Türk dövlətləri arasında iqtisadi münasibətlər genişlənir

post-img

Noyabrın 3-də Türk Dövlətləri Təşkilatının Astanada 10-cu yubiley Zirvə görüşü keçirildi, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. 

Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşünün “Türk əsri” çağırışı altında keçirilməsi diqqət çəkir, çox güman ki, təşkilat gələcək üçün vizyona türk dünyasının birləşmiş ilmələrini gətirməkdən ötrü səylərini təkmilləşdirəcək. TDT çalışır ki, qlobal məkanda hökmran ideologiyalara alternativ yaratsın. Bunu tədbirin adından tutmuş, təşkilatın missiyasına qədər geniş aspektrli planlarda görmək elə də çətin deyil. TDT-nin alternativ güc olmaq yolundakı təməlini alternativ ideoloji xətt təşkil edir, yəni bazisdir. Enerji və iqtisadiyyat sahəsindəki əməkdaşlıq, təhlükəsizlik mühitindəki vahid meyarların formalaşdırılması isə bazanın üzərində inşa edilir. İnşa edilən sütunlar Türk Dövlətləri Təşkilatına beynəlxalq səviyyəli çəki qazandırır. Nəzərə almaq lazımdır ki, Astana Zirvəsi TDT-nin perspektiv qlobal layihələndirmələrdə uyğun mövqedə qərarlaşması üçün düsturların yoxlanılması baxımından əhəmiyyətli idi.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı regional münaqişələr və böyük güclər arasında şiddətlənən qlobal hibrid müharibələrə baxmayaraq, özünün portfelini genişləndirir. Belə ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda Yaxın Şərq cəbhəsində İsrail-Fələstin hərbi toqquşmalarının səhnəyə çıxması TDT-nin tempini qorumaq üçün çağırışlardır. İndi TDT elə etməlidir ki, əvvəlki illərdə olduğu kimi, mövcud münaqişələr və onun doğuracağı perspektiv müharibələr təşkilatın böyümək imkanlarını məhdudlaşdırmasın. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı həmin ştrixləri gündəmə gətirdi və belə demək mümkünsə, TDT-ni müdafiə sahəsində sıx əməkdaşlığa səslədi: “Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.

Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Dövlətimizin başçısı İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”. Prezidentin söylədiyi bu fikirlər bu gün TDT-yə üzv ölkələrin iqtisadi münasibətlərində öz əksini tapır.

Qeyd edək ki, Türk dövlətləri arasında iqtisadi münasibətlər genişlənir. Belə ki, ümumilikdə 4,8 milyon kvadrat kilometr əraziyə, 1,4 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir.

Bu gün bütün dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. Hazırda Orta Dəhlizlə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artmaqdadır. 2023-cü ilin yanvar-avqust aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olub. Heç şübhəsiz ki, bu artım Azərbaycanın da həmin ölkələrlə iqtisadi əlaqələrinə öz təsirini göstərib. Belə ki, 2022-ci ildə Azərbaycanla Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,9 faiz çoxdur. Həmin dövründə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 40,5 faiz, Qazaxıstanla 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. Qeyd edək ki, Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək artırılması hədəflənir.

Bu gün TDT dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Ölkəmiz üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Belə ki, TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Hələ 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan ediblər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən tikiləcək Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini və s. qeyd etmək olar. Həmçinin, cari ilin fevralında qardaş Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına TDT-üzv dövlətlərin dəstəyi xüsusi vurğulanmalıdır.

Nəticədə tam əminliklə söyləmək olar ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr TDT-nin rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Ölkə başçısı İlham Əliyev hələ bir neçə il əvvəl təşkilatın gözəl gələcəyinin olacağını böyük uzaqgörənliklə bildirərək demişdi: “Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir”. Prezidentin təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayıb.

Əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.

Fərid Mustafayev 

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Siyasət