət çəkib. Paşinyan deyib ki, Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri barədə razılığa gələ biliblər: “Ermənistan–Azərbaycan sülh prosesi ilə bağlı yaxşı və pis xəbərlərimiz var. Azərbaycanla sülhün əsas prinsipləri razılaşdırılıb. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Brüsseldə görüşlərimiz nəticəsində baş verib. Ən böyük pis xəbər isə odur ki, tərəflər hələ də müxtəlif diplomatik dillərdə danışırlar və çox vaxt bir-birini başa düşmürlər”.

Paşinyan bunun obyektiv səbəblərinin olduğunu diqqətə çatdırıb. Deyib ki, buna çoxillik münaqişə, minlərlə qurban, onlarla əsir (?) və digər amillər səbəb olur.

ATƏT PA-nın prezidenti Pia Kauma salamlama nitqində rəhbərlik etdiyi qurumun Bakı–İrəvan münasibətlərinin normallaşdırılması üzrə danışıqların davamını dəstəklədiyini bildirib: “Biz düşünürük ki, sülh sazişinin imzalanması üçün imkanlar var. ATƏT PA bir təşkilat olaraq tərəfləri danışıqları davam etdirməyə və razılığa gəlmək üçün yeni imkanlar axtarmağa çağırır. Bu region, o cümlədən iqtisadi baxımdan çox vacib olduğundan, burada imkanlar çoxdur, lakin sülh və təhlükəsizlik zəruridir”.

Açılış mərasimində Hayastan parlamentinin sədri Alen Simonyan da çıxış edib. Simonyan bildirib ki, Azərbaycanla sülhün bərqərar olması üçün tarixi imkan var. O qeyd edib ki, İrəvan region ölkələrinin sülh içində yaşamasına imkan verəcək formulu tapmağa çalışır.

Bundan sonra ATƏT məkanında təhlükəsizlik mövzularına həsr olunan ilk tematik müzakirə başlayıb.

Qeyd edək ki, Ermənistan parlamenti noyabrın 17-də məlumat yayaraq sessiyada 50-yə yaxın ölkədən 300 nümayəndənin iştirak edəcəyini açıqlayıb. Azərbaycan, Türkiyə və Rusiya nümayəndə heyətləri tədbirdə iştirak etməkdən imtina edib.

Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan jurnalistlərə müsahibəsində regionun üç ölkəsinin İrəvanda keçirilən tədbirdə iştirakdan imtinasına ayrı-ayrılıqda münasibət bildirib. Deyib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistanda təhlükəsizliklərinin təmin olunması ilə bağlı müxtəlif formatlarda bir neçə dəfə məsələ qaldırıblar. “Ermənistan parlamenti ATƏT PA-nın sədrinə və assambleyaya cavab verib və bildirib ki, İrəvan deputatların təhlükəsizliyini təmin etməyə hazırdır. Bizim təhlükəsizlik verdiyimizə dair protokollar var, lakin gördüyünüz kimi, onlar burada deyillər. Bu onların qərarıdır”, – deyə o vurğulayıb. Qeyd edib ki, Azərbaycan nümayəndələrinin ötən ilin fevralında İrəvanda keçirilən AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirakı presedent olub.”

S.Xandanyan əlavə edib ki, noyabrın 17-də Rusiya nümayəndə heyəti Ermənistan parlamentinin sədrinə müraciət edib və iştirak etməyəcəyini bildirib: “Ölkələrin parlamentlərinə dəvət göndərən Ermənistan parlamenti olmayıb. Bununla ATƏT məşğul olub. Türkiyəyə gəldikdə isə, bizim bu barədə informasiyamız yoxdur”.

Ancaq Ermənistan parlamentinin komissiya sədrinin nə deməsindən asılı olmayaraq, fakt faktlığında qalır. Yəni, Ermənistanda Azərbaycana münasibətdə düşmənçilik və nifrət hissi hökm sürür, anti-Azərbaycan təbliğatı və azərbaycanofobiya özünü qabarıq şəkildə büruzə verir. Belə bir əhval-ruhiyyənin hökm sürdüyü ölkəyə Azərbaycan nümayəndə heyətinin getməməsi tamamilə təbii qarşılanmalıdır. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bununla bağlı açıqlaması maraq doğurur. A.Quliyev bildirib ki, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti təşkilatın noyabrın 18-20-də İrəvan şəhərində keçiriləcək payız sessiyasında iştirak etməyəcəyi barədə ATƏT PA-da təmsil olunan nümayəndə heyətlərinə və qurumun beynəlxalq katibliyinə məktub ünvanlayıb. Məktubda Azərbaycan tərəfinin Ermənistanda ölkəmizə qarşı hökm sürən düşmənçilik və nifrət hissindən, özünü qabarıq şəkildə büruzə verən anti-Azərbaycan təbliğatı və azərbaycanofobiyadan narahatlıq ifadə olunub.

Qeyd edilib ki, cari ilin aprelin 14-də keçirilən beynəlxalq idman tədbiri zamanı bu ölkənin baş naziri Nikol Paşinyanın gözləri önündə Azərbaycan bayrağına qarşı edilən hörmətsizlik, Ermənistan parlamentinin üzvləri, jurnalistlər, blogerlər tərəfindən bu cinayət əməlini törədən şəxsin dərhal azad edilməsi ilə bağlı mitinqin təşkili Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradıb. Bildirilib ki, bu cinayəti törətmiş şəxsin qısa müddət ərzində sərbəst buraxılması və “milli qəhrəman” elan edilməsi Ermənistan ictimaiyyətində ölkəmizə qarşı güclənən nifrət mühitinin nə qədər təhlükəli həddə olduğundan xəbər verir. Beynəlxalq forumlarda bu cür əməlləri törədənlərin isə cəzasız qalması, qanunsuz olaraq həbsdə saxlanılan Azərbaycan hərbçilərinə qarşı qeyri-insani rəftar, sosial şəbəkələrdə azərbaycanlılara qarşı zorakılıq tədbirlərinin görülməsinə dair açıq çağırışlar Ermənistan dövləti tərəfindən dəstəklənən sistemli nifrət siyasətinin digər bariz nümunələrindəndir.

Məktubda daha sonra deyilir: “Azərbaycan nümayəndə heyətinin iştirak edə bilmədiyi payız sessiyasında ölkəmizlə bağlı hər hansı məsələnin müzakirəsi doğru olmazdı. Parlament Assambleyası ATƏT-in 57 iştirakçı dövləti arasında dialoq və əməkdaşlıq üçün forumdur və bir nümayəndə heyətinin qurumun sessiyasında əsaslandırılmış səbəblərdən iştirak edə bilməməsi, həmin ölkə ilə bağlı hər hansı məsələnin konstruktiv və balanslaşdırılmış şəkildə müzakirəsini imkansız edir. Azərbaycanın iştirak edə bilmədiyi sessiyada birtərəfli müzakirələrin nəticəsi faydasız və qəbuledilməz olmaqla yanaşı, ATƏT PA-nın Cənubi Qafqaz regionunda sülhü və barışığı təşviq etmək istiqamətində yürütdüyü parlament diplomatiyasına mənfi təsir göstərəcəkdir”.

ATƏT PA-dakı nümayəndə heyətimiz birmənalı bəyan edib ki, qurumun iştirak edə bilmədikləri payız sessiyası çərçivəsində Azərbaycanın maraqlarına zidd qəbul ediləcək istənilən qərar və ya tövsiyə etibarsız hesab olunacaq.

Qeyd edək ki, ATƏT PA-nın nizamnaməsinə əsasən, payız sessiyasında sənədlər qəbul edilmir. Bu, daha çox müzakirə platformasıdır və 4 tematik müzakirə aparılacaq.

Onu da bildirək ki, Ermənistan hökuməti dünən uzun müddətdir haqqında söhbət açdığı “Sülhün kəsişməsi” layihəsini videoçarxda təqdim edib. Baş nazirin “Facebook” hesabında yerləşdirilən videoçarxda layihənin sülh gündəliyinin mühüm hissəsi kimi hazırlandığı qeyd olunub. Bildirilib ki, layihənin əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında avtomobil və dəmir yollarının, boru kəmərlərinin, kabellərin, elektrik xətlərinin təmiri, tikintisi və istismarı ilə kommunikasiyaların inkişafıdır. “Otuz ildir ki, Ermənistanın cənubundan və şimalından keçən dəmir yolları regional miqyasda işləmir, şərqlə qərbi birləşdirən bir çox magistral yollar da fəaliyyətsizdir, halbuki bu yolların yenidən işə salınması Ermənistanı Xəzər dənizindən Aralıq dənizinə həm dəmir yolu, həm də avtomobil yolu ilə birləşdirən qısa və səmərəli marşrut olacaq”, – deyə Ermənistan hökuməti bildirib.

Videoçarxda qeyd olunub ki, həmin dəmir yolu və avtomobil kommunikasiyaları körfəzi Qara dənizə, o cümlədən Gürcüstan limanlarına birləşdirən təsirli yol ola bilər: “Bu proqram regionumuzun bütün ölkələri üçün böyük fayda verəcək və biz hökumətlərin və özəl investorların diqqətini bu fürsətə cəlb etmək istəyirik”.

Güman etmək olar ki, Paşinyan hökuməti layihənin videoçarx formasında təqdimatını məqsədli şəkildə ATƏT PA-nın sessiyasının keçirildiyi gündə açıqlayıb. Bunu başqa cür izah etmək çətindir. Əks halda Paşinyan iqtidarının həftənin digər günləri içindən nə üçün qeyri-iş gününü seçdiyi anlaşılan deyil. Ancaq Paşinyan hər nə qədər sülhpərvər cildində görünməyə çalışsa da, onun hökumətinin iki aydan artıqdır Azərbaycanın təkliflərinə cavab verməyi ortadadır. Nikol isə bu gedişlərlə beynəlxalq ictimaiyyəti müəyyən müddətə aldada bilər...

Azər HƏSRƏT, 
siyasi şərhçi

– Ermənistan paytaxtı İrəvan, ümumiyyətlə isə Ermənistanın özü beynəlxalq  tədbirlər üçün elə də etibarlı platforma hesab edilmir. Yəni, müxtəlif zamanlarda  orada keçirilən bənzər tədbirlərdə əksər ölkələr ya iştirak etməyə meyl göstərmirlər, ya da necə deyərlər, candərdi iştirak edirlər.

ATƏT PA-nın sessiyasında Azərbaycan, Türkiyə və Rusiyanın iştirakdan imtina etməsi də bu qəbildəndir. Yəni, Azərbaycan və Türkiyə, eləcə də Rusiya üçün İrəvanda keçirilən tədbirdə iştirak elə də maraqlı deyil. O səbəbdən ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri bəllidir, Rusiyaya isə elə davranış sərgiləyib ki, ­Moskva artıq İrəvana güvənmir, etimad göstərmir. Onunla bir müstəvi üzərində olmağa meyl etmir. Yəni, Rusiya üçün Ermənistan xərclənmiş və tükənmiş bir tərəfdaşdır. Rusiya bundan sonra Ermənistana etimad göstərmir, etibar etmir. Buna görə də sessiyada iştirakdan imtina edir. Azərbaycanla Türkiyə isə təbii ki, bu məsələdə özünəməxsus yanaşma sərgiləyir. Əslində bu da ən doğru yanaşmadır.

 

Səxavət HƏMİD 
XQ

 



Siyasət