Üfüqdə “Türk NATO-su” görünür

post-img

Azərbaycan Prezidenti TDT-nin Astana zirvəsindəkı çıxışında Türk dövlətlərinin hərbi-siyasi alyansının yaradılacağının müjdəsini verdi 

Türk Dövlətləri Təşkilatının (TDT) dünyanın yeni güc mərkəzlərindən bi­rinə çevrildiyini demək üçün tam əsas var. 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən, hərtəfərli iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına, eləcə də müasir ordulara malik TDT bu gün haqlı olaraq beynəlxalq platformalarda təmsil olunmağa id­dialıdır. Quruma üzv Türk dövlətlərinin öz aralarında nümayiş etdirdikləri qarşılıqlı dəstək və həmrəylik onun bu iddiasının reallığa əsaslandığını isbatlayır.

Başlanğıcda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi türkdilli xalqlar arasında mədəni əlaqələrin yaradılması və gücləndirilməsi istiqamətində əmək­daşlıqla fəaliyyətə başlayan TDT-nin artıq tam ayağa qalxmış, beynəlxalq müstəvidə kifayət dərəcədə çəki və nü­fuz qazanmış alyansa çevrildiyini əmin­liklə söyləyə bilərik. Artıq keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş TDT müasir dünyanın çağırışlarına ca­vab verməyə qadir dövlətlər birliyidir.

TDT-nin əhatə etdiyi geosiyasi və coğrafi məkanda həyata keçirilən meqalayihələrin – tranzit loqistika, kar­bohidrogen ehtiyatlarının nəqli, nəqliy­yat infrastrukturunun inşası, eyni za­manda, onların təhlükəsizliyinin təmin olunması zərurətini ortaya çıxarır. Bu səbəbdən təşkilata üzv dövlətlərin mü­dafiə qabiliyyətinin gücləndirilməsi, pre­ventiv tədbirlərin görülməsi əsas hədəf­lərin sırasında yer alır. Aydın məsələdir ki, buraya dünyada yaşayan bütün türk toplumlarının hüquq və təhlükəsizliyinin qorunması məsələsi də daxildir.

Müharibələrin və münaqişlərin gə­tirdiyi xaosun hökm sürdüyü müasir dünyada cərəyan edən proseslər təh­lükəsizlik sahəsinə xüsusi diqqətin ye­tirilməsini vacibdən də vacib edir. Bu mənada Türk dövlətləri də öz növbə­sində müdafiə qabiliyyətlərini artırma­lı, xarici təhdidlərdən qorunmaqdan ötrü lazımi addımları atmalıdırlar. Bu mənada TDT çərçivəsində təhlükə­sizlik sahəsi, xüsusi xidmət orqanları­nın məlumat mübadiləsi, informasiya seqmentində də ayrıca platformanın qurulması, vahid koordinasiyanın təş­kili günün tələbinə çevrilib. Fikrimizcə, məhz təhlükəsizliyin təmin edilməsi istiqamətində hərbi-siyasi blokun ya­radılmasının vədəsi yetişib. Artıq Azər­baycan və Türkiyə Şuşa Bəyannamə­sini imzalamaqla qarşıdakı hərbi-siyasi alyansın təməlini yaradıb. Qloballaşan dünyada baş verən prosesləri nəzərə alsaq, gələcəkdə TDT-nin özünün NATO-sunun yaranacağını da istisna etmək olmaz. Elə qurumun Astanada keçirilən 10-cu Zirvə toplantısında səs­lənən fikirlər bu istiqamətdə addımla­rın atılacağından xəbər verir. Açığını demək lazımdır ki, TDT çərçivəsində belə bir hərbi platformanın yaradılması dostlarımızı sevindirməklə yanaşı, bə­dxahlarımızı ciddi narahat edəcək.

“Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Mü­haribələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, mü­dafiə, müdafiə sənayesi kimi sahələr­də əməkdaşlıq daha da artmalıdır”. Azərbaycan Prezidenti İlham Əliyevin TDT-nin Astana Sammitində dediyi bu sözlər yaxın gələcəkdə quruma üzv dövlətlərin yalnız siyasi-iqtisadi, mədə­ni birliyinin deyil, eyni zamanda, hərbi alyansının da yaradılması zərurətinə vurulan işarə idi. Bəli, hazırda TDT hər­bi-siyasi alyansın yaradılması üçün tam yetişib. Azərbaycanın dövlət başçısının çıxışında irəli sürdüyü ideya məhz bu perspektivə yönəlik ismarıc kimi qəbul edilməlidir. 

* * * 

Əslində, hələlik ideya mərhələsində olan bu layihənin reallaşması üçün TDT ölkələrinin iqtisadi resursları kifayət qə­dərdir. Astanada türkdilli dövlətlərin hərbi alyansının yaradılması üçün tələb olunan siyasi iradə ortaya qoyuldu. Ekspertlər hesab edirlər ki, İlham Əli­yev Astanada qaldırdığı təşəbbüsü ilə bu yolda görünən son səddi də aradan qaldırmış oldu. Astana Zirvə görüşünün iştirakçıları yaxşı başa düşürdülər ki, Azərbaycan lideri belə bir ciddi diplo­matik bəyanatla çıxış etmək üçün bü­tün əsaslara və hüquqlara malikdir. Axı, məhz ən müasir silahlarla və təcrübə ilə silahlanmış güclü ordunun sayəsində Azərbaycan Qarabağı işğalçılardan ta­mamilə azad etməyi bacardı. Həmin iş­ğal ATƏT-in Minsk qrupunun və Qərbin ermənipərəst siyasi dairələrinin susqun razılığı ilə otuz il davam etdi. Suveren ərazimizin 20 faizi “səlibçi” müttəfiqlə­rinin hərtərfəli dəstəyi ilə Ermənistanın işğalı altında qalmışdı. İndi Azərbaycan Prezidenti məlum təşəbbüsü əminliklə irəli sürəndə Türk dövlətlərinin birliyini daha da möhkəmləndirəcək, onların hər birinin təhlükəsizliyinə təminat verə­cək hərbi alyansın yaradılması zərurəti­ni nəzərdə tuturdu. 

Məhz Azərbaycan özünün ordusu­nu gücləndirməklə sərhədlərinin təh­lükəsizliyinə təminat əldə edib. Bu isə dövlət başçımıza və Ali Baş Komanda­nımıza qardaş Türk ölkələrinə TDT miq­yasında Azərbaycanın təcrübəsindən öyrənmələrini tövsiyə etməsinə haqq qazandırır.

TDT-nin 10-cu yubiley Zirvəsinə evsahibliyi edən Qazaxıstanın dövlət başçısı Kasım Comert Tokayevin çıxı­şında BMT-nin Təhlükəsizlik Şurası­nın təkmilləşdirilməsi prosesinin daha səmərəli aparılmasının vacibliyindən danışmasını İlham Əliyevin ismarıcına dəstək kimi qəbul etmək lazımdır. Onun sözlərinə görə, Təhlükəsizlik Şurasında dünyanın bütün regionları, o cümlədən Qlobal Cənub da təmsil olunmalıdır. Qazaxıstan Prezidentinin BMT TŞ–nın tərkibində Türk Dövlətləri Təşkilatı­nın təmsilçilərini görmək istəyini şəf­faf işarə kimi şərh etmək mümkündür. Əslində, həmin fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ən yüksək tri­bunalardan çoxdan açıq şəkildə bəyan etməkdədir.

Bütün bunlarla yanaşı, TDT-yə daxil olan ölkələr aydın başa düşürlər ki, belə ciddi beynəlxalq ambisiyaları həyata ke­çirmək, həm bütövlükdə təşkilatın, həm də ayrı-ayrı üzv ölkələrin etibarlı təh­lükəsizliyini təmin etməkdən ötrü Türk dünyasına güclü, müasir silahlı qüv-vələr lazımdır. 

* * * 

Yeri gəlmişkən, Astanada TDT Xa­rici İşlər Nazirləri Şurasının iclasındakı çıxışında Azərbaycan XİN-in başçı­sı Ceyhun Bayramov öz növbəsində bəyan etdi ki, Türk birliyi beynəlxalq təhlükəsizliyin yeni arxitekturasının for­malaşmasında əhəmiyyətli rol oynaya bilər. “Bu zaman mövcud təhdidlər və zərərli çağırışlar aradan qaldırılmalıdır” – deyən C.Bayramovun sözlərinə görə, TDT-yə üzv ölkələr arasında münasi­bətlərin bütün sahələrdə möhkəmləndi­rilməsi Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biridir.

Astanada keçirilən 10-cu yubiley sammiti bu qurumun böyüyən qüd­rətinin və artan təsirinin bütün dün­yaya növbəti dəfə nümayişi oldu. Elə Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikovun dünən Türkiyəyə rəsmi səfərinə də məhz bu kontekstdən ya­naşmaq daha doğru sayılar. Onun tür­kiyəli həmkarı Yaşar Gülərlə görüşündə hərbi-texniki sahədə əməkdaşlığın yeni perspektivlərini müzakirə etməsi yuxa­rıda qeyd etdiklərimizin real müstəviyə daşınmağa başlamasının göstəricisidir. 

Tofiq ABBASOV, 
siyasi şərhçi

Türk Dövlətləri Təşkilatında Azərbaycanın xüsusi yeri var. Bizim böyük Zəfərimiz qardaş ölkələrin xalqlarına milli hisslərinə bir növ özünəinam, fəallıq impulsu verir. Azərbaycan Prezidentinin səslən­dirdiyi fikirlər həmişə praqmatik yanaşmaya söykənir. Bu gün dün­yanın xaosa sürükləndiyinin şahidi­yik. Güclü dövlətlər bunu bilərəkdən edirlər. Onlar əmindirlər ki, yaratdıq­ları hərc-mərclikdən öz çullarını su­dan çıxaracaqlar, amma, batan qoy batsın. Sonra batanların olan-qalan potensialını öz xeyrimizə istifadə edərik. Həmin metodikadan “7-lər” deyilən güclər yararlanırlar. Hazırda elə bir vəziyyət yaranıb ki, dövlətlər özlərinə müttəfiq tapmalı, hətta müt­təfiqlər birləşib birliklər yaratmalı və mövqe və maraqlarını bacardıqları qədər qorumalıdırlar. 

Prezident İlham Əliyev TDT çər­çivəsində hərbi, hərbi-texniki əmək­daşlıq platformasının qurulmasını təsadüfən gündəmə gətirmir. O, gec-tez buna gəlib çatacağımızı yax­şı bilir. Yəni, Türk dövlətləri öz sa­bitliyi və təhlükəsizliklərini birlikdə qorumalıdırlar. Qərb, həmin Amerika Qafqazda vəziyyəti çalxalayırlar. Sa­bitlik olmayanda öz papaqlarını gəti­rib bura asmaq istəyirlər. Onların ya­lançı vasitəçilik səylərinin qarşısını almaqdan ötrü məsafədə saxlamaq lazımdır. Biz bu gün dünyanın “sa­bitlik dirəklərinin” necə zəiflədiyini, hətta əridiyini müşahidə edirik. Dün­ya müharibəsindən danışırlar. Fak­tiki olaraq gözümüzün qarşısında onun işartıları canlanır. Belə durum­da türkdilli dövlətlər arasında həm şaquli, həm də üfüqi əlaqələr güc­lənməlidir. Vaxt özü hərbi-siyasi al­yans zərurətini gündəmə gətirəcək. Əgər cənab Prezident bunu deyirsə, deməli, bu, mütləq baş verəcək. 

Elxan ŞAHİNOĞLU, 
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq

Biz də belə hesab edirik ki, ar­tıq Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni inteqrasiyadan hərbi inteqrasiyaya keçidin məqamı yetişib. Açıq demək lazımdır ki, Türk inteqrasiyasının nüvəsini Azərbay­can – Türkiyə ittifaqı, daha doğru­su, Şuşa Bəyannaməsi təşkil edir. Azərbaycan və Türkiyə öz aralarında həm siyasi, həm iqtisadi, həm mə­dəni, o cümlədən də hərbi sahələrdə ikitərəfli əlaqələri, əməkdaşlığı inki­şaf etdiriblər. Azərbaycan bir neçə dəfə qardaş Türkiyə ilə birgə hərbi təlimlər keçirib. Bu təcrübənin bütün Türk dünyasına yayılmasına ehtiyac var. Düşünürük ki, cənab Prezident TDT-nin Astana Zirvə görüşündəki çıxışında məhz bunu nəzərdə tutur­du. 

Yəni, digər türkdilli dövlətlərin də Azərbaycan–Türkiyə ittifaqına qoşulmasına ehtiyac yaranıb. Aydın məsələdir ki, bu ölkələrin bir qismi postsovet məkanında yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, Rusiya Fede­rasiyası ilə müəyyən münasibətləri mövcuddur. İntəhası, bu, onların heç də hərbi zəmində digər Türk dövlət­ləri ilə hərbi inteqrasiyasına qətiy­yən mane olmur. Hətta Türk dövlət­lərinin hərbi-sənaye kompleksləri ortaq məhsulların istehsalı, yayımı barədə düşünə bilərlər. Türkiyə və Azərbaycan arasında artıq bu qəbil­dən də anlaşmalar imzalanıb. Hesab edirik ki, həmin razılaşmaların coğ­rafiyasının genişlənməsinə ehtiyac var. Prezident İlham Əliyev Astana­dan verdiyi mesajında məhz bunu nəzərdə tuturdu.

 

İmran BƏDİRXANLI
XQ





Siyasət