Ermənipərəst senator bədnam əməllərindən qalmır

post-img

Haylardan daha çox pul qoparmaq istəyən yeznə – Robert Menendez heç bir mənəvi dəyər tanımır

Dünyadakı erməni lobbi-diaspor təşkilatlarının və havadarlıq edən ayrı-ayrı şəxslərin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına imkan verməmək istiqamətində fəaliyyəti davam edir. Onlar Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının, bütövlükdə, iki ölkənin və xalqın yaxınlaşmasının qarşısını almaqla burada öz maraqlarını təmin etməyə çalışırlar. Belələrindən biri ABŞ Senatının (Konqresin yuxarı palatası) son dərəcə anti-Azərbaycan və anti-türk mövqeyi ilə seçilən Demokrat Partiyasından olan senatoru Robert Menendezdir.

Sentyabrın 14-də onun təşəbbüsü ilə Senatın Xarici əlaqələr komitəsində “Qa­rabağdakı böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr keçirilib. Din­ləmələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsi­ni icra edən Yuri Kim də iştirak edib.

Qeyd edək ki, bu, ABŞ Konqresində ay ərzində Qarabağla bağlı keçirilən sayca ikin­ci dinləmədir. Bundan əvvəl sentyabrın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasının Tom Lantos adına İnsan Hüquqları Komissi­yasında Qarabağın “blokadası” məsələsi ilə bağlı dinləmələr keçirilmişdi. Dinləmələr­də Beynəlxalq Cinayət Məhkəməsinin 2003–2012-ci illərdə prokuroru olmuş bəd­nam Luis Moreno Okampo da iştirak edərək, Qarabağdakı “böhranlı vəziyyətlə” bağlı ekspert rəyini təqdim etmişdi. Həmçinin Corctaun Universitetinin professoru Devid Fillipsin də çıxışı dinlənilmişdi. Hər ikisi er­mənipərəst olan bu şəxslər xislətlərinə uyğun olaraq, Azərbaycan əleyhinə danışmışdılar.

İndi isə “növbə” R.Menendezindir. Konqresin ən yaşlı üzvü olan Menendez Nyu-Cersi ştatından senator olmaqla 2021-ci ildən strateji önəm daşıyan Senatın Xarici əlaqələr komitəsinə rəhbərlik edir. Yeri gəl­mişkən, qeyd edək ki, o, bundan öncə də (2013-2015-ci ilərdə) sözügedən komitəyə rəhbərlik edib. Budəfəki dinləmələrin təşəb­büskarı da başabəla senatordur.

Menendez hər zaman erməni lobbisinin maraqlarına uyğun hərəkət edib və 1995-ci ildən ABŞ Konqresinin erməni məsələləri qrupunun üzvüdür. O, ABŞ-ın Azərbaycana helikopter satışına icazə verən qətnaməni, eləcə də Metyu Brayzanın Amerikanın ölkə­mizə səfiri vəzifəsinə təyin olunmasını blok­layıb. Bundan əlavə, o, ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsinin və Türkiyəyə F-16 qırıcılarının, habelə onun komponentlə­rinin satışının qarşısını alıb.

Menendez bir ay əvvəl Kaliforniyadan olan senator Aleks Padilla ilə birlikdə BMT Təhlükəsizlik Şurasından Azərbaycanı “Qa­rabağın blokadasını” dərhal aradan qaldırma­ğa məcbur edən qətnamə qəbul etməyi tələb etmişdi. Ermənipərəst təbliğatçıların səyləri gözlənilən nəticəni verməsə də, onlar “blo­kada” və “humanitar fəlakət” barədə aşkar yalanlar yaymağa çalışırlar.

***

Onu da qeyd edək ki, Menendez ermə­nilərə göstərdiyi bu xidmətlərin qarşılığını artıqlaması ilə alıb. Onun erməni lobbiçisi kimi hayların ABŞ-dakı diaspor təşkilatla­rından pul aldığı heç kəsdə şübhə doğurmur. Bundan əlavə, R.Menendes 2022-ci ilin ma­yında Ermənistanın “Dostluq” ordeninə layiq görülüb.

Ümumiyyətlə, Menendezin adı dəfələrlə müxtəlif çirkli əməllərdə hallanıb. Ötən ilin noyabrında ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti federal prokurorların R.Me­nendezin həyat yoldaşı, erməni əsilli Nadi­ne Arslanyanın müəyyən şəxslərdən rüşvət kimi hədiyyələr qəbul etməsini araşdırdığını yazmışdı. Qeyd olunmuşdu ki, Nyu-Yorkun Cənub Dairəsi prokurorluğu Menendezin 2020-ci ildə evləndiyi N.Arslanyanın şərik­lərini məhkəməyə çağırıb. Onların dediyinə görə, çağırış zamanı həm Arslanyan, həm də Menendez haqqında məlumat istənilib. Qəzet bildirirdi ki, bu cinayət işi Menendezə qarşı 2015-ci ildə qaldırılan və məhkəmə prosesi ilə nəticələnən ictimai korrupsiya işindən ay­rıdır.

Bundan əlavə, 2019-cu ilin sonlarında federal müstəntiqlər Nyu-Cersidə yerləşən “IS EG Halal” şirkətinin təsisçisi Vael Xana­nın evində və ofisində axtarış aparmaq üçün order alıblar. Vael Xana N.Arslanyanın orta­ğıdır. Onun şirkəti isə Misirə ixrac üçün ha­lal ətin sertifikatlaşdırılmasına icazə verilən yeganə müəssisə kimi tanınır. ABŞ hökuməti tərəfindən müsadirə edilmiş əmlakının geri qaytarılmasını istəyən Xananın vəkili Lou­rens Lustberqin 2020-ci ildə təqdim etdiyi məhkəmə sənədlərinə görə, prokurorlar Bir­ləşmiş Ştatlarda açıqlanmayan mümkün xari­ci lobbiçilik və federal qanunun digər poten­sial pozuntusu hallarını araşdırıblar.

Prokurorlar, həmçinin Arslanyanın çox­dankı dostu və Xananın maraqlarını təmsil edən Nyu-Cersilidən olan vəkil Andranik Aslanyanı da məhkəməyə çağırıblar. Aslan­yan deyib ki, prokurorlar senatorun arvadı ilə münasibətini soruşduqda o, qadını 25 ildir tanıdığını və hər ikisinin erməni olduğunu bildirib. Eyni zamanda, vəkil bildirmişdi ki, prokurorların ondan nə istədikləri barədə heç bir fikri yoxdur.

Menendez və Arslanyan Nyu-Cersi şta­tının Enqlevud Kliffs şəhərində yaşayırlar. Ermənipərəst senatorun arvadı haqqında onun Nyu-York Universitetində oxuduğu və beynəlxalq siyasət üzrə təhsil aldığı mə­lumdur. Arslanyan 2019-cu ildə Nyu-Cersidə yaradılmış “Strategic International Business Consultants LLC” şirkətinin prezidentidir. O, həmçinin Nyu-Cersidə əczaçılıq şirkəti olan “Fusion Diagnostics Laboratories”də çalışıb. Şirkətin icraçı direktoru Moataz Abdallahın sözlərinə görə, Arslanyan bir müddət satış və marketinq departamentində işləyib.

Menendezə qarşı 2015-ci ildə qaldırılmış ictimai korrupsiya işində isə federal prokuror­lar Florida ştatından olan oftalmoloq Salomon Melgenə müəyyən köməklik etmək müqabi­lində ondan şəxsi təyyarədə uçuşlar və məzu­niyyət pulu da daxil olmaqla, ümumilikdə, 1 milyon dollar aldığını iddia ediblər. Buradan o nəticə çıxır ki, senator Menendez uzun illərdir ABŞ-da ermənilərə lobbiçiliyi də maddi ma­raq müqabilində edir. Onun hazırkı canfəşan­lığı da maraqlarının keşiyində durduğu haylar­dan daha çox pul qoparmaq məqsədi daşıyır. Böyük pullar qazanmaq hesabına Azərbaycanı ləkələmək isə onun heç bir mənəvi dəyər tanı­madığından xəbər verir.

Onu da qeyd edək ki, R.Menendezin qərəzli mövqeyi ölkəmizdə dəfələrlə tənqid olunub. Senatın Xarici əlaqələr komitəsinin sədrinə sonuncu dəfə Azərbaycan Preziden­tinin köməkçisi – Prezident Administrasi­yasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavab verib. Hikmət Hacıyev ermənipərəst senatorun lobbiçili­yinin Konqresin qlobal reputasiyasına xələl gətirdiyini bildirib. Bununla bağlı “X” plat­formasında (“Twitter”) etdiyi paylaşımda cə­nab Hacıyev yazıb: “Konqresmen Menendez ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə Senatın Xarici əlaqələr komitəsinə yalan məlumat verir və saxta şəkillərlə böh­tan atır. Şəkildə təqdim olunan şəxs xərçəng xəstəliyindən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim etdikdən son­ra bu çılpaq yalandan istifadə etdikləri üçün utanırlar. Bu cür lobbiçilik, “pul danışır” yanaşması, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir”.

Eyni zamanda, Milli Məclisin Bey­nəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Senatın Xarici Əlaqələr Komitəsinə açıq məktub ünvanlayıb. Mək­tubda dinləmələrin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi ilə bağlı keçirildiyi vurğulanır. Qeyd olunur ki, dinləmənin təşkili bizi heç də təəccübləndir­məyib. Çünki bu, ABŞ Konqresindəki müəy­yən dairələrin uzun müddətdən bəri ölkəmizə qarşı dəstəklədiyi bədnam qərəz, ayrı-seçki­lik və manipulyasiyanın növbəti təzahürüdür.

Azərbaycan müstəqilliyini bərpa etdi­yi ilk gündən etibarən radikal erməni qrup­laşmaları və Birləşmiş Ştatlar Konqresində onlarla əlbir olan qüvvələr respublikamıza qarşı təcavüzü təşviq edən, radikalları cəza­sız olaraq insan iztirablarına səbəb olan ağır cinayətlər törətməyə təhrik edən fəaliyyət yolu seçiblər. Nəticədə Ermənistan 250 min azərbaycanlını bugünkü Ermənistan ərazi­sindəki doğma torpaqlarından zorla didərgin salıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini 30 il işğal altın­da saxlayıb, müxtəlif etnik və dini mənşəyə mənsub olan 700 mindən çox azərbaycanlını etnik təmizləməyə məruz qoyub.

Bildirilib ki, dinləmənin təşkili regionda qeyri-sabitlik və münaqişənin alovlanması­na xidmət edir. “Əsas məsələ budur ki, son 30 ildə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı Ermənistanın təcavüz si­yasətinin dəstəklənməsi və himayə edilməsi ABŞ-a fayda verməyib, daha çox Azərbayca­nın aparıcı rol oynadığı strateji əhəmiyyətli regionda Vaşinqtonun strateji maraqlarına və mövcudluğuna xələl gətirib. Göstərilən bütün cəhdlərə baxmayaraq, Azərbaycan öz suve­renliyinin pozulmasına yönələn hərəkətlərin qarşısını alacaq, dönmədən sülhə, normal­laşmaya və öz Konstitusiyası çərçivəsində erməni əsilli vətəndaşlarının reinteqrasiya­sına nail olacaqdır”, – deyə məktubda qeyd olunub.

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri:

– Aydındır ki, Robert Menendez Azərbaycana qarşı fəaliyyəti ilə digər­lərindən fərqlənir. Bu, onun təşəbbüsü ilə keçirilən ilk dinləmələr deyil. Yəqin ki, sonuncu da olmayacaq. Hazırda bu kontekstdə Azərbaycana böyük təzyiqlər var. Menendez də ənənəvi olaraq, öz fəa­liyyətindədir.

Senatın Xarici əlaqələr komitə­sindəki müzakirələrə Azərbaycandan da mütəxəssis və ya nümayəndə dəvət olunmalı idi. Belə olan təqdirdə hər iki tərəfin mövqeyi eşidilər və müzakirələr balanslı olardı. Əgər bu baş vermir­sə, deməli, müzakirələr qərəzlidir və şou xarakteri daşıyır. Odur ki, bu din­ləmələrə böyük əhəmiyyət vermək də istəməzdim.

 

Səxavət HƏMİD
XQ



Siyasət