Liderlərin Qranada görüşü niyə baş tutmadı?

post-img

Bakının Ankara seçimi, Parisin təhriki və İrəvan sülhə qarşı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş keçirilməli idi. Ancaq görüş baş tutmadı. Azərbaycan görüşdə Türkiyənin iştirakına israr etdi. Lakin buna imkan verilmədi. Məsələdə Fransa və Almaniyanın xüsusi canfəşanlığı həlledici rol oynadı. Belədə təklif olunan beşli formatda (Ermənistan–Azərbaycan–Fransa–Almaniya–Avropa İttifaqı) anti-Azərbaycan ab-havasının olduğunu görmək çətinlik törətmir. Söhbətimiz bu barədədir. Əlbəttə, digər məqamlara da aydınlıq gətirəcəyik. 

İlk növbədə bildirək ki, Azərbaycan və Ermənistan liderlərinin Avropa Si­yasi Birliyinin üçüncü zirvə toplantısı çərçivəsində bir araya gəlmələri lap əvvəldən razılaşdırılmışdı. Daha doğru­su, bu il mayın 14-də onların Brüsseldə Ş.Mişelin vasitəçiliyi ilə keçirilmiş gö­rüşü zamanı. Həmin vaxt Aİ Şurasının Prezidenti payızda Bakı–İrəvan yüksək səviyyəli təmasına dair anons vermişdi. 

Yəni, ilk baxışdan Cənubi Qafqaz liderlərinin növbəti raundunun keçirilə­cəyini söyləmək mümkün idi. Həm də ona görə mümkün idi ki, sentyabrın 26-da Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Ş.Mişelin təşəbbüsü ilə bir araya gəlmiş və həmin təmas zamanı da bir sıra məsələlərlə yanaşı, iki ölkə liderlərinin Qranada sammitində görüş­mələri ətrafında müzakirə getmişdi.

Lakin Aİ-dən gəlmiş iki gün əvvəlki siqnallar göstərdi ki, dəqiqləşmə yoxdur. Yəni, Ş.Mişelin komandasının səyləri səmərəsiz qaldı. Əlbəttə, belə bir duru­mun yaşanması yaxşı hal deyil. O anlam­da ki, Aİ Şurası Prezidentinin vasitəçiliyi­nin indiyədək səmərəli alındığını danmaq olmaz. Əlbəttə, üçlü formata Fransanın qoşulmasınadək. Almaniyaya gəldikdə isə onun Fransanın arxasınca süründü­yünü söyləmək mümkündür. Yəni, ermə­nipərəstlik baxımından Parisə çatmasa da, Berlinin də obyektiv münasibət ortaya qoyduğunu söyləmək olmaz. Bilavasitə Aİ-yə gəldikdə, sanki Ş.Mişel ayrıdır, bu qurum ayrı. Sözümüz ondadır ki, təklif olunan beşli formatda Azərbaycan təklən­miş durumda idi. Hesab etsək ki, Fransa son zamanlar ermənipərəstlik rənglərini bir qədər də tündləşdirib, deməli, Qrana­da görüşündən Cənubi Qafqaz üçün sülh gözləməyə dəyməzdi. 

Bəli, rəsmi Paris İrəvanı Azərbaycanın sentyabrın 19-da başlanmış və 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli anti­terror tədbirlərinin şokundan ayıldaraq, özünün destruktiv məcrasına qaytarıb. İndi Ermənistanın qarşısında yeni illüziya perspektivləri var və Paşinyan administ­rasiyası onları “dəyərləndirməyə” girişib. Müvafiq olaraq, rəsmi İrəvanın siyasətin­də iki anti-Azərbaycan xətti aydın görünür. Bunlardan birincisi Qarabağ erməniləri müstəvisində manipulyasiyadır. İkincisi isə Azərbaycanın antiterror tədbirlərini və ölkəmizin Qarabağda suverenliyinin bər­pasını işğalçılıq və təcavüz kimi qiymət­ləndirmək. Üçüncü məqam da var ki, onun üzərinə Qranada Sammitinin nə üçün real­laşmaması kontekstində gələcəyik. 

Birinci məqam. Məlumdur ki, Qara­bağın erməni əhalisinin bölgədən Ermə­nistana köçü baş verdi. Baxmayaraq ki, Azərbaycan dövləti onlara vətəndaşlıq və hüquqlar təklif etmiş, təhlükəsizlikləri ilə əlaqədar təminatlar vermişdi. Əlbəttə, ki­misə zorla saxlayan deyildik. İndi görürük ki, bu köç Ermənistan hakimiyyətinə bir tərəfdən Azərbaycanı qınamaq və ölkəmi­zin, guya, etnik təmizləmə apardığını iddia etmək üçün lazım imiş, digər tərəfdən isə köç həm də qazancdır. N.Paşinyan artıq Qarabağdakı humanitar böhranın Ermə­nistana keçdiyini bildirməyə başlayıb. Bu nə deməkdir? Paşinyan İrəvanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşündə vurğulayıb: “An­caq, təbii ki, Ermənistan hökumətinin bey­nəlxalq tərəfdaşlardan birbaşa maliyyə yardımına ehtiyacı var ki, biz də orta və uzunmüddətli humanitar problemləri həll edə bilək”.

Bəli, hazırda rəsmi İrəvan Qarabağ erməniləri ilə bağlı xaricdən xeyli miq­darda vəsait əldə edir və Nikol məbləğin artmasına çalışır. Vəsaitin ikincilərin güzə­rarını yaxşılaşdırmağa deyil, Paşinyanın hakim komandasının qeyri-leqal tələbat­larının ödənməsinə yönələcəyi şübhəsiz­dir. Özü də ortada daimi qazanc söhbəti var. Deməli, Paşinyan administrasiyası Qarabağ ermənilərini ayrıca zümrə kimi göstərəcək və maddi dividend əldə edə­cək. Nəzərə alaq ki, bunun siyasi dividendi də mövcuddur və gələk bunun üzərinə.

İkinci məqam. Bildirdiyimiz kimi, Er­mənistan Azərbaycanın suverenliyinin bərpasını Qarabağın işğalı və təcavüz kimi qiymətləndirmək yolu tutur. Sanki Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı yaddan çıxıb. Bu barədə danışarkən, Ermənistanın xarici siyasət konturları üzə­rində dayanmağa ehtiyac var. Hazırda mövcud müstəvidəki aktor Fransadır. Pa­ris son zamanlar xüsusilə aktivləşib. Azər­baycanın suverenliyinin tam bərpasından sonra onun daha da azğınlaşdığını deyə bilərik və heç şübhəsiz, bu amil Ermənis­tanın Azərbaycana münasibətinə təsirsiz ötüşmür. Diqqət edək, iki gün əvvəl İrəva­na səfərə gəlmiş Fransanın XİN rəhbəri K.Kolonna açıq şəkildə bildirir ki, Qara­bağda baş verənlər beynəlxalq hüququn pozulmasıdır. Deməli, Azərbaycanın su­verenliyinin bərpası beynəlxalq hüququn pozulması imiş! 

Əlbəttə, xanım Kolonna fikrini Qarabağ erməniləri kontekstində bildirir və onların ərazidən köçünə fokuslanır. O, görün­məmiş həyasızlığa baş vuraraq deyir ki, bölgənin erməni sakinləri yaşadıqları yer­ləri öz xoşları ilə tərk etməyiblər. “Bunlar məcburi gedişlərdir. Bu gedişlərin heç biri könüllü deyildi”, – deyən Fransanın XİN rəhbəri Qarabağ ermənilərinin ərazidən, guya, təhdid altında çıxdıqlarını da iddia edib və bildirib ki, bunun əksini söyləmək yalandır. 

Fransa riyakarlıq yolunu tutursa, deməli, Ermənistan bu baxımdan daha da irəli getməlidir. Təsəvvür edin, Paşinyan Kolonna ilə görüşündə bildirir ki, Azər­baycan Qarabağda qeyri-qanuni həbslər aparır. Sən demə, separatçı rejimin rəh­bərlərinin həbsi qeyri-qanuni imiş! Bundan böyük oyunbazlıq ola bilməz. Əlbəttə, Er­mənistanın Avropa İttifaqındakı nümayən­dəsi Tiqran Balayan “Azərbaycan Qaraba­ğı işğal edib” deyərək, vay-şivən qoparıb buna görə Bakıya sanksiyaların tətbiqinin zəruriliyindən danışırsa, Nikolun Fransa­nın XİN rəhbəri ilə görüşdə söylədikləri gözləniləndir . 

Ancaq bütün bunlara adi məsələ kimi yanaşmaq olmaz. Ona görə ki, birincisi, er­məni siyasilər bildirirlər ki, guya, Azərbay­can Ermənistan ərazisinə hücum edəcək. Ölkə parlamentinin spikeri Alen Simonya­nın bununla bağlı açıqlaması var. Etnik təmizləmə sərsəmləməsi isə əslində, du­rumu gərginləşdirmək üçün seçilmiş xətt­dir və heç şübhəsiz, həmin iddianı inkişaf etdirmək məramına hesablanıb. Müvafiq olaraq Ermənistanın təhlükəsizliyi məsələ­si qabardılır. Üstəlik, Azərbaycanla bağlı təhrik və təxribat ssenarisinin işə düşdüyü aşkardır. Məsələn, Kəlbəcər istiqamətində ölkəmizin hərbi qulluqçusu snayper atəşi ilə şəhid edilir. Eyni zamanda, Qarabağın küncündə-bucağında gizlənmiş separatçı tör-töküntülərin silahlarını işə saldıqlarına dair məlumatlar var. Hələ hansısa terrorçu qruplaşmanın Azərbaycana qarşı parti­zan müharibəsi aparacağı bildirilir. Bütün bunlar İrəvanda hazırlanmış planın tərkib hissəsidir. Məqsəd aydındır – Azərbaycan torpaqlarını yenidən işğal etmək. 

Əslində, İrəvanın işğalçılıq niyyəti Er­mənistanın təhlükəsizliyinin qorunması məntiqi ilə maskalanmış durumdadır. Mas­kalayanlardan biri də Fransadır. Diqqət yetirək, K.Kolonna keçirdiyi mətbuat kon­fransında bildirir ki, Fransa Ermənistanla müqavilə imzalamağa razı oldu və bunun sayəsində Paris İrəvanı hərbi texnika ilə təmin edə biləcək: “Fransa Ermənistan və Fransa arasında sazişin imzalanmasına razılıq verib. Sənədə əsasən Paris ölkənin müdafiəsini təmin etmək üçün Ermənista­na hərbi texnika verə biləcək”.

Üçüncü məqam. Bütün bunlara görə Aİ Şurasının prezidenti Ş.Mişelin koman­dasının nəyə görə Qranadada Azərbay­can və Ermənistan liderlərinin əvvəlcədən elan edilmiş bugünkü görüşünün təşkili məsələsində çətinə düşdüyünü söyləmək mümkündür. Əvvəldə də bildirdiyimiz kimi, İrəvan antiterror tədbirlərinin şokundan ayılıb və yeni illüziya perspektivinə doğru irəliləməkdədir. 

Azərbaycanın Qranadadakı beşli ma­sanın Türkiyənin iştirakı ilə altılı masaya çevrilməsini istədiyini nəzərə alsaq, demə­li, Qərb Ankaranın Cənubi Qafqazdakı sa­bitləşdirici roluna əhəmiyyətsiz yanaşır. Halbuki, belə olmamalı idi. Ən azından Türkiyə ilə normallaşma xəttini götürdüyü­nü bəyan edən Paşinyan administrasiya­sını bunu etməsi düzgün deyildi. 

Elə bundan da görünür ki, indiki məqamda Nikola bölgədə sülh yox, gər­ginlik sərfəlidir. Və o da görünür ki, erməni baş nazirə Qarabağ kartını diri saxlamaq lazımdır. Paşinyan bu yolla Qərbə Rusiya ilə mübarizə apardığını göstərmək istəyir. Elə Qərbə, daha doğrusu, Fransaya Nikol məhz Kremlə qarşı durmaq üçün lazımdır. İndi tam aydın bilindi ki, nə üçün Fransa­nın XİN rəhbəri K.Kolonna Qarabağda etnik təmizləmə cəfəngiyyatı barədə da­nışarkən Rusiyanın da adını çəkmişdi və bildirmişdi ki, ölkəsi Azərbaycan və Rusi­yanın belə bir halın yaşanmadığına dair bəyanatlarına inanmır. 

Deməli, Bakı ilə Moskvanı eyni müstə­vidə tutmaq istəkləri var. Heç şübhəsiz, bu yanaşma dünya ictimaiyyətinin Ukrayna müharibəsi səbəbindən Rusiyaya olan hiddətini Azərbaycan üzərinə də transfor­masiya etmək məqsədi daşıyır. Bir daha nəticəyə gəlmək mümkündür ki, beşli masa ölkəmiz üçün sərfəli deyildi. Belə bir durumda Azərbaycanın Türkiyəni seçmə­sində isə böyük məntiq var. Sual yaranır: Necə olur ki, bütün dünya taxıl məsələsin­də Ankaranı Moskvaya elçi qismində get­məsini istəyir, ancaq Qarabağla bağlı onun barışdırıcı missiyasına razı deyil? Demək ki, Bakının gedişi həm də razılaşmayan­ların çevrəsini lokallaşdırmaq niyyətidir və kifayət qədər tutarlıdır. Azərbaycan sübut edir ki, Almaniya və Fransanın dünyaya dəxli yoxdur və onların beynəlxalq icti­maiyyət üçün vacib nöqtələrdən sayılan Cənubi Qafqaz coğrafiyasında söz sahib­liyinə girişməsi uğursuzdur. Uğursuzluğu şərtləndirən isə ədalətsizlikdir. Həqiqətən də beynəlxalq hüququ heçə sayıb Azər­baycanın öz suverenliyini bərpa etməsini az qala işğal kimi görən Parisdən nə göz­ləyəsən? Eləcə də onun sözü ilə oturub duran Almaniyadan və indiki durumda mövqesizlik göstərən Aİ-dən. 

Əlbəttə, Ermənistan hakimiyyətinə Qa­rabağ kartını diri saxlamaq, həm də yuxa­rıda da vurğuladığımız kimi, Azərbaycana qarşı ərazi iddiası məsələsini gündəmdən düşməyə qoymamaq üçün vacibdir. Bu baxış sülhə qarşıdır. Qranada görüşü isə mahiyyətcə Cənubi Qafqazda sülh üçün, belə demək mümkünsə, müjdə anonsu kimi qiymətləndirilirdi. Göründüyü kimi, anons verilmədi. Bundan sonra nələr ya­şanacaq, onu zaman göstərəcək.

 

Əvəz CAHANGİROĞLU 
XQ



Siyasət