Gəncəyə raket atılması erməni faşizminin qəddar simasının qanlı təzahürü idi

post-img

Bu günlər İkinci Qarabağ müharibəsində cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə Ermənistan tərəfindən raketlər atılması və nəticədə dinc sakinlərin qətlə yetirilməsinin növbəti ildönümü ilə bağlı tədbirlər keçirilir. Döyüş meydanında uduzan, günbəgün ağır itkilər verərək geri çəkilən Ermənistan Azərbaycanın dinc şəhər və kəndlərini ağır silahlarla vurur, sanki qisasını günahsız insanlardan almağa çalışırdı.

2020-ci ilin oktyabr ayında Gəncə Ermənistan silahlı birləşmələri tərəfin­dən ayrı-ayrı günlərdə 5 dəfə bomba­landı. Şəhərə birinci hücum oktyabrın 4-də baş verdi və nəticədə bir mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu şəhid oldu, 30-dan çox dinc sakin yaralan­dı. Bu, İkinci Qarabağ müharibəsinin gedişində dinc yaşayış məskəninə ilk hücum idi. 

Gəncə ikinci dəfə oktyabrın 5-də raket atəşinə məruz qoyuldu. Nəticədə 3 mülki şəxs yaralandı. Şəhərə üçüncü raket hücumu oktybarın 8-də, dördün­cü raket hücumu isə həmin ayın 11-də baş verdi. Dördüncü hücum zamanı şəhərdə 10 mülki şəxs şəhid oldu, 40-dan çox insan yaralandı. Bu hücum həm də tərəflər arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra edildi və bununla da atəşkəs pozuldu. 

Ermənistanın Gəncəyə beşinci ra­ket hücumu 17 oktyabrda baş verdi. Həmin hücum daha ağır nəticələr ver­di, hamısı mülki şəxslər olmaqla, 16 nəfər həlak oldu, 55 nəfər yaralandı. Eyni zamanda, yaşayış binası dağı­dıldı, şəhərin infrastrukturuna, digər binalara və avtomobillərə ziyan dəydi. Ümumiyyətlə, münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yer­ləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaq­lar da olmaqla 26 mülki şəxs həlak oldu, 142 nəfər yaralandı. 

Doğrudur, ermənilərin bu hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfin­dən qınandı, ancaq bu günə qədər gü­nahsız insanların həlak olması ilə bağlı heç kəs cinayət məsuliyyətinə cəlb olunmayıb.

Azərbaycan Prezidenti İlham Əli­yev 2020-ci ilin 12 oktyabrında Tür­kiyənin “Haber Global” televiziya kana­lına müsahibəsində bildirmişdi ki, gecə saatlarında mülki əhaliyə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri “Toç­ka-U” raketləri ilə atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb: “Bu, erməni faşizmi­nin eybəcər sifətinin növbəti təzahürü­dür. Artıq dünya erməniləri, onların ha­miləri və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcək”.

Prezident 2020-ci il oktyabrın 20-də xalqa müraciətində deyirdi: “... Mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfur düş­mənin atəşinə məruz qalır. Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayo­nudur, eyni zamanda, Ağdam, Goran­boy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zər­bələr nəticəsində dinc əhali həlak olur – uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya gö­rür ki, Azərbaycan hansı mənfur, vəh­şi düşməndən öz doğma torpaqlarını azad edir”.

Bəli, Qarabağ münaqişəsi dövrün­də azərbaycanlılara qarşı qətliamlar, soyqırımları törətmiş cinayətkarlar ar­tıq cəzalarını almağa başlayıblar. Qa­rabağda həyata keçirilmiş antiterror tədbirlərindən sonra Araik Arutyunyan, Bako Saakyan və digərləri tutularaq Bakıya gətiriliblər. Arutyunyan Gən­cəyə zərbə endirilməsi ilə bağlı əmr verdiyini etiraf edib. İnanırıq ki, dövlə­timiz Gəncəyə və digər dinc regionla­rımıza zərbələr endirilməsinə səbəb olan digər cinayətkarların da tutularaq Azərbaycanın ədalət mühakiməsinə təslim edilməsini təmin edəcək. Bu ca­nilər gec də olsa, qanunlarımız qarşı­sında cavab verməlidirlər. 

Yeganə HACIYEVA, 
politoloq

44 günlük Vətən müharibəsi gün­lərində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı müharibə ci­nayətləri törətdi. Bir neçə şəhərimiz müharibə qanunlarına zidd olaraq hücuma məruz qaldı. Hərbi obyektlə­rin yerləşmədiyi böyük şəhərlərimiz – Gəncə və digərləri gecə saatlarında, insanlar yuxuda olarkən, qırğınların sayı daha çox olsun deyə, atəşə tutul­du. Beləliklə, İkinci Dünya müharibə­sindən sonra ilk dəfə ATƏT coğrafiya­sında bu təşkilatın üzvü olan bir ölkə digərinin ərazisini, mülki insanlarını raket atəşinə tutdu. 

Gəncə kimi böyük bir şəhərimizin hədəfə alınmasına dünyanın susqun­luq nümayiş etdirməsi ermənilərin bu prosesi sonradan da təkrarlamasına səbəb oldu. Bunlar təbii ki, Azərbay­can dövləti və əhalisinin iradəsini sın­dırmaq, eləcə də müharibənin gedişi­ni dəyişmək, müharibənin nəticələrini öz xeyrinə dəyişmək üçün cılız cəhd­lər idi. Bu, eyni zamanda, müharibə cinayətləri idi və Beynəlxalq Ədalət Məhkəməsində mühakimə üçün möv­zu ola biləcək addımlar idi. Bunlar Er­mənistanın Azərbaycanın mülki əha­lisinə qarşı növbəti terror əməlləri idi. 

Cəbhədə uğursuzluğa uğrayan və bunu qəbul edə bilməyən Ermənistan Gəncəni və mülki əhalimizin yaşadığı digər yerləri ballistik raketlərlə atəşə tuturdu. Bütün bunlar artıq Azərbay­can insanının qan yaddaşında möh­kəmlənmiş, unudulması mümkün olmayan hadisələr, insanlıq əleyhinə cinayətlər idi. İndi qalır bu terror akt­larının həyata keçirilməsi üçün əmr verənlərin layiq olduqları cəzaya çat­dırılması. Azərbaycan bu istiqamətidə də fəaliyyətini davam etdirir. Cinayət­karların cəzalarına çatmasına az qa­lır. 

Paşa ƏMİRCANOV
XQ



Siyasət