Bu gün Türk dünyası böyük bir ailədir

post-img

Tarixi Naxçıvan təşəbbüsü Turana gedən yolu qısaldır 

Biz hər zaman bir-birimizin yanında olmalıyıq, Türk Dövlətləri Təşki­latının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər, o cümlədən, Azərbaycan. Azərbaycan bütün dövrlərdə bu təşkilatın güc­lənməsinə hər zaman öz dəstəyini əsirgəməmişdir və bizim xarici siyasət prioritetləri arasında təşkilata üzv ölkələrlə əlaqələr birinci yeri tutur. Bunu mən Prezident kimi dəfələrlə bəyan etmişəm, eyni zamanda, biz bunu əməli işlərdə də göstərmişik.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

Bakı, 7 sentyabr 2023-cü il

Bəzi ekspertlər yazırlar ki, Türk dövlətlərinin əməkdaşlığının genişləndirilməsi SSRİ-nin çökməsindən sonrakı vəziyyətin tələb etdiyi çağırışlara cavab olaraq intensivləşmişdir. Doğrudur, burada da həqiqət var. Ancaq ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə də bu məsələni daim diqqətdə saxlayırdı. Məsələn, Mixail Qorbaçovun göstərişi ilə Qazaxıstan kimi böyük türk dövlətinə qeyri-qa­zax millətindən olan Gennadi Kolbin rəhbər təyin olunanda Kremldə yeganə türk təmsilçisi olan Heydər Əliyev buna ciddi şəkildə etiraz etmişdi. 

Xatırladaq ki, Qazaxıstanın döv­lət başçısı Dinmühəmməd Kunayevlə Heydər Əliyevin dostluğu bütün türk siyasətçilərinə örnək sayılırdı. Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunda Qazaxıstana yeni rəhbər təyinatında Gennadi Kolbinin namizədliyinin əley­hinə çıxmışdı. Heydər Əliyev o vaxtlar Qazaxıstan Nazirlər Sovetinin sədri olan Nursultan Nazarbayevin namizdəliyini təklif etmişdi. Zaman sübut etmişdi ki, Heydər Əliyev Kolbinin namizədliyinə etiraz edəndə tamamilə haqlı idi. Belə ki, Gennadi Kolbin Qazaxıstanın qısamüd­dətli və uğursuz rəhbəri olmuş, Alma- Atıda Jeltoksan hadisələri baş vermişdi və qazaxların qanı axıdılmışdı...

SSRİ-nin dağılmasından sonra da türkdilli dövlətlərin əməkdaşlığının ge­nişləndirilməsinə ən böyük töhfəni məhz Heydər Əliyev vermişdi. Bu töhfə Azər­baycanla Türkiyə arasında inşa edilən “Ümid körpüsü”ndən başlanmış və Türk­dilli Ölkələrin Əməkdaşlıq Təşkilatının Türk Dövlətləri Təşkilatına çevrilməsi kimi möhtəşəm beynəlxalq uğurla nəti­cələnmişdir. 

Məlum olduğu kimi, Türkdilli Döv­lətlərin Əməkdaşlıq Şurasının fəaliy­yətinin əsas məqsədi türk ölkələri ara­sında hərtərəfli əməkdaşlığa yardım etməkdən ibarətdir. Bu beynəlxalq hö­kumətlərarası təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Quru­mun Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Ağsaqqallar Şurası, Katibliyi, Koordinasiya Komitəsi, eləcə də Türk Şurasının Budapeştdəki Nümayəndəliyi fəaliyyət göstərir.

Xüsusilə vurğulanmalıdır ki, Azər­baycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulan təşkilatın üzv­lərinin sayı qısa müddətdə 7-yə çatıb. Daha 2 dövlət – Macarıstan və Türkmə­nistan isə müşahidəçi statusu almışlar. Türk Şurası ötən illərdə böyük inkişaf yolu keçib.

Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə yanaşı, onun əlaqədar orqan və qu­rumları olan TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir. Üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilmə­si, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır. Təsadüfi deyildir ki, təşkilatın 2012-ci ildə Bişkekdə keçirilmiş ikinci Zirvə gö­rüşündə Azərbaycanın təşəbbüsü ilə ya­radılmış Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci il tarixindən etibarən qərargahı Bakı şəhərində yerləşməklə beynəlxalq təşkilat kimi fəaliyyətə başlamışdır.

Qurumun nizamnaməsində nəzərdə tutulan qarşılıqlı yardımlaşma məsələ­si daim diqqət mərkəzindədir. Məsələn, TDƏŞ-in Dövlət Başçıları Şurasının 2020-ci il aprelin 10-da videokonfrans vasitəsilə keçirilən Fövqəladə Zirvə Görüşü “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda idi. Fövqəladə Zirvə Gö­rüşündə “Türkdilli Dövlətlərin Əməkdaş­lıq Şurasının Bakı Bəyannaməsi” qəbul olunmuşdur.

Fəxrlə yada salırıq ki, həm TDƏŞ, həm də TDT hər zaman Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. TDƏŞ-in Ka­tibliyi 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri və sentyabrın 27-dən başlayaraq Ermənistan tərəfindən həya­ta keçirilən təxribatlarla bağlı mütəma­di bəyanatlar vermiş, TDƏŞ baş katibi Bağdad Amreyev 2020-ci ilin 20 oktyabr tarixində Gəncə şəhərini ziyarət etmiş, Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı Türk dünyası adından həmrəyliyi nümayiş etdirən bə­yanat vermişdir. Eyni zamanda, TDƏŞ nümayəndə heyəti işğaldan azad edil­miş Ağdam və Füzuli rayonlarına da səfər etmişdir.

2021-ci il noyabrın 12-də İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əmək­daşlıq Şurasının VIII Zirvə görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şu­rasının bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdir­məsi haqqında qərar qəbul edilmişdir.

Bu sətirləri TDƏŞ-in TDT-yə çevril­məsindən sonrakı üç faktla yekunlaş­dırmaq istəyirik. Birinci, Türk İnvestisiya Fondu yaradılmışdır. İkinci, ötən il martın 31-də TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən növbədənkənar icla­sında Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunmuşdur. Üçüncü, bu ilin fevralında Türkiyədə baş vermiş sarsıdıcı zəlzələ­nin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan Prezi­denti İlham Əliyevin təşəbbüsü ilə mar­tın 16-da Ankarada Türk Dövlətləri Təş­kilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilmişdir.

Sammitin açılışında çıxış edən Pre­zident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət– Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqə­ladə Zirvə görüşünün keçirilməsi təşəb­büsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək demişdir: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adım­dan və millətim adından təşəkkürlərimi bildirirəm”.

Qardaş xalqların bu möhtəşəm təş­kilatını 14 yaşının tamam olması müna­sibətilə təbrik edirik. Qədim türk dastan­larında və rəvayətlərində uşağın 14 yaşı tamam olanadək ondan hünər gözləmir­dilər. 14 yaşda isə o, ağlını və gücünü sübut etməli idi. İnanırıq ki, qarşıdakı müddətdə həmin ağıl və gücün şahidi olacağıq. Turana doğru gedən yolumuz aydın və uğurlararla dolu olsun!

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət