Avropa Parlamentinin xalqımıza qərəzi və ermənipərəstliyi səngimək bilmir

post-img

Qətnamə, yoxsa illüziya üçün lakmus kağızı?

Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan deyəndə ki, Azərbaycana Qarabağı işğal etdiyi üçün sanksiya tətbiq etmək lazımdır – düşündük ki, ermənidir, ağzına gələni danışmaq bunların qanındadır. Ancaq sonra gördük ki, Avropanın öz “erməniləri” də var imiş. Yazımızda belələrinin avantürist baxışlarındakı bir məqam, daha doğrusu, Azərbaycana qarşı cəfəng iddia haqqında söz açacağıq. 

Əvvəlcə bildirək ki, T.Balayanın “sanksiya məntiqinə” Azərbaycanın Aİ ölkələrinə satdığı neft və qazın qiy­mətini məhdudlaşdırmaq və qurumun Bakı ilə daha sıx münasibətlərə dair danışıqlarının dayandırılması daxil idi. O, “Reuters”ə müsahibəsində başqa bir çox məsələlərdən də danışmış və sözünü ona gətirmişdi ki, Azərbaycan “Qarabağın işğalını başa çatdırıb”, indi növbə Ermənistanındır. 

Bəli, Avropanın öz “erməniləri”nin olduğunu təsadüfən vurğulamadıq. Ona görə belə dedik ki, onlar həyasız­lıqları ilə erməni qanını daşıyanlardan fərqlənmirlər. Belələri üçün beynəlxalq hüquq prinsipləri heç nədir. Bu zehniy­yət sahiblərinin yarımçıq təfəkkürlərinə dövlətlərin ərazi bütövlüyü məsələsinin fundamentallığı yaddır. Nəhayət, bu gerizəkalılar bütün bəşəri dəyərlərdən, hətta əxlaq normalarından uzaqdırlar. Görünür, belələrinin bir yerə toplaş­dıqları qurumun elə Avropa Parlamenti olmasında da bir məntiq var. Əlbəttə, AP-də Cənubi Qafqaz bölgəsində baş verən proseslərdən xəbərdar olan, Azərbaycana ədalətli münasibət bəs­ləyən sağlam qüvvələr də mövcuddur. Təəssüf ki, çox vaxt onların səsi eşidil­mir, yaxud olduqca zəif eşidirlir.

Bəli, Avropa Parlamentinin üzvləri Strasburqda keçirilən plenar iclasda Aİ ölkələrini Qarabağdakı hadisələrə görə Azərbaycana qarşı sanksiyaların tət­biqinə, habelə əməkdaşlığın inkişafını dayandırmağa çağıran qətnamə qəbul etmək niyyətindədirlər. Sənəddə, eyni zamanda Azərbaycan qazının idxalından asılılığın azaldılmasının vacibliyi vurğula­nır. 

Həmçinin AP-nin korrupsiyalaşmış deputatları Aİ-ni və üzv dövlətləri Qara­bağda çoxsaylı atəşkəs rejiminin və insan hüquqlarının pozulmasına görə Azərbay­canın, guya, məsuliyyət daşıdığını da bil­diriblər. Bundan başqa, onlar Aİ-nin Xarici Siyasət üzrə ali nümayəndəsini “Qaraba­ğın erməni əhalisinin hüquqlarına və təh­lükəsizliyinə hörmətlə yanaşmağa həqiqi iradə nümayiş etdirənə qədər, Azərbay­canla tərəfdaşlıq sazişinin yenilənməsi üzrə danışıqları dayandırmağa” çağırma­ğı planlaşdırırlar. Sən demə, ölkəmiz de­yilənlərə məhəl qoymayacağı təqdirdə Aİ və üzv dövlətlər viza rejiminin sadələşdi­rilməsi haqqında sazişin tətbiqini dayan­dırmalı və digər sahələrdə əməkdaşlığın səviyyəsini azaltmalı imişlər. 

***

Əlbəttə, AP-nin xarici siyasət məsələləri ilə bağlı qətnamələri hüquqi qüvvəyə malik deyil. Lakin digər Avropa təsisatları qurumun deputatlarının rəy­lərini dinləməlidir. Dinləyən olacaqmı, ya yox, mövzumuz bu deyil. Həm də ona görə ki, əksər hallarda aşkar er­mənipərəst mövqe tutanlara əhəmiyyət verənlər, söylədiklərinə ciddi yanaşanlar olmur. Bir atalar misalında deyildiyi kimi, dəyirman öz bildiyini edir, çax-çax baş ağrıdır. 

...Başlıca məqam T.Balayanın de­dikləri ilə AP deputatlarının söylədiklə­rinin üst-üstə düşməsidir. Deməli, er­mənipərəstlər iş başındadır və onların “direktivləri” haradan aldıqları aşkardır. Bu oyunun Fransanın başının altından çıxdığı da, həmçinin. Paris bütün resurs­ları Azərbaycana qarşı səfərbər edib və AP də həmin oyuncaq qurumlardan biri­dir. 

Ümumən, görünən budur ki, Fran­sanın ermənipərəst niyyəti, ümumən Cənubi Qafqaz avantürası üçün bütün Avropa institutlarını alətə çevirməkdə­dir. Bu baxımdan özünü, belə demək mümkünsə, daha əzmlə təklif edən isə AP-dir. Ona görə ki, qurum yuxarıda da dediyimiz kimi, korrupsiyalaşmış, rüşvətə bulaşmış deputatlardan ibarətdir və onlar hazırda Parisin təhriki, eləcə də “köhnə qitə”nin erməni lobbi və diaspor təşkilat­larının maliyyəsi ilə Ermənistana növbəti “illüziya xoşbəxtliyi” yaşatmaqdadırlar. 

Diqqət yetirək, BMT başda olmaqla, müxtəlif təşkilatlar Ermənistanın qaldırdı­ğı Qarabağda “etnik təmizləmə” şousuna dəstək vermədilər. Onlar, həmçinin Ba­kının antiterror tədbirlərinə görə işğalçı kimi qiymətləndirilməsinin yolverilməzliyi­ni anladılar və ümumən məsələyə yaxın durmadılar. Belə çıxır ki, ümid yenə də AP-nin çürük xislətli deputatlarına qaldı. Görünür, necəsə erməni avantürizmini diri tutmaq, beynəlxalq ictimai rəyə an­ti-Azərbaycan mesajı vermək son dərə­cə vacibdir. Deməli, mövcud “sahədə” ixtisaslaşmış qurumun “xidmətlərindən” istifadə də şərtdir. 

“Xidmətlərdən” söz düşmüşkən, bil­dirək ki, AP-nin anti-Azərbaycan fəa­liyyəti özünü hər zaman göstərib. Bu “fəaliyyətdə”, necə deyərlər, “qətnamə məntiqi”ni çox görmüşük. Əvvəlki illərdə qurum ölkəmizdə, guya, insan hüquq və azadlıqlarının, o cümlədən söz və ifa­də azadlığının pozulması ilə bağlı qət­namələr çıxarırdı. Beləliklə, ölkəmizə təzyiq göstərmək istəyən qüvvələrin “si­farişlərini” yerinə yetirirdi. 

Ümumən, bu sənədlərin qəbulu nəin­ki qərəzlidir, eyni zamanda, AP-nin rəh­bər tutduğu müddəalara saymazyana münasibətdir. Nəzərə alaq ki, qurumun üç əsas səlahiyyəti var. Bunlar Avro­pa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək və qurumun büdcəsinin icrasına nəzarət. Bu səlahiy­yətlər ona üzv ölkələr tərəfindən müəy­yənləşdirilib. Deməli, Azərbaycanla bağlı qətnamə qəbul etmək AP-nin səlahiyyət­lərinə ziddir. Ən azı, ona görə ki, ölkəmiz Aİ-nin üzvü deyil. 

Ancaq AP-dəkilər bunu nəzərə al­mırlar və qurumun 44 günlük müharibə­dən sonra tutduğu mövqe belə deməyə əsas verir. Qəbuluna cəhd göstərilən qətnamə AP-nin 2023-cü il başlayandan ölkəmizə qarşı sayca üçüncü qərəzidir. Yada salaq ki, qurum Azərbaycanla bağlı sonuncu qətnaməsini bu il martın 15-də qəbul etmişdi. İlk qətnamə isə yanvarın 19-da çıxarılmışdı. Hər iki halda bu ad­dım Ermənistandakı revanşist qüvvələri hərəkətə gətirmişdi, indi də durum eyni­dir. Sanki, boğulanlar saman çöpündən yapışırlar. Obrazlı desək, bu çöpü onlara uzadan isə AP-dir. 

***

Digər bir məqama da diqqət yetirək. Belə təəssürat formalaşır ki, AP özünün fəaliyyətdə olduğunu yalnız Azərbaycana qarşı qərəzli mövqe tutmaqla təsdiqləyir. Bununla habelə dünyada itirilmiş nüfuzu­nu bərpa etməyə çalışır. Nüfuz isə nəinki yoxdur, hətta yerlə birdir. AP-də korrup­siya yuvasının mövcudluğunu təsadüfən vurğulamamışdıq. Bunu söyləmək üçün kifayət qədər ciddi əsaslar var. Hesab edirik ki, qurumun Yunanıstandan olan vitse-prezidenti Yeva Kaylinin milyonlar­la dollarlıq korrupsiya cinayətində ittiham edilməsini vurğulamaq kifayətdir. Bu olay Avroparlamentin tarixinə düşmüş qara ləkədir. Amma başqa rüsvayçılıqlar da var. 

Təsəvvür edin ki, AP-nin deputatı icti­mai yerdə narkotik vasitə olan kokaindən istifadə edərkən tutulub. Yəqin heç kəsin ağlına gəlməz ki, həmin ictimai yer hara­dır. Ona görə də deyək. Həmin yer AP-nin iclasıdır. Olay bu ilin aprelində baş verib və onunla bağlı konkret videomaterial var. Həmin “qəhrəman” isə deputat Yens Ma­yerdir. Keçmiş hakim olan alman siyasət­çisi sırf sağçı populist partiya olan “Alma­niya üçün alternativ”in üzvüdür. 

Bu sayaq misalların sayını artırmaq, eləcə də ümumən AP-nin Azərbaycanla bağlı qərəzindəki ayrı-ayrı məqamları vurğulamaq mümkündür. Amma ehtiyac duymuruq. Başlıca cəhət dediyimiz kimi, belə bir mənfi reputasiyaya malik quru­mun Azərbaycana çamur atmaq cəhdidir. Heç şübhəsiz, belə cəhdlər əvvəllər ol­duğu tək, indi də heç bir fayda verməyə­cəkdir. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət