Bakı–Tbilisi–Ceyhan kəməri Yevlaxdan güc alır

post-img

Buradakı 2-ci nasos stansiyası fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir

BP şirkətinin ölkənin aparıcı kütləvi informasiya vasitələri üçün təşkil etdiyi ikigünlük mediaturun növbəti dayanacağı Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin Yevlaxda yerləşən 2-ci nasos stansiyası oldu. Stansiyanın girişində media nümayəndələrinə təhlükəsizlik qaydaları ilə bağlı ətraflı məlumat verildi. 

Sonra stansiyanın iş prinsipi, bura­dakı qurğu və obyektlər barədə geniş təqdimat oldu. Stansiyanın menece­ri Rəşad Məmmədov əvvəlcə Xəzə­rin Azərbaycan sektorunda yerləşən “Azəri–Çıraq–Günəşli” yataqlar blo­kundan və “Şahdəniz” yatağından çıxarılan karbohidrogenləri dünya ba­zarlarına ixrac edən boru kəmərləri­nin hər biri haqqında jurnalistlərə qısa məlumat verdi. Qeyd olundu ki, 1999-cu ilin aprel ayında istismara verilmiş Qərb ixrac boru kəmərinin (Bakı–Sup­sa) uzunluğu 829 kilometr təşkil edir. 21 düymlük borularla çəkilmiş kəmərin 445 kilometri Azərbaycan ərazisindən keçir. Bakı–Supsa kəmərinin gündəlik ötürücülük gücü 106 min barel təşkil edir. 

R. Məmmədov Azərbaycan neftini dünya bazarına daşıyan Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə bağlı mühüm xarakterik rəqəmlə­ri media nümayəndələrinin diqqətinə çatdırdı. Bildirdi ki, ümumi uzunluğu 1768 kilometr olan bu kəmər 42, 46 və 34 düymlük borularla çəkilib. Kəmərin 443 kilometri Azərbaycan, 249 kilo­metri Gürcüstan, 1076 kilometri isə Türkiyə ərazisindən keçir. BTC-nin gündəlik ötürücülük gücü 1,2 milyon barel təşkil edir. Bununla belə, zərurət yaranacağı təqdirdə kəmərin nəqletmə gücünün artırılması da mümkündür. Hazırda BTC ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftlə yanaşı, “Şahdəniz” yatağından çıxa­rılan kondensat ixrac olunur. Bundan əlavə, adıçəkilən kəmərlə Qazaxıstan və Türkmənistan nefti də nəql edilir.

Azərbaycanın “Şahdəniz” yatağın­dan hasil edilən qaz isə Cənubi Qafqaz boru kəməri və Cənub Qaz Dəhlizinin seqmenti olan genişləndirilmiş Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan, Türkiyə və Avropaya çatdırılır. Kəmərin ümumi uzunluğu 1166,5 kilometr təşkil edir. Bu nəhəng qaz kəməri 42 və 48 düymlük borularla çəkilib. Qeyd olundu ki, 2006-cı ilin sonlarından “Şahdəniz” qazını Gürcüstan və Türkiyə bazarları­na daşıyan Cənubi Qafqaz boru kəmə­rinin uzunluğu 691 kilometrdir ki, bunun da 443 kilometri Azərbaycan ərazisin­dən keçir. 2014-cü ilin sentyabr ayında təməli qoyulan Cənub Qaz Dəhlizi la­yihəsi çərçivəsində adı çəkilən kəmər genişləndirilib və əlavə 475, 5 kilometr boru xətti çəkilib. Hazırda kəmərin gündəlik ötürücülük gücü 60,7 milyon kubmetr təşkil edir. Kəmər boyunca Gürcüstan və Türkiyə ərazilərində 2 təhvilvermə məntəqəsi yaradılıb. 

Yeri gəlmişkən, son illər Avropa­nın enerji xəritəsinin xeyli zənginləş­dirilməsinə imkan yaradan Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən sayılan Trans-Anadolu boru kəməri ilə 2018-ci ilin yayından etibarən Tür­kiyəyə “mavi yanacaq” nəql olunur. Mühüm enerji dəhlizinin son seqmeni­ti olan Trans-Adriatik boru kəməri isə 2020-ci ilin dekabr ayının son günlə­rindən başlayaraq Azərbaycan qazını Avropa bazarına çatdırır. 

Media nümayəndələrinə məlumat verildi ki, 1768 kilometrlik Bakı–Tbilisi–Ceyhan boru kəmərinin müxtəlif relyef quruluşuna malik ərazilərdən keçmə­si neftin təzyiqinə nəzarət olunmasını tələb edir. Bu məqsədlə Bakı yaxınlı­ğındakı Səngəçal terminalından başla­yaraq Türkiyənin Aralıq dənizi sahilin­də yerləşən Ceyhan limanınadək uzun bir məsafə qət edən Bakı–Tbilisi–Cey­han əsas ixrac boru kəməri boyunca 8 nasos stansiyası inşa olunub. Həmin stansiyalardan 2-si Azərbaycan, 2-si Gürcüstan, 4-ü isə Türkiyə ərazilərin­də fəaliyyət göstərir. Boru kəmərinin ahəngdar işi məhz həmin stansiyalar­dan asılıdır. Belə ki, uzun məsafə qət etməli olan xam neft bu qurğularda, necə deyərlər, yenidən sürət yığaraq yoluna davam edir. 

Layihə meneceri R. Məmmədov bildirdi ki, hazırda Bakı–Tbilisi–Ceyhan boru kəmərinin iki opreatoru var. Sən­gəçal terminalından Türkiyənin Cey­han limanınadək olan geniş bir ərazidə boru kəmərinə nəzarəti SOCAR həyata keçirir. Kəmər boyunca yerləşən bütün yerüstü qurğuların–nasos stansiyaları­nın operatoru isə BP şirkətidir. Hazır­da BTC ilə sutka ərzində orta hesabla 620 min barel neft nəql olunduğunu diqqətə çatdıran layihə meneceri dedi ki, 2022-ci ildə kəmərlə ixrac olunmuş 30 milyon ton neft Ceyhan limanından 305 tanker vasitəsilə dünya bazarına yola salınıb. Ümumilikdə isə, 2006-cı ilin iyun ayından indiyədək BTC neft kəməri ilə, təqribən, 552 milyon tondan artıq neft nəql olunub. 

Ötən müddətdə neftin ahəngdar və sabit rejimdə nəqlinin təmin olun­masında BTC-nin digər vacib qurğu­ları kimi Yevlaxda yerləşən 2-ci nasos stansiyası da mühüm rol oynayıb. Bu barədə media nümayəndələrinə ətraf­lı məlumat verən R. Məmmədov qeyd etdi ki, hazırda stansiyanın ərazisində 4 neftvurma qurğusu mövcuddur. On­ların 3-ü gündəlik ahəngdar rejimdə fəaliyyət göstərir. Dördüncü qurğu isə ehtiyat kimi saxlanılır. Onun sözlərinə görə, 3 qurğu birlikdə gündə 1 milyon barelədək neft aşırmaq gücünə malik­dir. Hazırda isə həmin qurğularla gün­də orta hesabla 620 min barel neft ötü­rülür. Sahə menecerinin dediyinə görə, nasos stansiyasının turbinləri Cənubi Qafqaz boru kəməri vasitəsilə nəql olu­nan “Şahdəniz” qazının hesabına işlə­yir. Belə ki, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ilə eyni dəhlizdən keçən Cənubi Qafqaz boru kəmərin­dən götürülən qazın təzyiqi azaldılaraq turbinlərə ötürülür. Bunun üçün 2 mil­yon kubmetr qaz tələb olunur. Həmin qazın ödənişi isə BTC şirkəti tərəfindən həyata keçirilir. 

Yevlax nasos stansiyanın enerji təchizatı heç bir kənar infrastrukturdan asılı deyil. Bu barədə məlumat verən layihə menecerinin sözlərinə görə, ob­yektin elektrik enerjisi ilə dayanıqlı təc­hizatı üçün ərazidə yarımstansiya və 3 generator quraşdırılıb. Hər birinin gücü 1,2 meqavat təşkil edən həmin genera­torlar dizel yanacağı ilə işləyir. Bundan əlavə, stansiyanın ərazisində yanğın təhlükəsizliyi məqsədilə 2 nəhəng su çəni quraşdırılıb. 

Məlumat verildi ki, Bakı–Tbilisi–Ceyhan boru kəmərinin ahəngdar işini təmin etmək məqsədilə stansiya­nın ərazisində ərsinləmə əməliyyatı aparan sahə fəaliyyət göstərir. Bun­dan da məqsəd boruların içərisində formalaşmış tullantıların təmizlənmə­sindən ibarətdir. Son dərəcə dəqiqlik tələb edən bu əməliyyat mühəndislərin müəyyənləşdirdikləri qrafik əsasında həyata keçirilir. Buna da, adətən, ildə bir dəfə zərurət yaranır. 

Qeyd edək ki, son illər BP və tərəf­daşlarının birgə reallaşdırdıqları dünya səviyyəli neft-qaz layihələrində yerli mütəxəsisslər üçün geniş imkanlar ya­radılıb. Təsadügi deyil ki, hazırda BP şirkətində çalışan peşəkar mütəxəssis­lərin və rəhbər heyətində təmsil olunan şəxslərin 90 faizindən çoxu yerli kadr­lardır. BTC-nin Yevlaxda yerləşən 2-ci nasos stansiyasında çalışanların da, demək olar ki, hamısı yerli mütəxəssis­lərdir. Ümumilikdə isə, stansiyada növ­bə ərzində 55 nəfər çalışır ki, bunun da 35 faizi BP-nin öz işçiləri, qalanları isə podratçı şirkətlərin nümayəndələridir.

 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat