Azərbaycana qarşı mina terroru ATƏT müzakirəsində

post-img

Oktyabrın 11-də ATƏT-in ənənəvi “İnsan ölçüsü” üzrə Varşava konfransında Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə mina təcavüzünün insan haqlarına təsiri mövzusunda tədbir keçirilib.

Tədbirin moderatoru, Azərbay­can Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgən­dərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisi­nin ondabir hissəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu əra­zilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırıb. Qırx dörd günlük müharibənin bitməsin­dən sonra da Azərbaycan ərazilə­rində Ermənistan tərəfindən yeni minalar basdırıldığını qeyd edən səfir bunu rəsmi İrəvanın sülh rito­rikasında riyakarlığının göstəricisi kimi dəyərləndirib. Ermənistanın bu qeyri-qanuni fəaliyyəti nəticə­sində təkcə son iki ildə 300-dən çox azərbaycanlının mina terroru­nun qurbanı olduğunu vurğulayan E.İsgəndərov yalnız lokal xarakter­li antiterror tədbirləri nəticəsində Qarabağda mina terroruna son qoymaq üçün tam şərait yarandı­ğını qeyd edib.

Tədbirdə “Minaların insan haq­larına dağıdıcı təsiri” mövzusunda ilkin tədqiqatın hesabatını təqdim edən İtaliya İnsan Haqları Federa­siyasının prezidenti Antonio Stanqo Qarabağın minalarla çirkləndirilmə­sinin humanitar faciə miqyaslı oldu­ğunu bildirərək, bunun nəticəsində Azərbaycanın Avropada mina ilə ən çox çirkləndirilmiş ikinci ölkə ol­duğunu diqqətə çatdırıb. Hesaba­tın təhlil hissəsində Ermənistanın apardığı 30 illik mina terroru nəti­cəsində beynəlxalq ədalətin və hu­manitar hüququn, həmçinin təməl insan hüquqlarını kobud şəkildə pozduğu bildirilib. 700 mindən çox keçmiş məcburi köçkünün vətən­lərinə qayıtmasını əngəlləyən, on­ların sağlamlıq, iş və təhsil hüquq­larının kütləvi şəkildə pozulduğunu qeyd edən A.Stanqo beynəlxalq in­san hüquqları mexanizminin işə sa­lınmasını, minalardan zərər çəkmiş Azərbaycan vətəndaşlarına təzmi­natın ödənilməsinin təmin olunma­sının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən ANA­MA-nın idarə rəisi Ramil Əzizov işğaldan azad olunduqdan sonra Qarabağda görülən minatəmiz­ləmə işlərindən danışıb, indiyədək 2636 hektar ərazidə piyada əley­hinə 30 minə yaxın, tank əleyhinə 17 mindən çox minanın aşkar edilərək zərərsizləşdirildiyini bildi­rib, bu irimiqyaslı minatəmizləmə əməliyyatlarının əsasən Azərbay­canın öz daxili imkanları hesabına həyata keçirildiyini deyib. 

2018-ci ildə “Minadan azad Cənubi Qafqaz” regional kampa­niyasını təsis etmiş, LİNKS Avropa Fondunun icraçı direktoru Denis Sammut çıxışında minatəmizləmə sahəsində regional əməkdaşlığın, qarşılıqlı etimadın yaranması üçün tarixi imkanın formalaşdığını qeyd edib. O, Avropa İttifaqını irimiqyaslı minatəmizləmə işində bölgəyə, xü­susilə Azərbaycana əməli dəstək göstərməyə çağıraraq, bunun beynəlxalq tərəfdaşların regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət göstərəcəyini diqqətə çat­dırıb.

Siyasət