Azərbaycan Prezidentinin xalqa müraciəti dünya mətbuatında

post-img

Azərbaycan Prezidenti İlham Əli­yevin sentyabrın 20-də xalqa mü­raciəti dünyanın bir sıra ölkələrinin mətbuatında geniş işıqlandırılıb. 

Qardaş Türkiyənin nüfuzlu “A Ha­ber”, “TRT Haber”, “CNN Türk”, “TV 100” kanallarında, “Yeni Şafak”, “Tak­vim”, “Beyaz qazete”, “Star”, “Yeni çağ”, “Haber vitrini” qəzetlərində, “Ensonha­ber.com” və digər elektron nəşrlərində dövlətimizin başçısının müraciətində səsləndirdiyi fikirlər oxucuların diqqətinə çatdırılıb. 

Xəbərlərdə Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin qanun­suz birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktları və təxribat­lar, eləcə də mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması barədə fikirləri yer alıb. 

Prezident İlham Əliyevin müraciə­tində Azərbaycanın Ermənistana lazımi cavab verməsi barədə fikri xüsusi vurğu­lanıb. Dövlətimizin başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşə­karlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi bildirilib, Azərbaycan Prezi­dentinin “Ordumuzun, bütün Silahlı Qüv­vələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır” fikri diqqətə çatdırılıb. 

Türkiyə KİV-ləri Prezident İlham Əliyevin müraciətində Qarabağın er­məni sakinlərinə mesajlarına da xüsu­si yer veriblər. Dövlətimizin başçısının Azərbaycan dövləti və xalqının bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, erməni xalqını bu cinayət­lərdə heç vaxt günahlandırmadığını qeyd etməsi bildirilib. 

Yazılarda dövlətimizin başçısının kriminal xunta rejimi təslim olandan son­ra bu gərginlik mənbəyinin, bu zəhər yuvasının artıq tarixdə qalması və Qa­rabağda yaşayan erməni əhalisinin də, nəhayət, rahat nəfəs ala biləcəyi barədə fikrinə istinad edilib.

***

Azərbaycanın Qarabağdakı qa­nunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror təd­birləri və Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti Ru­siya mətbuatının da diqqət mərkəzin­dədir. 

TASS agentliyinin materiallarında Prezident İlham Əliyevin xalqa müra­ciətində antiterror tədbirlərindən sonra regionda vəziyyətin dəyişəcəyi, kriminal rejimin süqutundan sonra gərginlik mən­bəyinin keçmişdə qaldığı barədə fikirləri yer alıb. Agentlik dövlət başçısının Azər­baycan Ordusunun qarşıya qoyulan və­zifəni peşəkarlıqla yerinə yetirməsi, qəh­rəmanlıq və şücaət göstərməsi barədə dediklərini diqqətə çatdırıb. Eyni zaman­da, Prezident İlham Əliyevin hərbçilərə dinc əhalinin zərbə altına düşməməsi və qorunmasına dair tapşırıq verməsi önə çəkilib.

“Qazeta.ru” nəşri Azərbaycanın anti­terror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə nail olduğunu yazıb. Nəşr xatırladıb ki, Azərbaycan antiterror təd­birlərinə genişmiqyaslı təxribatlardan sonra başlayıb və erməni qoşunlarını öz ərazisindən çıxarıb.

“NTV” telekanalı Azərbaycan Prezi­dentinin Qarabağda aparılan əməliyya­tın tamamilə legitim, qanuni və ədalətli olması barədə fikirlərini sitat gətirir. Ma­terialda qeyd olunub ki, qanunsuz silahlı birləşmələr tam tərksilah olunacaq, on­lardan müsadirə olunan texnika məhv ediləcək.

“RBK” agentliyi Azərbaycan Prezi­denti İlham Əliyevin xalqa müraciətinə geniş yer ayırıb, dövlət başçısının Qa­rabağın erməni əhalisinin tezliklə yax­şılığa doğru dönüşün şahidi olacağı barədə dediklərini vurğulayıb. Agentlik Prezident İlham Əliyevin “Bizim ermə­ni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur” fikirlərini oxucula­rının diqqətinə çatdırıb.

“Life” internet nəşri qeyd edib ki, Azərbaycan qısamüddətli lokal xarak­terli antiterror tədbirləri nəticəsində cəmi bir günə qarşıya qoyulan vəzifələri ye­rinə yetirib. Nəşr Azərbaycan Preziden­tindən sitat gətirərək yazır ki, terrorçular onların təxribatlarına layiqli cavab verilə­cəyini bir daha anladılar.

“Kommersant” qəzeti Prezident İl­ham Əliyevin xalqa müraciətini ətraflı işıqlandırıb. Nəşr dövlət başçısının mü­raciətində Ermənistan hakimiyyətinin si­yasi səriştə göstərməsi və bunun Ermə­nistan ilə Azərbaycan arasında gedən sülh prosesinə müsbət təsir göstərəcəyi barədə fikirlərinə yer ayırıb. Nəşrin di­gər materialında qeyd olunur ki, hazırkı antiterror tədbirlərindən sonra Cənubi Qafqaz regionunda yeni güc mərkəzi yaranır. Bu, Azərbaycan və Türkiyədir.

***

Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərini uğurla başa çatdırması qonşu İran mətbuatında da əks olunub. 

İranın “Ghatreh”, “Fardanews”, “Eco­iran”, İRNA, “Mehr” və digər informasiya agentliklərinin saytlarında verilən ma­teriallarda Azərbaycan Ordusunun 24 saat ərzində Qarabağda lokal antiterror tədbiri keçirdiyi bildirilib.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitat gətirilib. Qeyd olunub ki, Azərbaycan öz məqsədinə nail olaraq suverenliyini bərpa etdi. Prezident İlham Əliyev or­duya antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması haqqında əmr verib. Xəbərlərdə nəzərə çatdırılıb ki, Prezident Qarabağın ermə­ni əhalisinin təhlükəsizliyinə və hüquqla­rının qorunmasına zəmanət verib.

***

Yaponiyanın yeganə ictimai media qurumu olan NHK-nın (Japan Bro­adcasting Corporation) saytı yazıb: “Çərşənbə axşamı Azərbaycan Si­lahlı Qüvvələri Qarabağda antiterror tədbirlərinə başlayıb. Çərşənbə günü etnik ermənilər atəşkəs şərtlərini qə­bul etdiklərini elan ediblər”.

Nəşr yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa ünvanladığı müra­ciətdə artıq sözügedən bölgədə suve­renliyin bərpa edildiyini bəyan edib və hərbçilərin bu cür əhəmiyyətli nailiyyət­lərini yüksək qiymətləndirib.

2020-ci ildə Azərbaycanla Ermənis­tan arasında Qarabağ uğrundakı hərbi toqquşma Rusiyanın vasitəçiliyi ilə atəş­kəsin elan edilməsi ilə nəticələnmişdi.

Nəşrin məlumatına əsasən, etnik erməni qüvvələrinin faktiki məğlubiyyəti Ermənistanın paytaxtı İrəvanda haki­miyyət əleyhinə çıxışların qızışmasına gətirib çıxarıb.

***

Prezident İlham Əliyevin xalqamüraciəti zamanı söylədiyi fikirlər Gürcüstan mediasının da diqqət mərkəzindədir. 

Bu ölkənin “interpressnews.ge”, “net­gazeti.ge”, “frontnews.ge”, “newposts.ge”, “ghn.ge”, “apsny.ge”, “kavkasiya.com”, “qafqazturk.com”, “palitranews.ge”, “ambebi.ge”, “24news.ge”, “aktual.ge”, “interpress.ge”, “newsday.ge”, “re­alnews.ge”, informasiya portallarının, eləcə də “1tv.ge”, “maestro.tv”, “tv.pirve­li”, “rustavi2” televiziya kanallarının yay­dıqları xəbərlərdə oxuculara və tamaşa­çılara Azərbaycan Prezidentinin fikirləri Azərbaycan, rus və gürcü dillərində mə­lumatlar çatdırılıb. Məlumatlarda Azər­baycan Prezidentinin Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin bundan sonra dinc yaşayacaqları, regionun inki­şafı, heç kimin Azərbaycanla ultimatum dilində danışa bilməyəcəyi, regionda yeni dövrün başlanacağı barədə fikirləri xüsusi qeyd olunub. Ümumilikdə, Gür­cüstan mətbuatında Azərbaycan Prezi­dentinin müraciəti ilə bağlı 50-dən çox xəbər yayımlanıb.

***

Macarıstanın kütləvi informasi­ya vasitələri Azərbaycanın Qarabağ bölgəsində 24 saat ərzində keçirilən lokal antiterror tədbirlərini geniş işıq­landırıb. 

Siyasi analitik Andraş Raçın “444.hu” nəşrində dərc olunmuş məqaləsində Bakıdakı mərkəzi hökuməti son nəticə­də Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin qalıqlarının zərərsiz­ləşdirilməsi qərarına gətirib çıxaran ha­disələrin xronologiyası yer alıb. Müəllif antiterror tədbirlərinin keçirildiyi zonanın “Ermənistanın nəzarəti altında” olduğu­nu və bu ərazidə rəsmi İrəvan tərəfindən idarə edilən qanunsuz hərbi birləşmələ­rin yerləşdiyini qeyd edib.

A.Raç yazıb: “Formal olaraq, ermə­ni qüvvələrinin təslim olması Moskva­nın vasitəçiliyi ilə atəşkəs elan edilmə­si kimi qələmə verilib, amma mahiyyət etibarilə bütün bunlar kapitulyasiyadır”. Razılaşmanın əsas müddəalarını qısa­ca diqqətə çatdıran müəllif xatırladıb ki, cümə axşamı Yevlaxda “Azərbaycanın mərkəzi hökuməti ilə yerli ermənilər ara­sında görüş olacaq”.

***

Ərəb ölkələrinin kütləvi informa­siya vasitələrində də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiter­ror tədbirləri və dövlətimizin bu əra­zilərdə öz suverenliyini bərpa etməsi haqqında materiallar dərc edilib.

“Əl Əhram” qəzetində dərc olunmuş məqalədə Prezident İlham Əliyevin sent­yabrın 20-də xalqa müraciətindən əsas məqamlar yer alıb. Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanın dövlət başçı­sı Qarabağda erməni kəşfiyyat-diversi­ya qrupları tərəfindən mina terrorundan sonra dərhal lazımi addımlar atıldığını, düşmənin layiqincə cəzalandırıldığını bildirib. Vurğulanıb ki, lokal xarakterli antiterror tədbirlərinə başlanılıb və qar­şıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirilib. Antiterror tədbir­lərinin başlanması və uğurla başa çat­ması nəticəsində Azərbaycan öz suve­renliyini bərpa edib.

“Əl-Vəsat” nəşrində dərc olunan “Azərbaycan Qarabağda öz suveren­liyini bərpa edib” sərlövhəli yazıda da Prezident İlham Əliyevin xalqa müra­ciətindən sitatlar verilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinin baş­ladığını, o cümlədən onların Azərbayca­nın şərtini qəbul edərək silahları təhvil verdiyini bildirib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Bakının antiterror tədbirlərinə başlaması qanunsuz erməni hərbi birləşmələrinin təxribatları, o cüm­lədən azərbaycanlı hərbçilər və mülki şəxslərin həlak olması ilə nəticələnən mina terroru ilə bağlı olub.

“Arab.48” informasiya portalında dərc olunmuş materialda da Azərbay­canın qısamüddətli antiterror tədbirlə­rindən sonra öz ərazilərində suveren hüquqlarını bərpa etdiyi, qanunsuz er­məni hərbi birləşmələrinin ağ bayraq qaldıraraq təslim olduğu və Xankən­didəki separatçı rejimin Bakının bütün şərtlərini qəbul etdiyi bildirilib. Məqalə­də, eyni zamanda, Prezident İlham Əli­yevin Qarabağdakı erməniəsilli vətən­daşların Azərbaycan Konstitusiyasına müvafiq şəkildə reinteqrasiyası barədə fikirləri yer alıb. Yazıda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Qarabağ ermənilərinin bütün hüquqlarının təmin ediləcəyini də söyləyib.

Bundan başqa, “Independentara­bia”, “Əl Naşra” informasiya portalların­da, həmçinin “Əl Cəzirə”, “SkyNewsA­rabia” telekanallarında da Azərbaycanın Qarabağda öz suverenliyini tam şəkildə təmin etməsi, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın dövlət struk­turlarının nümayəndələri və Qarabağın erməniəsilli sakinləri arasında aparılan danışıqlar barədə xəbərlər və reportajlar yayımlanıb.

***

Küveyt və Ərəb Elektron Media Birliklərinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağ Azərbaycan Respublikasının Qarabağ bölgəsində qanunsuz erməni hərbi birləşmələ­rinin təxribatlarını pisləyən bəyanat yayıb. 

Bəyanatda qeyd olunub: “Sentyab­rın 19-da Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni yer­ləşmiş erməni kəşfiyyat-diversiya qrup­ları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdı­rılmış minaların partlaması səbəbindən mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə nəticələnən terror aktını qəti şəkildə pisləyirik.

Dinc əhalinin, o cümlədən işğal­dan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması məqsə­dilə erməni silahlı dəstələrinin tərk-silah edilərək Azərbaycan ərazilərindən çıxa­rılmasını tələb edirik. Eyni zamanda, Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müd­dəalarına əməl etməyə çağırırıq”.

***

Niderland mediasında Azərbayca­nın antiterror tədbirlərinin Qarabağ­da sülhə gətirib çıxaracağından bəhs edilib.

Niderlandın https://www.haber.nl xəbər portalında “Azərbaycanın terror ünsürlərinə qarşı əməliyyatı ermənilərə geri addım atdırdı” sərlövhəli məqalə ya­yımlanıb. “Beynəlxalq Qadınlar Klubu”­nun sədri Kəmalə Cəlilovanın qələmə aldığı məqalədə Azərbaycan Ordusu­nun Qarabağda başlatdığı lokal xarak­terli antiterror tədbirlərin separatçıların təslim olması ilə nəticələndiyi, Qaraba­ğın erməni sakinlərinin nümayəndələri­nin Rusiya sülhməramlı kontingenti va­sitəsilə müraciətinin nəzərə alındığı, tam atəşkəs haqqında razılaşma əldə olun­duğu, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyab­rın 21-də Yevlaxda görüş təyin edildiyi barədə ətraflı məlumat verilib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın sülh və sabitlik üçün hər zaman hazır olduğunu bəyan etdiyi vurğulanıb.

Hazırladı:
T.RÜSTƏMLİ
XQ



Son xəbərlər