Milli Məclisin xüsusi iclası

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova tədbiri açaraq bildirib ki, bugünkü xüsusi iclasın gündəliyinə 1 məsələ - İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı daxil edilib.

S.Qafarova diqqətə çatdırıb ki, Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb. Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində bö­yük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, si­yasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində ulu öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaq­görən daxili və xarici siyasət xətti dayanır. 

Natiq dedi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib. Bu inkişafın miqyası haqqında təsəvvür yaratmaq üçün təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda istehsal olunan ümumi daxi­li məhsul 3,6 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri və xərcləri ildən-ilə əhəmiyyətli dərəcədə artır. İyirmi ilə yaxın dövrdə döv­lət büdcəsinin gəlirləri iyirmi beş dəfədən çox, xərcləri isə iyirmi altı dəfə artıb. Həyata keçirilən məqsədli sosial proqramlar sayə­sində yoxsulluq səviyyəsi 5,5 faizə düşüb. İnsanların rifah halı yüksəlib. Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət tərəfindən müntəzəm dəstək göstərilir. 

Milli Məclisin sədri bu dövrdə ölkəmi­zin iqtisadi yüksəlişindən, zəngin neft və qaz yataqlarından, nəhəng enerji potensialından səmərəli istifadə edilməsindən də söhbət açıb. Qeyd edib ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, digər layihələr həm indiki, həm də gələcək nəsillərin firavanlığını təmin etməyə yönəlib. 

S. Qafarova onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilən siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti istənilən layihənin uğurla real­laşmasını təmin edir. Ötən dövrdə ölkəmizin iqtisadiyyatına milyardlarla ABŞ dolları məb­ləğində investisiya qoyulub. Eyni zamanda, Azərbaycan özü də bir sıra regional və qlobal layihələrdə sərmayəçi kimi çıxış edir. 

Sahibə xanım vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq nüfuzunu daha da artırıb. Bu gün ölkəmiz qlobal dialoqda fəal iştirak edir. Dünya dövlətləri ilə münasibətlərdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Azər­baycan sanballı sözü və ardıcıl mövqeyi olan bir dövlət kimi tanınır. Xüsusi qeyd edilmə­lidir ki, Azərbaycan 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, 2019–2022-ci illər üçün dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qo­şulmama Hərəkatına sədr seçilib və sədrlik müddəti daha bir il uzadılıb.

Parlamentin sədri müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələri­nin döyüş əzmi və rəşadəti, yüksək hərbi-tex­niki və mənəvi-psixoloji hazırlığı sayəsində xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən danışaraq deyib ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları azad edilib və ulu öndər Heydər Əliyev tərəfindən başla­dılmış tarixi missiya layiqincə sona çatdırı­lıb. Dünya miqyasında az sayda liderə nəsib olan möhtəşəm Zəfərə imza atmaqla cənab İlham Əliyev öz adını Azərbaycan tarixinə əbədi həkk edib. Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün Ali Baş Koman­danın rəhbərliyi ilə bu il sentyabrın 19–20 tarixlərində Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri hərb tariximizin yeni şan­lı səhifəsini təşkil etdi. Bu hadisə, ilk növbə­də, dövlət başçısı İlham Əliyevin liderliyinə göstərilən ehtiramın ifadəsidir. 

Qeyd edilib ki, ölkə Prezidentinin təşəb­büsü və rəhbərliyi ilə dövlət həyatının bütün sahələrində sistemli islahatlar həyata keçi­rilib. Ölkəmizin siyasi sistemi təkmilləşdi­rilib. Altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxalif par­tiyaların nümayəndələri də təmsil olunub­lar. Hakimiyyətin müxtəlif qolları arasında əməkdaşlıq əlaqələri daha da möhkəmlənib, iqtidarla müxalifət arasında müntəzəm dialoq qurulub. Dövlətimizin başçısının rəhbərliyi ilə xalqımız Vətən müharibəsində və antiterror tədbirlərində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa və quruculuq işlərində də nümayiş etdirir. 

Çıxışının sonunda S. Qafarova dövlət başçısına tarixi missiyasını həyata keçirmək­də yeni böyük uğurlar arzulayıb və bildirib ki, cənab İlham Əliyevin bu missiyasını qanun­vericilik fəaliyyəti sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Çıxış edən deputatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcək­də daha yüksək zirvələr fəth edəcəyi və da­vamlı uğurlara imza atacağını vurğulayıblar.

Sonra iclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezi­denti seçilməsinin 20-ci ildönümü ilə əlaqə­dar Azərbaycan Respublikası Milli Məclisi­nin Bəyanatı qəbul edilib.

Əliqismət BƏDƏLOV
XQ

Siyasət