Qarabağ erməniləri reinteqrasiyanın qaçılmaz olduğunu anlayırlar

post-img

Xankəndidə panikadır. Olmayan aclıq və uydurma blokada nağıllarının bir fayda vermədiyini anlayan haylar reallığın məyusluğuna qapılıblar. Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti altında olan Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilər artıq anlamağa başlayıblar ki, reinteqrasiya qaçınılmazdır və geriyə yol ancaq “dəmir yumruğ”un zərbəsi altından keçir. Bunu Xankəndidə yaşayan “ictimai fəallar”, blogerlər də etiraf edirlər.

Hələ cari ilin mart ayının 10-da Er­mənistan baş naziri Nikol Paşinyan ilə görüşdən sonra Xankəndiyə qayıdan qondarma DQR-in “sabiq” lideri Arayik Harutyunyan yaxın ətrafına bildirmişdi ki, erməni hökumətinin başçısı Azərbay­canın fikrini təkrarlayır. Yəni, N.Paşinyan separatçı liderin nəzərinə çatdırmışdı ki, Qarabağ Azərbaycana inteqrasiya etmə­li və orada yaşayan erməni əhali azər­baycanlılarla dil tapmalıdır. “Qraparak” qəzeti yazmışdı ki, A. Arutyunyan ağır əhval-ruhiyyə və pis təəssüratlarla Qara­bağa qayıtmış və yaxın çevrəsində daha “prezident” kimi qalmaq istəmədiyini bil­dirmişdi. Nəşr A.Arutyunyanın əvvəllər “Qarabağ qanunvericiliyinə” “prezidentlik müddəti” bitməmiş hakimiyyətin başqa şəxsə keçməsinə imkan verən düzəliş təşəbbüsü ilə çıxış etdiyini də xatırlat­mışdı. 

Həmin xəbərin dərc olunmasından, təqribən, altı ay keçməsindən sonra – avqustun 31-də A.Arutyunyan həqiqətən də “istefa” verdi. 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edən A.Arutyunyan niyə belə addım atdı? Ona görə ki, o, prosesin hansı istiqamətdə inkişaf etdiyini anladı. Sabiq separatçı başı dərk etdi ki, Qarabağ problemi ar­tıq tarixdir və inteqrasiya qaçılmazdır. Qeyri-legitim vəzifəsini tərk etməklə bu “məğlubedilməz xalqın lideri” kimi tarixə düşmək istəmədi. A.Arutyunyan qlobal mənada Qarabağda münaqişənin başa çatdığını anladı. O bildi ki, bu və ya digər istiqamətdə dalğalanmalar, kiçik qarşı­durmalar ola bilər, lakin bölgədə cərəyan edən proses tədricən sabitlik vəziyyətinə keçir və buna beynəlxalq hüquq əsa­sında, Azərbaycanın suveren sərhədləri daxilində nail olunacaq. Buna görə də, perspektivsiz işin qulpundan ikiəlli yapış­mağın mənasız olduğu dəqiqləşəndən sonra xuntadan getdi. 

İndi A.Arutyunyanın “həmşəhərliləri” arasında da belə əhval-ruhiyyə hökm sürür. Laçın yolu ətrafında yaranmış süni ajiotajdan istifadə etməklə beynəlxalq su­byektivlik əldə etməyə can atan ermənilər bütün cəhdlərin suya düşdüyünü gördük­dən sonra reallığa boyun əyməyə baş­layıblar. Məsələn, Qarabağda yaşayan “ictimai fəal” və bloqer Samvel Mailyan bölgənin erməni əhalisinə Azərbaycan dilini öyrənməyi tövsiyə edir. “Facebook” səhifəsində S.Mailyan yazır: “Yaxşı ya­şamaq istəyənlərə ümumi tövsiyə budur ki, Azərbaycan dilini xatırlamağa başla­sınlar (ən azı marketlərdəki qutulardakı etiketləri oxusunlar), daha çevik gənclər isə onu intensiv şəkildə öyrənsinlər”. Er­məni bloqer əlavə edir ki, “Ermənistan­dan yüklər Qarabağa yalnız humanitar yardım statusu ilə daxil olacaq, biznes maraqlarının istənilən təzahürü Azərbay­can gömrükçüləri tərəfindən sərt şəkildə yatırılacaq”.

S.Mailyan daha sonra gömrük re­jiminin işləmə mexanizmini açırlayır: “Nəzarət məntəqəsinin özü aşağıdakı rejimdə işləyəcək: Ermənistan–Qara­bağ istiqaməti yalnız humanitar yüklər, Qarabağ–Ermənistan istiqaməti yalnız əhali olacaq. Şəxsi əşyaların çəkisi də 80 kiloqrandan çox olmayacaq”. Erməni bloqer Qarabağ ermənilərinə manat əldə etməyi tövsiyə edir: “Məhsul almaq üçün sizə manat lazımdır, onunla Stepanakert­də (Xankəndidə-red.) bank əmanətlərini artırmalı olacaqsınız”. 

S.Mailyan paylaşımında loqistika məsələsinə də toxunur: “Logistikaya gə­lincə, qarşıda Şuşa–Ağdam istiqamətin­də və əks istiqamətdə Azərbaycan nöm­rəli avtomobillərin nömrələrini və Rusiya karvanını görəndə daha az emosiya nü­mayiş etdirməyə hazır olun. İlk dəfə gö­zünüz alışsın deyə avtomobil karvanları­nı ruslar müşayiət edəcəklər. Gələcəkdə avtomobil karvanları müstəqil xarakter alacaq, burada Xocalıda təsadüfi daya­nacaqlar, hər cür sürətli ticarətlər, müba­dilələr və s. Xocalı iş adamlarına bu gün manat toplamağı məsləhət görürəm”. 

Erməni bloqer paylaşımını bu söz­lərlə bitirir: “Yaxşı, tez və effektiv şəkildə dolanmaq istəyən hər kəsə ümumi məs­ləhət: azərbaycanlıların dilini xatırlamağa başlayın və daha çevik gənclər onu in­tensiv şəkildə öyrənin. Nə qədər tez olar­sa, adi insani ünsiyyətdən uduşlu lotere­ya biletini çıxaran şanslı olma ehtimalınız bir o qədər yüksəkdir. Reinteqrasiyanın əsas vektoru məhz buna yönəlib”.

Digər erməni bloger Karen Şirinyan isə Azərbaycanın Qarabağ bölgəsindən hərbi yaşda olan kişilərin kütləvi şəkildə qaçmasına münasibət bildirib. Bu barə­də o, “Facebook” səhifəsində yazıb. “Şöbələrə xüsusi xəbərdarlıq edirəm. Hörmətli “prokurorluq”, “polis” və “MTX” necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmir, bu “post zabit­ləri” (Bu adamların quldur birləşmələrinin postlarında xidmət etdiklərini nəzərdə tutur– red.) gedirlər? Deməyin ki, Qara­bağın “mühafizəçilərini” tənqid edirəm və deməyin ki, belə bir şey yoxdur. İndi keçid məntəqəsindən kim keçirsə, türklər fotolarını çəkib paylaşırlar”. 

Erməni bloqer daha sonra yazır: “Hət­ta deməyin ki, onlar (Qarabağı tərk edən­lər-red.) müalicəyə gedirlər. Buna qarşı deyiləm, qoy getsinlər, lakin necə olur ki, heç də hamı gedə bilmir. Əgər mənim sualıma ciddi cavab verilməsə, heç bir idarəni rahat buraxmayacağam. Bəsdi­rin, mənim ağzımı açdırmayın! Müharibə vaxtı da belə oğlanlar arvadlarının donu altına girərək qaçırdılar, İrəvanda əylə­nirdilər...Bəli, mən sözümü deyəcəyəm və mənə ayıb deyil. 18 yaşlı əsgərləri tək qoyub qaçdılar, müharibədən sonra isə medallar aldılar”.

Göründüyü kimi, Qarabağdakı ermə­ni əsilli əhali arasında narazılıq artır. Bu narazılıq ona görə artmır ki, separatçı başbilənlər vəziyyətdən çıxış yolu tapa bilmirlər. Xankəndidəki ermənilər ondan narahatdırlar ki, Ermənistana hamı gedə bilmir və əldəqayırma rejimin nümayən­dələri burada da ayrı-seçkiliyə yol verir­lər. Bu, bir daha onu göstərir ki, Azərbay­canın Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti altında olan Qa­rabağ iqtisadi rayonunda yaşayan etnik ermənilər artıq anlamağa başlayıblar ki, reinteqrasiya qaçınılmazdır. İkinci yol Er­mənistana köçməkdir və bu yolu tutanları artıq Laçın sərhəd-buraxılış məntəqəsin­də müşahidə edirik.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət