Sahibə Qafarova MDB PA-nın plenar iclasında Ermənistan tərəfinin yalanlarını növbəti dəfə ifşa edib

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında çıxışında Ermənistan tərəfinin yalanlarını növbəti dəfə ifşa edib.

S.Qafarova Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb. Bildirib ki, lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan bu üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olub. Ermənistan nəinki öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmayıb, həm də oraya silah, sursat və hərbi qulluqçuların daşınmasını davam etdirib.

Sahibə Qafarova deyib ki, işğal dövründə basdırdığı və sayı milyondan çox olan minalarla yanaşı, Ermənistan işğaldan azad edilmiş əraziləri də minalamaqda davam edib. Bu il sentyabrın 2-də Ermənistanın baş naziri Azərbaycanın qanuni ərazilərində Ermənistanın yaratdığı və fəal şəkildə dəstəklədiyi separatçı rejimi qondarma “müstəqillik” günü münasibətilə təbrik edib. Sentyabrın 9-da isə bu qeyri-qanuni qurum qondarma “prezident seçkiləri” keçirib. Müharibədən sonrakı dövrdə mina partlayışları nəticəsində 340-a yaxın insan həlak olub və ya yaralanıb.

Çıxışında bu ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri barədə də məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, bu tədbirlər Azərbaycanın öz Konstitusiya quruluşunu bərpa etmək və qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədi daşıyıb. Nəticədə Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoyaraq, beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini tam bərpa edib.

Qeyd olunub ki, antiterror tədbirləri zamanı Azərbaycan beynəlxalq humanitar hüquqa tam uyğun hərəkət edib, mülki əhaliyə və mülki infrastruktura heç bir ziyan dəyməyib. Eləcə də heç bir “etnik təmizləmə”, ermənilərin Qarabağdan məcburi köçürülməsi ilə bağlı heç bir fakt belə qeydə alınmayıb. Bunu bölgəyə səfər etmiş iki BMT missiyası da təsdiqləyib.

Bu aşkar faktlara baxmayaraq, Ermənistanın hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti aldatmaqda davam etdiyini söyləyən Sahibə Qafarova Ermənistanın iddialarının yalan olduğunu bir daha bəyan edib.

Siyasət