(əvvəli XQ-nin 21 oktyabr nömrəsində)
II məqalə
Həqiqət xaos yaradan deyil, dünyanı sadələşdirəndir...
Antuan de Sent-Ekzyüperi
Milli dövlətçiliyin qızıl dövrü
I məqalənin son tezisində ifadə olunan mənaları fəlsəfi və sinergetik təhlil etmək üçün onu iki məntiqi hissəyə ayıraq: Onlardan biri “...əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqı...” dır, digəri isə “...2003–2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşmüş...” və həmin kontekstdə “...2003–2023-cü illər... Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri” olmuşdur.
Con Spenser Braunun XX əsrin 60–70-ci illərində yaratdığı “forma”məntiqi prizmasında “dövlətçilik tariximiz” fon, yəni hansı reallığa görə proseslərə nəzər saldığımızı ifadə edir. “Azərbaycan xalqının siyasi, mənəvi-əxlaqi, mədəni yaşantıları isə bu fonun konkret fiqurudur, yəni hər zaman kəsiyində əyani təzahürüdür. 2003–2023-cü illər isə dövlətçilik fonunda fiqurun malik olduğu yeni incə və qiymətli “dövlətçilik naxışıdır”. Bu mənada, doğrudan da 2003–2023-cü illəri “çoxəsrlik milli dövlətçilik tariximizdə bənzəri olmayan qızıl dövrü” adlandıra bilərik.
Vurğuladığımız məntiqə görə, “milli dövlətçiliyin qızıl dövrü” zamanca iki faktora görə müəyyənləşdirilir: Birincisi, Azərbaycan xalqının keçmişdəki yaşantıları – “əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqı”. İkincisi, son 20 ildə həmin xalqın “həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqinin” özünü göstərməsidir.
Belə çıxır ki, C.Braun məntiqinə görə, 2003–2023-cü illəri əhatə edən mərhələ Azərbaycan milli dövlətçiliyi və toplumunun tarixi təkamül dinamikası aspektində adi zaman-məkan kontinuumu deyildir – o, yeni mərhələdir! Bu keyfiyyətdə həmin dövr keçmişlə gələcək arasında harmoniya yaradan və konkret məzmun alan “indi”dir! Sinergetikanın fəlsəfəsində bu duruma “indi-yeni” deyirlər (bax: məs., Serge F.Timashev, Susie Vrobel. A new Dialogue with Nature: Fractal Time and Flicker Noise Spectroscopy. The Institute for fractal research. IF Paper 1/04 ISSN (1436-1779). 2003: home tonline.de/home Susanne.Vrobel / home html.).
Vurğuladığımız məntiq işığında Prezident İlham Əliyevin 2003–2023-cü illərdəki fəaliyyətinin hansı mənalarda milli dövlətçiliyin qızıl dövrü olmasının fəlsəfi və politoloji dərkinin “indi-yeni” anlayışı kontekstində aktuallığını anlamağın dövlətçiliyin ümumiyyətlə fəlsəfi dərki baxımdan faydalı ola biləcəyini düşünürük. Bizcə, burada İlham Əliyevin son 20 ildə həyata keçirdiyi siyasətin keçmişlə gələcək arasında geştalt proses kimi (yəni fraqmetar deyil, bütöv, tam keçid prosessuallığı statusunda) keçid etməyə imkan verən sistemli fəaliyyətinin “indi”dəki “yeni” kimi fəlsəfi anlamı öz plana çıxmalıdır. Bu cür fəlsəfi-sinergetik ümumiləşdirmə Prezidentin fəaliyyətinə həm sistemli, ardıcıl, düşünülmüş geştalt proses kimi baxmağa, həm də bu fəaliyyətin hazırkı mərhələ (fəlsəfi anlamda “indi”də) üçün “yeni”liyinin nədən ibarət olduğunu aydınlaşdırmağa imkan verər. Vəzifəni konkret olaraq belə müəyyənləşdirə bilərik: Prezidentin fəaliyyətinin “indi-yeni” kontekstində yeniliyi nədən ibarətdir? Prezidentin fəaliyyətinin yeni məzmunu konkret olaraq siyasi reallığın hansı aspektində və ya sahəsində yaranmışdır və praktiki faydasını göstərmişdir?
Bu suala fəlsəfi-sinergetik cavab axtarmaq üçün “indi-yeni” anlamında keçmişlə gələcəyin bağlantısını ifadə edən mənalar yükünə baş vurmaq lazımdır. Yəni, XX əsrin böyük filosoflarından olan Jil Delyoz mənasında indidən keçmişə və gələcəyə eyni anda “yayılmaq” gərəkdir (Mişel Fuko onun haqqında demişdir ki, “fəlsəfədə XX yüzil Delyoz əsridir”). Bizim bu “fəlsəfi yolçuluğumuzun” abstrakt deyil, konkret-praktiki faydalı olması üçün dahi bir şəxsiyyətimiz də vardır: o, əlimizdən tutub düzgün yolu göstərəcəkdir! Həmin böyük dahi şəxsiyyət Heydər Əliyevdir! Prezident İlham Əliyevin indidəki yeniliyini real anlamaq üçün Ulu öndərin fikirlərinə, kəlamlarına və fəaliyyətinə varmalıyıq. Mayak rolunu oynayacaq tezis, formul, kəlam da mövcuddur. Konkret olaraq:
“Fəxr edirəm ki, mən azərbaycanlıyam” formulu
“Fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı fonunda “...əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur” tezisi dolğun məna kəsb etmirmi? Biz fəlsəfi əsaslandırmağa çalışacağıq ki, tezisin dolğun mənasını, hər şeydən öncə, Ulu öndərin vurğulanan formulu fonunda anlamaq mümkündür və faydalıdır. Çünki müasir azərbaycanlı üçün həmin kəlam təfəkkürün köləliyindən və psixoloji natamamlıqdan qurtuluşun mənəvi-əxlaqi, intellektual, siyasi-ideoloji və praktiki vətəndaş duyumunun bütün müsbət enerji çalarlarını özündə ehtiva edir. J.Delyoz mənasında bu formulun məzmun sahəsində “indi”nin fonunda “keçmişə və gələcəyə intellektual yayılmaq” təfəkkürün köləliyinin və psixoloji natamamlığın “yuvalandığı maskalı köşəyə” işıq salmağa imkan verəcəkdir.
“Əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış” tezisinin fəlsəfi kontekstindən başlayaq. Heydər Əliyev bu fikrin məzmununa emosional-duyğusal aspektlə yanaşı, yüksək zəka səviyyəsində çox dərindən nüfuz etmişdir. Ulu öndər böyük düşünən siyasətçi kimi bu tezisin dövlətçilik çərçivəsində anlamına varmışdır. Bu anlamı ən ağır siyasi konyuktura (Sovetlər dünyanın ən ağır və riskli siyasi konyukturasını yaratmışdı) şəraitində belə, məharətlə təfəkkür hadisəsi kimi praktikada insanların şüurundan və psixologiyasından bir zədə kimi silinməsi üçün ciddi çalışmışdır.
Ulu öndər Azərbaycanın bölünməsi və əsrlərlə ağır məhrumiyyətlərə məruz qalmasının həm təfəkkürdə köləliyi körüklədiyini, həm də insanların davranışlarında ilk növbədə ölkəsinə, xalqına, cəmiyyətə və, nəhayət, müstəqil dövlət olmaq ideyasına psixoloji olaraq natamam münasibət göstərdiyini çox gözəl bilirdi. Hər şeydən öncə, bu zədələri aradan qaldırmaq gərəkdi. Azərbaycanlıların təfəkküründə yad təzyiq nəticəsində formalaşan kənardan əbədi asılılıq qavramı və duyğusu “əbədi azadlıq və müstəqillik” inamı ilə əvəz olunmalı idi.
Bəlkə də XX əsrin əvvəllərində ADR-i quran dahilərimiz, bütövlükdə, ictimai şüur və toplum psixologiyasını bu girovluqdan qurtara bilmədikləri üçün Cümhuriyyətin ömrü qısa oldu. Hər bir halda, SSRİ kimi amansız, sərt və total nəzarətə malik bir sistemdə Heydər Əliyevin azərbaycanlı təfəkkürünə “mən azad olub öz dövlətimi qura bilərəm” əminliyini və “öz tariximi özüm yaratmağa qadirəm” psixoloji əminliyini aşılaması sön dərəcə mürəkkəb və çətin bir vəzifə idi. Lakin Heydər Əliyev ona görə dahidir ki, faktiki olaraq çıxılmaz olan bu vəziyyətdən siyasi-ideoloji və praktiki çıxış yolunu tapdı. Ulu öndər bunun üçün üç istiqamətdə sovet sisteminin imkan verdiyi maksimal səviyyədə fikrində tutduqlarını həyata keçirdi. Onlar bizim müxtəlif ədəbiyyatda təsvir olunan sovet dövründə Heydər Əliyevin kadr siyasəti, iqtisadi inkişaf xətti və mədəni, milli-mənəvi, əxlaqi dəyərlərin qorunması idi.
Kadrların azərbaycanlılaşdırılması...
Bunlar sovet dönəmində Heydər Əliyevin dahiyanə tapıntısı idi. Əsrlərlə rus imperiyasının və sonra sovetlərin Azərbaycanın idarə edilməsində elə kadrlara üstünlük verirdilər ki, onlar Azərbaycanın deyil, Mərkəzin maraqlarından ölkəmizə yanaşırdılar. Həmin kadrların böyük əksəriyyəri üçün Azərbaycan bu mənada, sevgi obyekti, səmimi olaraq uğrunda çalışmaq məkanı deyil, yad bir yerdə imperiyanın maraqlarını təmin etmək üçün prioritet idi. Bu, həm idarəetmənin siyasəti və fəlsəfəsinin canı, həm də Azərbaycana münasibətdə psixoloji münasibətin əsas məzmunu idi. Bunun fonunda bir tərəfdən, Azərbaycana və azərbaycanlılara yuxarıdan aşağı baxmaq, onları bacarıqsız, qeyri-mədəni, alverçi, həmişə qanunu pozmağa çalışan kütlə olaraq təsəvvür etmək normaya çevrilmişdi. Digər tərəfdən isə həmin yanaşmanın fonunda azərbaycanlıların özlərinin bir-birinə münasibəti radikal, dözülməz və qarşılıqlı bəyənməmək müstəvisinə salınmışdı. Bu iki tendensiya sintez halında iki zərərli nəticə verdi: azərbaycanlı təfəkküründə özünün toplum və ölkə olaraq kənardan asılılığı normaldır, təbiidir, çünki biz bacarıqsızıq. Bu halı biz “təfəkkürün köləliyi” adlandırırıq. Təfəkkürün köləliyi daima hər bir dövləti və cəmiyyəti toplumsal və milli məsələlərdə xilas yolunu kənarda axtarmağa istiqamətləndirir. Buna görə də cəmiyyətdə nə baş verirsə, “bu millət belədir, ondan başqa nə gözləyəsən”, “materialı xarabdır” və s. kimi özünü aşağılayıcı reaksiya ilə “izah” edilməyə çalışılırdı (təbii ki, bu, total olaraq hər kəsə aid deyildir).
Əgər bir təfəkkür tərzi zamanca uzun müddət davam edirsə, ondan avtomatik olaraq psixoloji natamamlıq kompleksi yaranır. Bu, hər bir insanın cəmiyyətin üzvü kimi və bütövlükdə, toplum olaraq dövlət miqyasında nəyisə yarada bilməsinə inamsızlıqdır. Bunu əsaslandırmaq üçün, adətən, xalqı onun tarixində olan mənfi hadisələri qabartmaqla ruhdan salmağa çalışırlar. Həmin məqsədin tərkibində isə “Azərbaycan rəhbərləri tarixən satqın olmuşlar”, “filan hökmdar filan məsələdə filankəsi satdı”, “Səfəvilər və Osmanlılar bir-birini qırmışlar və biz türk deyilik”, “Azərbaycan ziyalıları satqındırlar və dərindən düşünən deyillər”, “bu xalqın mədəniyyəti saxtadır, çünki öz kökünü düzgün bilmir” və sair kimi ruh düşgünlüyü yaradan, özünə inamı sıfırlamağa yönəlmiş fikirləri ictimai dövriyyəyə buraxırdılar. Əlavə olaraq, tariximizdən olan bir sıra epizodları zaman kontekstindən çıxarıb mütləq fakt kimi təqdim etməyə çalışırdılar. Bunun da adını “mənbələrə istinad etmək” qoyurdular (yeri gəmişkən, bu cəhd ara-sıra yenə davam edir və bəhanə həmənkidir: mənbələrə istinad etmirlər).
Ulu öndər ustalıqla sovet dönəmində Azərbaycanı və azərbaycanlıları bu cür aşağılamaq xəttinə qarşı güzəştsiz mübarizə aparmışdır. Məhz bu baxımdan Heydər Əliyev kadrları azərbaycanlılaşdırırdı. Yəni təhlükəsizlik orqanlarından başlayaraq hər dövlət qurumu üçün Azərbaycan sevgisi, marağı olan və onun üçün çalışan kadrları hazırlamağa başlamışdı. Bu proses hələ keçən əsrin 40-cı illərində Heydər Əliyev “KQB”-də şöbə müdiri olanda başlamışdır. 1969-cu ildə respublikaya rəhbər gələndən sonra daha da kütləviləşdi və çox sayda gənclər SSRİ-nin nüfuzlu təhsil ocaqlarında Azərbaycan kadrı kimi yetişdirildi. Yəni, Heydər Əliyev kadrları azərbaycanlılaşdırma prosesini etnik mənsubluğa görə deyil, Azərbaycana, Vətənə, ölkəyə münasibətə görə aparmışdır. Bu da çox gözəl nəticələr vermişdir.
Kadrların azərbaycanlılaşdırılması ilə yanaşı, iqtisadi inkişafın təmini əsas yerlərdən birini tuturdu. Burada Ulu öndərin məqsədi həm xalqın rifah halını yüksəltmək, həm də bir sıra qüvvələrin “Azərbaycan iqtisadi cəhətdən yararlı deyil” kimi böhtanlarına qarşı mübarzə aparmaqdı. Dalbadal alınan keçici bayraqlar Azərbaycanı bu baxımdan böyük bir fəlakətdən xilas etdi – Mərkəzdəki bir sıra dairələr Azərbaycanı yox etmək imkanından məhrum oldular. Heydər Əliyev hər kəsə sübut etdi ki, Azərbaycan iqtisadiyyatı inkişafdadır və azərbaycanlılar cəmiyyət statusunda çox müsbət işlər görə bilirlər.
Nəhayət, Heydər Əliyevin Azərbaycanın mədəniyyət məkanı kimi də mövcud olduğunu sübut etməsi tarixi və möhtəşəm bir xidmət idi. Ulu öndər həm milli mədəniyyəti təbliğ edir, ana dilini önə çəkir, həm də Azərbaycanın milli maraqlardan çıxış edən mədəniyyət xadimlərini, şair, yazıçı və alimlərini qoruyurdu. Heydər Əliyev keçirdiyi yubileylər, iclaslar və başqa tədbirlərlə sübut etdi ki, Azərbaycan mədəniyyət məkanı kimi də mövcuddur!
Kadrların azərbaycanlılaşması, iqtisadi infrastukturun inkişafı və milli mədəniyyətin qorunması sintez halında azərbaycanlıların təfəkküründə köləliyi təmizlədi və natamamlıq kompleksinə ağır zərbə vurdu. Bu, Heydər Əliyevin Azərbaycanı xilasının birinci mərhələsi idi.
Müstəqillik bərpa ediləndən sonra bədxahlar yenə baş qaldırdılar. Onlar 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindən başlayaraq yeni səviyyədə Azərbaycanda kölə təfəkkürünü və psixoloji natamamlığı körükləməyə girişdilər. Bu, “Azərbaycanın öz ordusuna ehtiyac yoxdur”, “biz Rusiyasız dövlət ola bilmərik” və ya “biz Qərbsiz dövlət ola bilmərik”, “ADR-i quranlar satqın idi”, “Azərbaycanda yaradılan hər bir təşkilat kənardan sifariş olunur”, “ermənilər çox güclü, biz isə çox zəifik, bir-birimizi satırıq”, “ermənilər Bakıya kimi gələcəklər, ona görə də rusdan yapışmalıyıq”, “bizim rəhbərlər satqındırlar”, “ziyalılar fərsizdirlər”, “xalqın öz mədəniyyəti yoxdur – olanları farsdan və rusdan götürmüşlər” və s. kimi olduqca bədbin rəylər yaratmağa çalışırdılar.
Bütün bunlar Heydər Əliyevin ikinci mərhələdə Xilaskar rolunu yerinə yetirməsinə səbəb oldu. Ulu öndər siyasi hakimiyyətə 1993-cü ildə gəlişi ilə praktiki siyasi addımları və həyata keçirdiyi konkret sosial-iqtisadi, energetik layihələrlə sübut etdi ki, Azərbaycan müstəqil dövlət kimi mövcud ola bilər! Bu, böyük bir qurtuluş idi – təfəkkürün köləliyindən və psixoloji natamamlıq kompleksindən! Çünki Heydər Əliyev sözdə deyil, əməldə müstəqil dövlət qurdu, cəmiyyəti birləşdirdi, təhlükələri uğurlu tədbirləri ilə aradan qaldırdı və bir sözlə, Azərbaycanı bürümüş bədbin ideoloji və psixoloji mühitə bir nikbinlik, özünəinam gətirdi. Və həmin prosesin işığında məşhur “mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı səsləndi.
Bu kəlam Ulu Öndərin böyük tarixi-siyasi və dövləti xidmətinin özündə ehtiva etdiyi müsbət enerjinin yığcam ifadəsidir! Bu xilas formulunun həmin pozitiv enerjisi fonunda İlham Əliyevin 20 illik fəaliyyətinə baxanda meydana olduqca maraqlı fəlsəfi və siyasi-nəzəri məqamlar çıxır. Məsələnin bu tərəfi bütövlükdə çox genişdir və biz yalnız iki tezisin işığında mövzuya nəzər salaq. Onlar aşağıdakılardır:
– İlham Əliyevin müəyyənləşdirdiyi Yol Xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tutur;
– Prezident İlham Əliyevin dövlət başçısı postunda 20 illik fəaliyyətinin təhlili onu göstərir ki, o, həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Əgər bu tezislərə linqvisitk məna tutumunun semantikası sərhədindən kənara çıxıb, praktiki və real fəaliyyətin bir komponenti kimi baxsaq, Prezidentin fəaliyyətində yeni keyfiyyətlərin araşdırılması məsələsinə gəlib çıxarıq. Çünki vurğulanan iki tezis faktiki olaraq Ulu öndərin “bir millət, iki dövlət” və “mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamlarının XXI əsrin mürəkkəb, riskli, keşməkeşli realıqları prizmasında İlham Əliyevin fəaliyyətinin real nəticələrinin bir qisminin yığcam ifadəsi kimi görünür. Yəni məsələnin bu cür qoyuluşunun fəlsəfi və politoloji baxımdan iki tərəfi vardır:
Birincisi, İlham Əliyev Ulu öndərin ifadə etdiyi, fəaliyyətində eksklüziv həyata keçirdiyi başlıca xətti yeni şəraitə uyğun böyük uğurla davam etdirmişdir.
İkincisi, İlham Əliyev bu prosesdə özü yeni liderlik nümunəsi yaratmışdır.
Buradan təbii bir sual meydana çıxır: İlham Əliyevin yeni liderliyinin fəlsəfəsi vurğulanan kontekstdə nədən ibarət ola bilər?
Bu suala cavab axtarışları, zənnimizcə, Prezidentin yeni liderliik nümunəsinin konkret məzmun və mahiyyətinin fəlsəfi təhlilindən başlamalıdır.
Kreativ liderlik: anlamı, missiyası və məqsədi
Öncə “kreativ liderlik” anlayışının fəlsəfi və siyasi anlamlarına nəzər salaq. Bunun üçün, ümumiyyətlə, “kreativ” termininin nəyi ifadə etdiyini aydınlaşdırmaq gərəkdir. Filosoflar vurğulayırlar ki, ümumi səviyyədə “yaradıcılıq” və “kreativlik” sinonimdirlər. Lakin bununla yanaşı, onların çox sayda müqayisələri mövcuddur və yekdil mövqe formalaşmamışdır (bax: məs., Касавин, И.Т. Научное творчество как социальный феномен // Эпистемология и философия науки 2022. Т. 59. № 3. С. 19–29). Burada onlara baş vurmaq imkanı yoxdur. Onu qeyd edək ki, C.P.Hilforda görə, kreativliyin parametrlərindən biri problemləri köhnələrin təhlili əsasında yeni ideyaların tətbiqi ilə həll etmək qabiliyyətidir. Bu tezisdən yanaşsaq, “siyasi kreativliyi” siyasətçinin hər yeni situasiyada keçmiş təcrübə əsasında yeni ideyaların tətbiqi ilə məsələləri həll etmək bacarığı kimi təsəvvür edə bilərik. Bu çərçivədə “kreativ liderlik” liderin qarşılaşdığı hər yeni situasiyada dövlətin və toplumun maraqları baxımından faydalı olan və konkret innovativ addımlar atmaqla fəaliyyət göstərməsidir. Burada nəzəri, ideoloji və praktiki aspektlər sintez halında olmalıdır, yəni bir-biri ilə mükəmməl harmoniya təşkil etməlidir. Nəzəri hazırlıq, ideoloji düzgün istiqamətlə və hər ikisi hər situasiyada liderin innovativ qərarları ilə vahid sistem təşkil etməlidir.
Deməlı, kreativ liderlik siyasətçinin fəaliyyətdə yeni siyasi mənalar yaratmaq qüdrəti ilə sıx bağlıdır. Yeni siyasi mənalar fəaliyyətin hansı sferasında və necə yaranır? İzahını tələb edən və fəlsəfi-sinergetik mahiyyəti olan sualdır. Bu yeni ideyaların yaranma mexanizmi və onların verdikləri nəticələrin fəlsəfi və siyasi-nəzəri təsəvvürü olmasa, “kreativ lider” anlayışının məzmunu tam mənalanmamış qalır.
Bu anlamda “yeni siyasi mənalar” liderlə onun ünsiyyətdə olduğu idarəetmə, ideoloji, mənəvi-əxlaqi, siyasi, diplomatik və digər obyektlərlə (və subyektlərlə) qarşılıqlı kommunikativ fəaliyyətdə yaranır. Buna “siyasi interfeys zonası” deyək (“interfeys fizikadan gələn, lakin həm də fəlsəfiləşən və bizim siyasiləşdirdiyimiz termindir, mənası “vasitəçi”, “aralıq zona” deməkdir). Siyasi interfeys spontan, öz-özünə liderin fəaliyyəti zamanı yaranır və onu birbaşa liderin kommunikativ fəallığı müəyyən edir. Bu məqamı daha aydın dərk etmək üçün vacib saydığımız iki faktora nəzər yetirək.
Konkret ifadə etsək, kreativ liderliyin yeni siyasi mənaların yaranması aspektində anlamı fəlsəfi olaraq iki məsələni aktuallaşdırır. Birincisi, liderin siyasi-ideoloji mövqeyi ilə diplomatik üsullarının harmoniyası və məqsədyönlülüyü. İkincisi, birinci faktoru zamanında tətbiq qabiliyyəti ilə uyğunlaşdıra bilmək.
Deməli, kreativ liderliyin anlamı siyasətçinin hər situasiyada innovativ qərarlar qəbul etmək keyfiyyəti ilə sıx bağlıdır. Kreativ liderliyin missiyası dövlətin və toplumun marağı naminə situasiyanı dövlətin xeyrinə dəyişmək qüdrətidir. Onu vurğulayaq ki, biz burada “liderin missiyası” anlayışını akademik İsa Həbibbəylinin müəyyən etdiyi məzmuna uygun işlədirik. İ.Həbibbəyli həmin anlayışı Ümumilli liderlik kontekstində məzmunlaşdırmışdır və Heydər Əliyev nümunəsinin nəzəri təhlilinə tətbiq etmişdir (bax: İ. Həbibbəyli, Ümummilli liderlik: miqyası və missiyası / "Azərbaycan" qəzeti, 12 dekabr 2019-cu il//URL: http://imbb.az/az/news/431). Biz bu məzmundan çıxış edərək ümumiyyətlə kreativ liderliyin missiyası üzərində düşünməyə çalışırıq. Kreativ liderliyin məqsədi müstəqil dövlət quruculuğunu daim inkişaf etdirmək və dünyanın ən inkişaf etmiş dövlətləri sırasına daxil olmaqdır.
İndi bu faktorların prizmasında İlham Əliyevin yuxarıda vurğuladığımız nailiyyətlərinə nəzər salaq. İlham Əliyev müəyyən etdiyi Yol Xəritəsini tam yerinə yetirməklə güclü iqtisadi potensialın formalaşdırılmasına, müasir cəmiyyət quruculuğuna, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan silahlı qüvvələrin yaradılmasına, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsinə nail olmaqla “Bir millət, iki dövlət!” və “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” formullarının işığında birinci mərhələnin son hədəfi kimi Azərbaycanın müstəqil siyasətinə, ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olmuşdur. Prezident, faktiki olaraq, Azərbaycan vətəndaşlarının təfəkkürün köləliyindən və psixoloji natamamlıqdan XXI əsrin ziddiyyətli və mürəkkəb situasiyalarında tamamilə xilas olmaları üçün nəhəng işlər görmüşdür! İlham Əliyev vurğuladığımız hər iki tezisin fəlsəfəsini konkret praktiki siyasi fəaliyyəti ilə həyata keçirməklə milli dövlətçiliyin daha da inkişaf etdirilməsində əvəzolunmaz fəaliyyət göstərmişdir.
İkinci tezis də bu prizmada fəlsəfi izah oluna bilər. Konkret ifadə etsək, Prezident İlham Əliyev həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə etmişdir. Bu cümlədə ifadə olunan fikir öz növbəsində iki fəlsəfi məqama baxmağı zəruri edir. Onlardan biri kreativ ideyalar və siyasi mənaların liderlik fəaliyyətinin hansı sahəsində meydana gəlməsinin fəlsəfi-sinergetik izahı ilə bağlıdır. Digəri isə liderin şəxsi ünsiyyət qabiliyyətinin onun kreativliyinə və milli, regional və qlobal miqyaslarda nüfuz qazanmasına göstərdiyi təsirin fəlsəfi-sinergetik məqamlarıdır. Və həmin məqamların təhlili məqalənin girişində vurğuladığımız ikinci məntqi hissənin – “...2003–2023-cü illər... Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur” qənaətinin işığında aktual görünür.
Füzuli QURBANOV
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru