İttifaq MİRZƏBƏYLİ
[email protected]
Hərbi uğurlarımızın təməlində Ali Baş Komandanın qətiyyəti durur
Ölkəmizin və regionun hansı kütləvi informasiya vasitəsinə baxsan, hamı dünənədək od püskürən, Azərbaycan dövlətinə qarşı hədələrlə, təhdidlərlə danışan separatçıların əsgərlərimizin qarşısında cəmi 24 saatadək (sutka tam olmadı) duruş gətirə bilməməsindən yazır və ya danışır. Fransanın hərtərəfli yardım, Rusiyanın bəzi siyasi dairələrinin “Ruben”lər, İranın yanacaq, ərzaq və digər müəmmalı yüklər, Avropanın bəzi ölkələrinin təqaüdçülərdən ibarət şübhəli missiyalar göndərdiyi “o boyda Artsax” (?) niyə belə bir gün bir gecə ayaq üstə dura bilmədi?
Çünki onların himayədarı adını çəkdiyimiz siyasi mərkəzlər idisə, Azərbaycanın himayədarı da Ulu Tanrı idi. Biz haqlı idik, beynəlxalq hüquq bizim tərəfimizdə idi. Onlara Hindistandan 60-cı illərin, İrandan 70-ci illərin, Fransadan 80-ci illərin silahları göndərilirdisə, Azərbaycan Ordusu ən müasir, elmi-texniki ixtiraların sonuncu nailiyyətləri ilə təkmilləşdirilmiş silahlarla təchiz edilmişdi.
Xankəndidəki oyuncaq dövlətin “köməyinə gələnlər”in əsas məqsədi ölkəmizin həmin ərazilərindəki təbii sərvətlərin talan edilməsi idisə, Azərbaycan Ordusunun məqsədi müqəddəs torpaqlarımızı düşmən tapdağından təmizləmək idi. Onların taktiki və strateji planlarını hansısa çirkin fəaliyyətinə görə gözdən düşmüş əliəyri biznesmen – Ruben Vardanyan işləyib hazırlayırdısa, bizim planlarımızın müəllifi müasir dünyanın ən tanınmış liderlərindən olan, Avrasiya diplomatiya tarixinə özünəməxsus səhifələr yazan, 2016-cı ilin Aprel döyüşlərinin və 2020-ci ildəki İkinci Qarabağ müharibəsinin bütün planlarını hazırlayan və hamısında uğurlar qazanan böyük sərkərdə İlham Əliyev idi.
Bədbəxt “Artsax” bu boyda fərqin qarşısında necə dayana bilərdi? Dayana bilmədilər.
... İllər sürətlə keçdi, düşmən öz havadarlarının köməyi ilə çox fürsətləri əlimizdən aldı, üstəlik də, yaşa doldum və otuz il əvvəl radio dinləyicilərinə verdiyim vədlərin ikisini yerinə yetirə bilmədim. Radio rəhbərliyinin mənə olan inamına güvənərək otuz il əvvəl bir verilişdə dinləyicilərə söz vermişdim ki, Qələbə xəbərini efirdən mən səsləndirəcəyəm. Alınmadı. “İnşallah, sizin üçün Şuşadan, Xankəndidən reportajlar hazırlayacağam” - demişdim, yaş imkan vermədi.
Amma hələ bir şansım var. Xankəndi Pedaqoji İnstitutu filologiya fakültəsinin məzunu, şair Ələmdar Quluzadə ilə eyni şöbədə çalışdığım illərdə ondan belə bir ümidli xəyal eşitmişdim: “Torpaqlarımız azad edilərsə, doğulub böyüdüyüm Xocalını ziyarət etdikdən dərhal sonra Xankəndiyə gedəcək, ömrümün ən gözəl illərini keçirdiyim institutumuzun hansısa bir otağında – həmin auditoriyaların hamısı mənə doğmadır – gec gəldiyimə görə divarlardan, pəncərələrdən, qapıdan üzr istəyəcək və nə deyəcəyimi bilməyəcəm”. Onda Ələmdara demişdim ki, get həmin siniflərdən birində ağla, gəl, mən də səninlə həmin vüsal barədə geniş söhbət yazım.
Ali Baş Komandanımızın işləyib hazırladığı mükəmməl planlar, ordumuzun maddi-texniki bazasının ən müasir səviyyədə təchiz edilməsi və şəxsi heyətin peşəkarlığı nəticəsində biz düşmən işğalında olan bütün ərazilərimizin azad edilməsinə nail olduq və Ələmdar Quluzadənin Xankəndiyə gedəcəyi yol da açıldı, mənim üç vədimdən birini yetirmək imkanım da yarandı. Allaha şükürlər olsun!
44 günlük İkinci Qarabağ müharibəsi haqqında yazan tarixçilər Azərbaycan Ordusunun müasir hərb tarixinə bir çox yeniliklər gətirdiyini, dünyanın aparıcı ali hərbi məktəblərində bu döyüşlərin taktiki və strateji üstünlüklərinin tədris edildiyini xatırladırlar. Mən isə Azərbaycan Ordusunun bu il sentyabrın 19-da günorta vaxtı başlayıb, ertəsi günü günorta saatlarında başa çatan lokal xarakterli antiterror tədbirlərini “ən qısa müharibə” kimi qələmə vermək istəyirdim. Bu məqsədlə bir ekspertlə də məsləhətləşdim.
Ekspert dedi, elə yazma. Əvvəla, sentyabrın 19-da başlanan hərbi eskalasiya müharibə deyildi. Müharibə müxtəlif ölkələr arasında olur. Azərbaycan isə öz ərazisində dövlət qanunlarına əməl etməyən separatçı dəstələrə qarşı lokal xarakterli antiterror tədbirləri keçirib. İkinci, ən qısa müharibə 1896-cı il avqustun 27-də İngiltərə ilə Zənzibar arasında başlamış və cəmi 38 dəqiqə davam etmişdi. Tarixçilər həmin müharibəni dünyanın ən qısa müharibəsi də adlandırırlar. 38 dəqiqə ərzində bir ingilis dənizçisi və 500 zəngibarlı öldürülmüşdü...
İndi mətbuatın gündəliyində xeyli yeni məsələlər var. Biri xatırladır ki, Prezident İlham Əliyev hələ 44 günlük müharibədən sonra ermənilərə bildirmişdi ki, biz qarşıya qoyduğumuz bütün hədəflərə nail oluruq. Ona görə də ağıllı başla düşünün. Düşünmədilər. Biri dövlət başçımızın “Nəyi, nə vaxt, necə etmək lazım olduğunu mən bilirəm” – qətiyyətini yada salır. Separatçılar həmin həqiqəti də nəzərə almadılar.
Biri isə dedi ki, separatçı hərbi xunta rejiminin cəmi bir gün ərzində ağ bayraq qaldırması, təslim olması həm də Silahlı Qüvvələrimizin qüdrətinin, peşəkarlığının, yüksək döyüş ruhunun əyani göstəricisidir. “Bu, bir daha göstərdi ki, Prezident İlham Əliyev Vətən müharibəsindən dərhal sonra ordu quruculuğunda islahatlar aparmaqla, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərlə, yeni hərbi birliklər yaratmaqla, ordumuzun müasir silah-sursatla təchiz olunması ilə necə müdrik qərarlar qəbul edib”.
... Son günlər Xankəndi ilə bağlı çoxlu videomateriallara, fotolara baxdım. Hərbçilərimizin peşəkarlığı qürurvericidir. Ancaq bir foto məni hədsiz dərəcədə duyğulandırdı. Xankəndinin tamamilə boşalmış mərkəzi meydanında, tam ortada dayanmış 20-25 yaşlı erməni qadın bir əlində üç-dörd aylıq körpəsini, digər əlində isə kiçik bir Azərbaycan bayrağını tutmuşdu. Onun gənc və yaraşıqlı simasından dünyanın ən ağır yükünü çəkən Anteyin iztirabları oxunurdu. O, hətta, Azərbaycan bayrağına hörməti olmadan, təkcə yavrusunu vəziyyətdən salamat çıxartmaq üçün bu addımı atmışdısa da, yenə də alqışlanmalıdır. Mən bu məqamda Azərbaycan əsgəri, zabitləri, komandanlıq heyəti qarşısında baş əyirəm. Sağ olun, əzizlərim! Sağ olun ki, körpələrə, sizdən aman gözləyənlərə aman verdiniz! Heç bir mülki insanı zərərdidə etmədiniz. Allah həmişə sizi qoruyacaq! İnşallah!