“Azadlıq” radiosu Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı reportaj hazırlayıb. Radionun veb-səhifəsində dərc edilmiş materialın qeyri-peşəkar hazırlandığı onun ilk cümləsindən – başlığından görünür. “Füzuliyə köç kimlərin köçüdür? Onları Qarabağa niyə aparmırlar?” başlığı uyğun olmayan ifadədir. Füzuli özü Qarabağ iqtisadi regionuna daxil olan 8 inzibati rayondan biridir. Onda “Füzuliyə gedənlərin Qarabağa aparılmaması” ifadəsinin nə məna daşıdığı qeyri-müəyyəndir. Belə anlaşılmazlıqlar məqalə boyu davam edir. Bütövlükdə, məzmun qeyri-obyektiv, qərəzli və qeyri-peşəkar tərtibatdan ibarətdir.
Reportajı izləyərkən bəlli olur ki, müəllif Birinci Qarabağ müharibəsi dövründə Bakının müxtəlif hissələrində məskunlaşdırılmış məcburi köçkün ailələrinin yenicə bərpa olunan Füzuli şəhərinə qayıdışından bəhs edir. O, qeyd edir ki, Füzuli şəhərində indiyədək 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib. Digər ailələr isə hələ də “çətin həyat sürərək gözləyirlər”. Nəticə budur ki, Füzulidən məcburi köçkün düşmüş, Bakıda məskunlaşmış və indi geriyə köç növbəsini gözləyən sakinlərin durumu “Azadlıq” radiosunun əməkdaşını “rahatsız edirmiş”.
Məqalənin başlığı kimi, onun məzmunu da, hətta müəllifin “səmimiyyəti” də saxtadır. Təkcə Füzulidən deyil, vaxtilə işğala məruz qalmış digər rayonlardan didərgin düşmüş, məcburi köçkünə çevrilmiş bütün ailələrin Bakıda oturub 30 il müddətində geri dönməyi gözləməsinin tək bir səbəbi vardır. O da Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, ABŞ başda olmaqla aparıcı dövlətlərin Ermənistanın bu hərəkətinə göz yumması, problemin həlli üçün Azərbaycana əsaslı dəstəyin göstərilməməsidir. “Azadlıq” radiosu obyektiv, peşəkar və səmimi olsaydı, heç olmasa bircə dəfə ABŞ siyasi elitasına sual ünvanlayar, Qarabağ probleminə 30 il müddətində “laqeyd” yanaşmalarının səbəbini soruşardı. Amma soruşmayıb. Soruşa da bilməz. Problemin kökü də buradan qaynaqlanır.
"Azadlıq" radiosu (Radio Free Europe/Radio Liberty (RFE/RL) — ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. Onun təsis məramnaməsində qeyd edilir ki, Konqress tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, “müstəqil KİV qurumudur, informasiya siyasətində azaddır”. Amma bütün fəaliyyəti bu təqdimatın əksinədir. Radio həmişə Konqresin siyasi kursuna tabe olub, siyasi konyukturaya uyğun davranıb, təqdimatda bir söz deyib, gerçəklikdə isə fərqli yol tutub. Yəni, mahiyyətləri riyakarlıq üzərində qurulub. Bunu isbatlamaq üçün kifayət qədər faktlar mövcuddur.
Çox da uzaq olmayan tarixdə – oktyabrın 14-də ABŞ Konqresindən Azərbaycanı hədəf alan dezinformasiya yayıldı. “Politico” nəşrinin yazdığına görə, ABŞ dövlət katibi Entoni Blinken Konqresə xəbərdarlıq edib ki, Azərbaycan yaxın həftələrdə Ermənistana hücum edə bilər.
“Ağ Ev” sonradan bu informasiyanı təkzib etməyə çalışdı. Sual yaranır: Əgər yayılmış xəbər dezinformasiyadırsa, ABŞ Konqressi onu “Politico” nəşrinə nə üçün sızdırıb? Azərbaycanı hədəfə çevirməkdə məqsədi nədir? “Azadlıq” radiosu səmimi və peşəkar davransaydı, bu sualları Konqres üzvlərinə və ya Konqres rəhbərliyinə ünvanlayardı. Amma buna təşəbbüs göstərmədi.
Əgər belə çaşqınlıq epizodik hal daşısaydı, Konqresdə ilk dəfə təzahür etsəydi, yaxud, “Azadlıq” radiosu ilk dəfə belə korafəhm davransaydı, bəlkə də məsələnin üzərindən keçmək olardı. Amma gedişat onu göstərir ki, ABŞ başda olmaqla Qərb ölkələrində Azərbaycana qarşı yönəlmiş dezinformasiya istehsalı sistemli hal alır. Problem 2020-ci ildə – 44 günlük mübaribə dövründə daha qabarıq şəkildə görünmüş, “Laçın yolu” kampaniyası fonunda davam etmişdi. 19 sentyabr-antiterror tədbirləri zamanı isə pik nöqtəyə çatmışdı.
44 günlük müharibə dövründə Azərbaycanın, guya, “suriyalı terrorçular”dan faydalanması barədə saxta xəbərlər yaydılar. Bu yalanlar Avropanın, Rusiyanın, İranın siyasi çevrələrinin dillərindən səsləndi. Qərb mediasının səhifələrində əks olundu. İddia öz təsdiqini tapmadı. Amma həmin saxta xəbərə görə üzr istəyən də olmadı.
Yaşadığımız günlərdə isə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin kəmiyyəti daha da çoxalıb. Azərbaycanı Qarabağ regionunda “etnik təmizləmə” prosesi həyata keçirməkdə ittiham edən xəbərlər yayılır. Fransa, Almaniya, ABŞ rəsmiləri faktsız-sübutsuz olsa da, Azərbaycanı “soyqırımı” və ya məcburi deportasiya aktında ittiham edirlər. Qərb KİV-ləri də həmin dezinformasiyaları geninə-boluna tirajlayırlar.
2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvami də Azərbaycana qarşı qərəzli ittihamlarla çıxış edib. O, təşviqat xarakterli müsahibəsində ermənilər tərəfindən Gəncə və Bərdə şəhərlərinə raket hücumunun kadrlarını nümayiş etdirərək izləyicilərə yalan məlumat verdi. Raket hücumuna məruz qalanların azərbaycanlılar deyil, ermənilər olduğunu bildirdi. Mövzu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də danışdı və videosüjeti sərt tənqid etdi. Amma nə “Azadlıq” radiosu, nə “Politico” nəşri, nə də başqa bir ABŞ KİV-ləri bu mövzuları gündəmə gətirmədilər, günahkarları sorğulamadılar.
ABŞ daxil olmaqla, aparıcı Qərb dövlətlərində istehsal olunan dezinformasiyalar təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edir. Həmin dezinformasiyalar qlobal fəlakətlərə yol açır, bütövlükdə sivilizasiyanı təhdid edir. Bunu ABŞ-ın özündə də görürlər. Donald Tramp “Truth” sosial şəbəkə platformasındakı hesabında yazıb ki, “Prezident Co Baydenin yanlış siyasəti ABŞ-ı üçüncü dünya müharibəsinə yaxınlaşdırır”.
Nüfuzlu “PolitiFact” platforması 2016-cı ildə “dezinformasiya”nı “ABŞ siyasətinin fenomeni” elan edib. “PolitiFact” bu nəticəyə gəlib ki, dezinformasiya Birləşmiş Ştatlar siyasətinin ayrılmaz elementinə çevrilib. Prezidentliyə namizədlər də, mövcud prezidentlər də bu alətdən yararlanırlar.
Məşhur tədqiqat mərkəzlərindən olan “Statista” isə mövzunu daha da konkretləşdirib. 2022-ci ildə keçirdiyi sorğunun nəticələri üzrə hazırladığı hesabatda qeyd edib ki, ABŞ-da ümumi informasiya dövriyyəsində feyk xəbərin payı 56 faizə çatır. Ən maraqlısı isə odur ki, sorğu iştirakçılarının 50 faizi “saxta xəbər” artımının kökündə ölkənin rəsmi dairələrinin dayandığını deyiblər.
İndiki dövrün ən böyük problemi odur ki, “saxta xəbərlər” ABŞ başda olmaqla, Qərb dövlətlərinin siyasi çevrələri tərəfindən istehsal olunurlar, transmilli KİV-lər tərəfindən tirajlanırlar. Dövrümüzdə mövcud olan qanlı münaqişələrin, müharibələrin də bir çoxu bu mənbədən qaynaqlanır. Yaxın Şərqdəki yeni müharibə qeyd edilən fikirləri bir daha təsdiqləyir.
Transmilli KİV-lərdən olan CNN HƏMAS-ın İsrailə hücumu zamanı 40 nəfər körpənin başının kəsilməsinə dair informasiya yaydı. Xəbər sürətlə Qərb KİV-lərinin manşetinə çıxdı, qlobal informasiya trendinə çevrildi. Zəlzələ effekti verən məsələ emosiyaları coşdurdu. Təkcə HƏMAS-ı deyil, bütövlükdə, Fələstin xalqını beynəlxalq ictimai rəyin hədəfinə çevirdi. Qəzzada həyata keçirilən qisas hücumlarına, mülki şəxslərin kollektiv şəkildə cəzalandırılmasına bəraət qazandırdı.
Amma oktyabrın 12-də yayılmış bu xəbər sonradan öz təsdiqini tapmadı. Bəlli oldu ki, körpələrin başının kəsilməsi barədə xəbər yalandır, reallığı əks etdirmir. Xəbərdə əksini tapmış iddiaları isbat etmək üçün əldə heç bir fakt yoxdur. CNN-in müxbiri Sara Sidner oktyabrın 14-də sosial şəbəkə hesablarında post paylaşaraq bildirdi ki, xəbəri legitim qurumlara və legitim şəxslərə, daha konkret desək, ABŞ prezidenti Co Baydenin nitqinə istinadla hazırlayıb. Sara yazır ki, "İstifadə etdiyim məlumatı İsrail Baş Nazirinin ofisində eşitdim. Sonra prezident Co Bayden bu faktları təsdiqləyən şəkilləri gördüyünü açıqladı. Mən də inandım. Amma bu gün İsrail hökuməti deyir ki, körpələrin başının kəsildiyini təsdiq edə bilməz. Ağ Ev də bəyan edib ki, Baydenə uşaqların başının kəsilməsinə dair heç bir fakt və sübut təqdim olunmayıb”.
Amma İraqda kimyəvi silah tapılmadı. ABŞ isə öz səhvinə görə üzrxahlıq etmədi. Ümumən, ABŞ və Qərb siyasətçiləri 10 illərdir ki, oxşar hərəkətləri təkrarlayırlar. Bu gün də eyni “ampluadadırlar”.
Müşfiq ƏLƏSGƏRLİ,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti