Kolonna təsdiqlədi: Fransa bölgədə pozuculuqdan əl çəkməyəcək

post-img

Unudurlar ki, bu siyasət, ilk növbədə, Ermənistana ziyandır

Belə təzyiq edənlərdən, hədə-qorxu gələnlərdən, müxtəlif beynəlxalq təşkilat­larda çeşidli fitnələr ortaya atanlardan biri də məhz Fransa və onun XİN başçısı idi. Kolonna aprelin 28-də İrəvanda “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin ya­radılmasını nəzərdə tutaraq, Azərbaycanın atdığı birtərəfli addımların (?) qəbuledilməz olduğunu bildirmişdi: “Ərazi bütövlüyünə hörmət hər hansı güc tədbirindən imtina etmək deməkdir. Mən bunu Bakıda da de­dim. Biz Azərbaycan qüvvələrinin bir ölkə­nin ərazi bütövlüyünə hörmətsizlik edərək irəliləməsini qınamaqla işimizi bitmiş hesab edə bilmərik. Beynəlxalq hüquqa hörmət edilməlidir və bu, hər iki tərəfin irəli getmə­sinin yeganə yoludur”.

K.Kolonna onu da qeyd etmişdi ki, Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Bakı ilə İrəvan arasında razılaşmalara ziddir. Onun hansı razılaşmaları nəzərdə tutduğu və ziddiy­yətin nədən ibarət olduğu isə müəmmalı qalmışdı.

Ermənistan – Azərbaycan münasibət­lərinə belə bir yanaşma sərgiləyən həmin şəxs qeyd etdiyimiz kimi yenidən İrəvana gəlib. Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini tam bərpa etməsi, Qa­rabağdan erməni əhalinin könüllü şəkildə çıxıb getməsi, qondarma rejimə rəhbərlik edənlərin, hərbi cinayətlər işlətməkdə itti­ham olunanların həbsi fonunda Kolonnanın ermənipərəst açıqlamalarının, necə deyər­lər, dozasının daha çox olacağı gözlənilən idi. Belə də olub. O, bu dəfə öz bəyanat­larında bir qədər də irəli gedib. K.Kolonna Ermənistan xarici işlər naziri Ararat Mirzo­yanla birgə keçirdiyi mətbuat konfransında deyib: “Ermənistana səfərimlə göstərmək istəyirəm ki, Fransa dost ölkəmizin ərazi bütövlüyünə və digər istənilən təhdidlərə qarşı çox diqqətli olacaq. Fransa rəsmi İrə­vanla gələcəkdə Ermənistana müdafiə eh­tiyaclarını təmin etmək üçün hərbi texnika tədarük etməyə imkan verəcək müqavilə imzalamağa razılıq verib. Mən Avropa İt­tifaqının buradakı müşahidə missiyasının genişləndirilməsi, onun mandatının artırıl­ması və Ermənistanın Moldovaya bənzər “Avropa sülh mexanizmi”nə daxil edilməsi xahişi ilə Cozep Borrelə (Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayən­dəsi) rəsmi müraciət etdim. Məqsədimiz odur ki, Aİ-yə üzv dövlətlər Ermənistanın ərazi bütövlüyü ilə bağlı aydın siqnallar göstərsinlər. Bu da Ermənistanın ərazi bü­tövlüyünü təhdid edən istənilən hərəkətin çox sərt cavab alacağı fonunda təzahür etməlidir”.

Bundan başqa, K.Kolonna deyib ki, Fransa Ermənistana fransız silahlarının tədarükünə başlamaq imkanı verəcək hər­bi-texniki əməkdaşlıq haqqında saziş imza­lamağa da rəsmi razılıq verib.

Fransız nazir qeyd edib ki, Qarabağ sa­kinlərinin öz evlərini könüllü tərk etdiyi iddia edilir, amma bu yalandır, köç məcburiyyət­dən olub. “Bu, güc təhdidi altında edilən se­çim idi”, – deyə Kolonna özü yalan danışıb.

Bütün bunlarla yanaşı, diplomat Ermə­nistan – Rusiya münasibətlərinin gərginləş­məsi fonunda İrəvandan Moskvanın, necə deyərlər, bostanına daş atmağı da yaddan çıxarmayıb. Deyib ki, Rusiya üçtərəfli Bə­yanatla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyib: “Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında müna­sibətlərin siyasi tənzimlənməsi üçün alətlər təqdim etməli idi. Bu onun öhdəliyi idi, ye­rinə yetirmədi”.

Həmçinin, nazir Ermənistan parlamen­tinin ölkənin Beynəlxalq Cinayət Məhkəmə­sinin Roma statutunu ratifikasiya etməsini alqışlayıb. Deyib ki, bu addım Ermənistanı qətiyyətlə demokratiya və sülhə doğru apa­rır. “Fransa Ermənistanın dostu olmaqdan, eləcə də Ermənistana və ermənilərə uzun­müddətli dəstək göstərməkdən qürur du­yur”, – deyə Kolonna qeyd edib.

Fransa baş diplomatının İrəvana Kiyev­dən gəlməsi də diqqətdən yayınmır. İrəvan­da olarkən K.Kolonna ABŞ Prezidenti Co Baydenlə Ukraynanı dəstəkləyən ölkə və təşkilatların liderlərinin telekonfransında da iştirak edib. “Frans-Press” agentliyi diplo­matik mənbəyə istinadən məlumat yayıb ki, Kolonna telekonfransda Amerika liderindən Ermənistanın gücləndirilməsi zərurətinə də diqqət yetirməyi xahiş edib. O, rəsmi İrəva­nın Rusiyanın təzyiqi, Ermənistanın ərazi bütövlüyünün isə mübahisəli və ya təhdid altında olduğunu iddia edib. Mənbə agent­liyə bildirib ki, Kolonna Ukraynada yaşa­nanlarla yanaşı, Qafqazda baş verənləri də nəzərə almağa çağırıb.

Onu da bildirək ki, telekonfransda ABŞ dövlət başçısı ilə yanaşı Avropa Komis­siyasının sədri, Aİ Şurasının prezidenti, NATO-nun Baş katibi, Kanada, Yaponiya, İtaliya, Böyük Britaniyanın baş nazirləri, Al­maniya Kansleri, Polşa və Rumıniya prezi­dentləri də iştirak ediblər.

***

Fransalı nazirin İrəvanda səsləndirdiyi iddiaları Azərbaycan Xarici İşlər Nazirliyi də şərh edib. XİN K.Kolonnanın Ermə­nistana səfəri çərçivəsində mətbuat kon­fransı zamanı Azərbaycana qarşı səslən­dirdiyi əsassız iddiaları qətiyyətlə pisləyib və rədd edib. XİN-in şərhində deyilib: “30 ilə yaxın müddətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şəkildə qovulmasına, onlara qarşı müha­ribə cinayətləri və kütləvi qırğınlar törədil­məsinə heç zaman əhəmiyyət verməyən Fransanın, indi heç bir əsas olmadan və BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və di­gər beynəlxalq təşkilatların səsləndirdiyi mövqeyə tamamilə zidd olaraq bölgədən könüllü əsasda getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgə­mizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.

Bu xüsusda, Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, elə­cə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azər­baycanın ərazilərinin 20 faizə yaxın hissə­sini işğal altında saxlamasına, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütöv­lüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbay­can tərəfindən həyata keçirilmiş anti-terror tədbirlərinə qədər ərazilərimizdən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarma­masına Fransanın göz yummasının sülh prosesinə maneə və bölgədə əsl təhdid ol­masına diqqət çəkmək istərdik. Fransanın hər zaman Ermənistana dəstək verdiyinin, BMT Təhlükəsizlik Şurasının iclaslarının təşəbbüskarının Parisin olduğunun bildiril­məsi bu ölkənin son 30 ilə yaxın dönəmdə səsləndirdiyi bitərəf və neytral vasitəçi id­dialarının tamamilə əsassız olduğunu növ­bəti dəfə sübut edib”.

Onu da qeyd edək ki, əgər Paris Ermə­nistanın silahlandırılmasını indiyədək gah üstüörtülü formada (məsələn, humanitar yardım adı altında), gah da üçüncü tərəfin (məsələn, Hindistanın) vasitəsilə həyata keçirirdisə, artıq bu proses rəsmi şəkil ala­caq. K.Kolonnanın mətbuat konfransında­kı açıqlamaları bunu deməyə əsas verir. Fransalı nazirin İrəvandakı sözlərindən o da aydın olur ki, “Beşinci Respublika” re­gionda pozuculuq siyasətindən əl çəkmək niyyətində deyil. Ancaq Parisdə unudurlar ki, bu siyasət ilk növbədə Ermənistana zi­yandır. Çünki Azərbaycanla Ermənistanın münasibətlərinin yaxşılaşmasından, sülh müqaviləsinin imzalanmasından, komuni­kasiyaların açılmasından daha çox fayda­lanan məhz İrəvan olacaq.

Bundan əlavə, Azərbaycan da necə deyərlər, yerində saymır. Ordumuzun mad­di-texniki bazası, müasir silahlarla təchiz olunması, şəxsi heyətinin hazırlıq səviyyə­si durmadan artırılır. Prezident İlham Əliyev iyulun 21-də “4-cü Sənaye İnqilabı dövrün­də Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimdəki çıxı­şında siyasi uzaqgörənliklə sanki bu gün baş verən prosesləri müşahidə edərək de­yib: “Biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hö­kumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin is­lahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna, əlbəttə ki, ehtiyac var”.

Zaur MƏMMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq

– Fransa xarici işlər nazirinin İrəvanda səsləndirdiyi fikirlər ta­mamilə qəbuledilməzdir. Onun dediyi sözlər, eyni zamanda, anlaşılmazdır. Məsələn, o qeyd edib ki, Fransa Ermənistanın ərazi bütövlüyünü sonadək mü­dafiə edəcək. Azərbaycanın, guya, ermənilərə münasibətdə apardığı diskriminasiya və et­nik təmizləmə siyasətini qəbul etməyəcək. Məgər Azərbaycan Ermənistanın ərazi bütövlüyünə təhdid yaradır? Azərbaycanın diskriminasiya və etnik təmiz­ləmə siyasəti aparmadığını BMT missiyası da təsdiqləyib.

Fransa artıq öz tərəfini seçib. Fransız rəsmilər Qarabağda­kı separatçıların başçılarını da belə müdafiə edirdilər. Bu gün isə onlar Bakıda həbsdədirlər. Azərbaycan Parisin etirazına baxmayaraq, 44 günlük mühari­bə apararaq, öz məqsədinə çat­dı, antiterror tədbirlərini həyata keçirərək suverenliyini bərpa etdi. Bu mənada fransız rəsmilə­rin verdikləri bəyanatlar, əslində, onların nüfuzdan düşməsinə gə­tirib çıxarır. Eyni zamanda, biz burada Fransanın Rusiya ilə qar­şıdurma əsnasında Paşinyanla birgə Cənubi Qafqazda aranı qarışdırdığını da görmüş oluruq.

Səxavət HƏMİD
XQ



Siyasət