İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı

post-img

Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətlə­ri ilə yeni tarixi dövrün milli lideri səviyyə­sinə yüksəlmişdir. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. İlham Əliyevin siyasət sənətinin incəliklərinə dərindən bələdliyi, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkə­mizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılma­sı üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir. 

Ölkə iqtisadiyyatında sürətli və davam­lı inkişaf dövrü yaşanmışdır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng transmilli layihələr qlobal iqtisadiy­yatda mühüm rol oynayır. Energetika sekto­runda əldə edilən nailiyyətlər nəinki ölkəmi­zin enerji müstəqilliyini təmin etmiş, həm də Avrasiyanın energetika xəritəsini dəyişdir­mişdir. Hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çev­rilməsi üzərində iş aparılır. 

Çoxsaylı infrastruktur layihələrinin hə­yata keçirilməsi Azərbaycanın iqtisadi mən­zərəsini daha da zənginləşdirmişdir. Ölkəmiz Avropa ilə Asiyanı bir-birinə sıx bağlayan nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. Qeyri-neft sektorunun, xüsusən, kənd təsər­rüfatının, informasiya texnologiyalarının və turizmin inkişafı dayanıqlı iqtisadi tərəqqi amillərindən biri olmuşdur. 

2013-cü ildə ilk peykinin buraxılmasın­dan sonra Azərbaycan kosmik klubun üzvü olmuşdur və bu gün kosmik fəzanın istifadəsi sahəsində fəaliyyətini 3 peyklə davam etdirir. Ölkəmizin kosmik strategiyası uzunmüddətli perspektivə yönəlmişdir və dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 

Həyata keçirilən əsaslı islahatlar dövlət idarəçiliyi sistemini müasir tələblər səviyyə­sində qurmağa imkan vermişdir. Ölkənin si­yasi həyatı müasir çağırışlara uyğunlaşdırıl­mış, çoxpartiyalı sistem təkmilləşdirilmişdir. 

İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi hə­yatında önəmli rol oynayır. Digər siyasi qüvvələrin, o cümlədən, müxalif partiyaların sərbəst fəaliyyəti üçün hüquqi əsaslar tək­milləşdirilmişdir. Milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı sahəsində əməli addımlar atılmışdır. 

Azərbaycanda qanunun aliliyi təmin edilmiş, insan hüquqlarının və azadlıqlarının qorunması dövlətin ali məqsədinə çevrilmiş, vətəndaş cəmiyyətinin inkişafına əlverişli şərait yaradılmışdır. Həyata keçirilən düşü­nülmüş tədbirlər sayəsində ölkəmiz dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Azərbaycanın dünyaya təqdim et­diyi demokratik cəmiyyət nümunəsi etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə, bütün xalq­ların mədəni sərvətlərinin, müxtəlif dinlərə etiqad edən insanların mənəvi dəyərlərinin qorunmasına və inkişafına əsaslanır.

Müxtəlif sivilizasiyaların və mədəniyyət­lərin nümayəndələrini bir araya gətirən dünya və Avropa miqyaslı tədbirlərin ölkəmizdə ke­çirilməsi ənənə halını almışdır. Bakı nüfuzlu beynəlxalq toplantılara, humanitar forumla­ra, mədəniyyətlərarası dialoq məclislərinə, böyük idman yarışlarına evsahibliyi edir. 

Hər bir azərbaycanlının Prezidenti ol­mağı bacaran İlham Əliyev azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə ölkədə milli həmrəyliyin möhkəmləndiril­məsini daim diqqət mərkəzində saxlayır. Sayına və intellektual potensialına görə dün­yanın qüdrətli xalqları ilə bir sırada dayanan Azərbaycan xalqının mütəşəkkil qüvvə kimi formalaşmasının dəstəklənməsi üçün görülən işlərin miqyası ildən-ilə genişlənir. Dün­ya azərbaycanlılarının bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin güclənməsinə, diaspor təşkilatlarının formalaşmasına, Azərbaycan Respublikasının hüdudlarından kənarda ya­şayan soydaşlarımızın hüquq və mənafeləri­nin, təhlükəsizliyinin, milli kimliyinin qorun­masına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxla­masına, dəfələrlə soyqırımına və deportasi­yaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpasına və zorla tərk etməyə məcbur olduqları ata-baba torpaqlarına qayıt­masına kömək göstərilməsi dövlət siyasəti­nin ayrılmaz tərkib hissəsini təşkil edir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının xarici si­yasət konsepsiyasının həyata keçirilməsi sahəsində parlaq nailiyyətlər əldə edilmiş­dir. Bir çox dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, beynəlxalq təşkilatlar çərçivəsində fəal iş aparılmışdır. 2012–2013-cü illərdə dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti Azərbaycanın diplomatiya ta­rixində əldə edilmiş ən böyük uğurlardan biri olmuşdur. 

Azərbaycanın beynəlxalq nüfuzunu göstərən digər mühüm bir hadisə dünyanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının yekdil qərarı ilə 2019–2022-ci illərdə dövlətimizin bu quruma sədr seçilməsi və yenidən yekdil qərarla sədrlik müddətinin daha bir il uzadıl­ması olmuşdur. Hərəkata sədrlik dövründə Prezident İlham Əliyev ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorumuşdur. 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şə­bəkəsinin və Gənclər Təşkilatının yaradılma­sı Azərbaycanın uğurlu sədrliyinin nəticələri olmuşdur. 

Prezident İlham Əliyevin irəli sürdüyü milli təhlükəsizlik konsepsiyasının bütün istiqamətlərində müsbət nəticələr əldə edil­mişdir. Ən yüksək standartlara cavab verən silahlı qüvvələr formalaşdırılmışdır. Doğ­ma torpaqlarını işğaldan azad etməyə hazır olan vətənpərvər gənc nəsil yetişdirilmişdir. Bütün bunlar Azərbaycan ərazilərinin Ermə­nistanın işğalından azad edilməsi barədə ulu öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinə şərait yaratmışdır. 

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələri­nin hərbi qələbəsi xalqımızın qəhrəmanlıq sal­naməsində yeni şanlı səhifə açdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfə­ri sayəsində işğalçı Ermənistan təslim olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri və etnik təmizləmələr silsiləsinə son qoydu, xalqımıza düşmən kəsilmiş dünya erməniliyinə sarsıdıcı zərbə endirdi. 

Ermənistanın davam edən hərbi-siya­si təxribatlarına son qoyulması məqsədilə 2023-cü il sentyabrın 19–20-də müzəffər Ali Baş Komandanın məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenil­məzliyini bir daha nümayiş etdirdi. Azərbay­can Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. 

Qarabağı könüllü tərk etmək istəyən er­məni sakinlərin ölkə ərazisindən təhlükəsiz və rahat çıxışına şərait yaradılmışdır. Qara­bağda qalan ermənilərin Azərbaycan cəmiy­yətinə reinteqrasiyası üçün lazımi tədbirlər görülür. Ermənistanla sivil dövlətlərarası münasibətlər qurulması məqsədilə Azərbay­canın irəli sürdüyü şərtlər əsasında sülh danı­şıqları davam etdirilir. 

Hazırda işğaldan azad edilmiş torpaq­larda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən, bərpa və qu­ruculuq işləri geniş vüsət almışdır. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdları­na qaytarılır. İnamla söyləmək olar ki, Qara­bağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çev­riləcəkdir. 

Siyasi lider öz fəaliyyəti ilə zaman­ca qısa bir dövrü əhatə edir, milli lider isə uzunmüddətli perspektiv üçün ölkəsinin in­kişafının optimal istiqamətlərini müəyyən­ləşdirir. Azərbaycan Respublikasının Milli Məclisi əmindir ki, Prezident İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə Azərbayca­nın müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir. Milli Məclisin Bəyanatında daha sonra qeyd edilir: “Vətənimizin və xalqımızın bu günü və sa­bahı naminə dəyərli fəaliyyətində dövlət baş­çısına yeni böyük uğurlar arzulayaraq, onun uzaqgörən daxili və xarici siyasətini, həmişə olduğu kimi, fəal surətdə dəstəkləyəcəyini, həyata keçirilən quruculuq işlərinin qanun­vericilik bazasını möhkəmləndirmək və tək­milləşdirmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bəyan edir”.

XQ

Siyasət