Dünya “ikinci Nürnberq”i gözləyir

post-img

Bakıda müttəhimlər kürsüsünə əyləşəcək hərbi canilərin siyahısında adlar çoxalır

Azərbaycan xalqı tarixi günlərini yaşayır. Hazırda üçrəngli bayrağımız Qarabağın hər bucağında dalğalanır. Qondarma “dqr”in keçmiş separatçı rəhbərləri isə Bakıda dindirilir. Bunun ardı gələcək. Hələlik səkkiz separatçı-terrorçu Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Bunlar Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukas­yan (1997-2007), Bako Saakyan (2007-2020), Araik Arutyunyan (2020-2023), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, habelə kifayət qədər cinayət törətmiş Ruben Var­danyan, Davit Babayan, Lyova Mnatsa­kanyan və Vaqif Xaçaturyandır

Onlar törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işlə­ri üzrə Azərbaycan Respublikası DTX tərəfindən saxlanılaraq Bakıya gətirilib. Bəziləri barədə həbs qətimkan tədbiri seçilib, digərlərinin isə sorğusu davam etdirilir. İndi müstəntiqlərimizin sualları­na cavab verən cinayətkarlar bu yaxın­lara qədər Azərbaycanın ünvanına hədyanlar yağdırır, təhqiramiz ifadələr işlədirdilər. Bu, azmış kimi, bəzi sepa­ratçılar iştirakçısı və icraçısı olduqları cinayət səhnələrinin videogörüntülərini “qəhrəmanlıq dosyeləri” kimi sosial şə­bəkələrdə paylaşıblar. 

Araik Arutyunyanın Gəncənin raket atəşinə tutulması barədə “əmr”i şəxsən verməsi barədə açıqlaması xunta reji­mi “rəhbərlərinin” uşaq qatili olduğunu bir daha təsdiqləyir. Yəqin hərbi tribu­nal həmin materialları əşyayi-dəlil kimi cinayət işinə əlavə edib. Terrora açıq çağırışların yer aldığı həmin videogö­rüntülər kifayətdir ki, istintaq onların cinayətini sübuta yetirsin. 

* * * 

Bu şəxslər on illər boyu Qarabağ­da şəxsən törətdikləri, yaxud təşkil və rəhbərlik etdikləri hərbi cinayətərə görə cavab verməlidirlər. Bu, dünyanın ma­raqla izləyəcəyi bir məhkəmə prosesi olacaq. Bəzi ekspertlər qarşıdakı məh­kəmə dinləmələrini nasist cəlladlarının mühakimə olunduğu yetmiş yeddi il əvvəlki Nürnberq prosesi ilə müqa­yisə edirlər. Gözlərimizin qarşısında baş verən tarixi hadisələri məhz İkinci Dünya müharibəsindən sonra İsrailin (MOSSAD-ın– red.) yəhudi xalqına qarşı hərbi cinayətlər, etnik soyqırı­mı törətmiş faşist canilərini dünyanın müxtəlif qitələrində axtarıb tapması və layiq olduqları cəzanı verməsi ilə müqayisə etmək olar. XXI əsrin əvvəllə­rində Azərbaycan da separatçıları, ter­rorçuları özü cəzalandırmalı oldu. İndi ermənilər və ermənipərəst qüvvələr, insan haqları “müdafiəçiləri” onların müdafiəsinə qalxıb, müxtəlif bəyanatlar səsləndirirlər. Ermənistan mediası isə öz yalanlarını yenə tirajlamaqdadır. 

* * * 

Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etdiyi kimi, buna qarşı çıxanları da cinayət məsu­liyyətinə cəlb edərək cəzalandırmaqda israrlıdır. Son proseslər Ermənistanda və ondan kənarda hələ də revanşist düşüncədə olanlara, onların hava­darlarına ibrət dərsi olmalıdır. Rəsmi Bakının nümayiş etdirdiyi siyasi iradə, atdığı qətiyyətli addımlar Azərbaycan ərazisində ikinci erməni dövləti yarat­mağa, daha sonra “Böyük Ermənistan” xülyasını gerçəkləşdirməyə ümid edən­lərə açıq mesaj və konkret siqnaldır. Aparılan məlum həbslər Azərbaycanı kiçik dövlət kimi görmək istəyənlərə də tərsinə vurulmuş şapalaq effektini ver­di. Torpağımıza və dövlətimizə xəyanət edənlərin zərərsizləşdirilməsi Azər­baycanda hakimiyyətlə cəmiyyətinin vəhdətinin bariz nümunəsidir. Şübhə etmirik ki, kənardan separatçılara ha­vadarlıq edənlər, onları dəstəkləyənlər də baş verənlərdən öz paylarını götürə­cəklər. Son üç ildə şahidi və iştirakçısı olduğumuz hadisələr bir aksiomu orta­ya qoydu: Azərbaycan hər müstəvidə Cənubi Qafqazın aparıcı dövləti, Orta Şərqin siyasi səhnəsində əsas oyunçu­lardan biridir. 

Həbs edilən “titullu” hərbi cinayət­karlar barəsində Azərbaycan Respubli­kası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı ci­nayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tu­tulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb. Onları ömürlük həbs cəzası gözləyir. Femida qarşısına çıxarılacaq müharibə canilə­rinin dairəsi qapanmayıb. Azərbaycana qarşı dövlət cinayəti işlədən daha üç separatçı-terrorçu hələ azadlıqdadır: Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyan. Qarabağ kökənli bu hərbi cinayətkarların əli təkcə soydaş­larımızın deyil, həm də Ermənistanda yerli sakinlərin qanına batıb. “Mühari­bə qəhrəmanları”na qarşı Hayastanda da cinayət işi açılıb. Onların da qolları qandallı Bakıya gətiriləcəyinə inanırıq. Əslində, Qarabağda münaqişə ocağı­nı daim körükləyən, əlləri minlərlə dinc soydaşımızın qanına bulaşmış baş hərbi cinayətkarların– “üçlüy”ün müha­kiməsi daha yaddaqalan, cəzaları isə daha ağır olacaq. İnşallah, onlara da növbə çatar. Yoxsa, dünyaya nümayiş etdirəcəyimiz məhkəmə prosesi yarım­çıq olar.

Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı, hüquqşünas

Qarabağ separatçılarının həbs olunaraq Bakıya gətiril­məsi hər şeydən əvvəl, Dövlət Təhlükəsizlik Xidməti əmək­daşlarının səyi nəticəsində reallaşıb. Müharibə caniləri­nin hər biri sülh və bəşəriyyət əleyhinə törətdikləri cinayət­lərə görə ittiham olunacaqlar. Onlar üzərində məhkəmə pro­sesini necə görmək istərdim? Tarixdə alman faşistlərinin insanlıq əleyhinə və müharibə cinayətləri törətdiklərinə görə Nürnberq prosesi keçirilib. Həbs olunanlar ən ağır cəzaya məhkum ediliblər. Erməni se­paratçı-cinayətkarların da bir məhkəmə prosesində itiham olunmalarını təklif edərdim. Çünki bu adamlar həm 44 gün­lük müharibədə dinc şəhər və kəndlərimizi raket atəşinə tut­duqlarına, həm də soyqırımı əməllərinə görə cinayət məsu­liyyətinə cəlb olunmalıdırlar. Onlar məhz Azərbaycan türk­lərinin yaşadığı məntəqələrə raket atmaqla etnik soyqırımı törədiblər. 

Belə əməlləri beynəlxalq hüquq da pisləyir. Təkcə Gən­cə terroruna görə, BMT, Avro­pa İttifaqı, eləcə də digər bey­nəlxalq təşkilatlar bəyanatlar vermişdilər. Yəni, beynəlxalq hüququn qadağan etdiyi əmə­li törədən bu şəxslərin qısa zaman kəsiyində ardıcıl həbsi eyni məhkəmə prosesinin qu­rulmasına zəmin yaradır. Bir zalda, eyni məhkəmə heyə­tinin iştirakı ilə onların hərbi cinayətlərinə baxıla bilər. Pro­sesə həm ölkənin, həm də xa­rici ölkələrin jurnalistləri cəlb olunsun. O cümlədən, Ermə­nistanı və separatizmi dəstək­ləyən ölkələrin diplomatları da dinləmələrdə iştirak etsin­lər. Burada təkcə Azərbaycan qanunvericiliyinin deyil, bey­nəlxalq hüququn da pozulma­sına dəlalət edən cinayətlərin bir prosesdə və geniş miqyas­da işıqlandırılması vacibdir. Qoy həmin hərbi cinayətkar­ların etirafları lentə alınsın və dünyaya nümayiş etdirilsin. Çünki bunlar nasistlərdən də betərdir və insanlıq, bəşə­riyyət əleyhinə cinayətlərinə görə ömürlük həbs cəzası ala­caqlarına inanıram. 

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri

Bundan sonra erməni se­paratizmi ilə mübarizə me­dia və hüquq müstəvisində aparılacaq. Görünən odur ki, ermənilər dezinformasiya və pozuculuq fəaliyyətlərindən əl çəkməyəcəklər. Artıq həbs olunanlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsi qarşısın­da iddia qaldırıblar. Hüquqi baxımdan Azərbaycanın mövqeyi çox güclüdür. Bizim suveren ərazimizdə ciddi mü­haribə cinayətləri törədilib. Ortada konkret cinayət əməl­ləri və dəqiq sübutlar var. Fikrimizcə, məhkəmə prosesi şəffaf, açıq aparılmalı, bey­nəlxalq müşahidəçilər, jurna­listlər üçün heç bir məhdu­diyyət qoyulmamalıdır. Çox güman ki, bununla bağlı kə­nardan təzyiqlər də olacaq. 

Beynəlxalq hüquqa görə, bizi kimsə, nədəsə ittiham edə bilməz. Ərazimizdə törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək bizim hüququ­muzdur. Bunu etməməkdən ötrü heç bir sənəd də imzala­mamışıq. Üçtərəfli bəyanat­da “Dağlıq Qarabağ” ifadəsi var. Beynəlxalq Məhkəmə buna istinad edə bilər. Bəli, may ayında cənab Preziden­tin amnistiya ilə bağlı müra­ciəti var. Amma orada bütün cinayətkarlara qarşı amnisti­yanın tətbiqindən söhbət get­mir. Azərbaycan hakimiyyəti ilə işləyən, silahı yerə qoyan ermənilərə artıq amnistiya vermişik. Belələri artıq Laçın postumuzdan keçərək Azər­baycanı tərk ediblər. Yəni, hüquqi baxımdan mövqeyi­mizdə zəif məqam görmürəm. Amma Beynəlxalq Ədalət Məkməsinin fəaliyyətində si­yasi qərar vetmək təcrübəsi də var. Kosovo barədə qərarı nəzərdə tuturam. Fransa və ABŞ tərəfindən müəyyən təz­yiqlərin olması gözləniləndir. 

Ümumiyyətlə, bu prose­sin gedişində ölkəmizə qarşı iki cinahdan təzyiq ola bilər. Birincisi Beynəlxalq Ədalət Məhkəməsi, ikincisi Avro­pa İnsan Haqları Məhkəməsi tərəfindən. Amma ermənilər nə qədər çalışsalar da, hüquq və ədalət bizim tərəfimizdə olacaq. 

İmran BƏDİRXANLI
XQ





Siyasət