Kaliforniyada daha bir erməni “üzqaralığı”

post-img

Həqiqətin sütunları üzərində ucalan reallığın yalana tapınanlar üçün qorxu mənbəyinə dönməsi qaçılmazdır. Çünki o həqiqət Dankonun məşəlitək Haqqın yoluna çıxmaq istəyən ədalətsevərlərin mayakına dönüb zülmətin arxasınca sürünən yarasalardan ötrü cəhənnəmə çevrilir. 

Kaliforniyada Şərə qulluq edən er­mənilər çoxdur. Onlar say çoxluğundan istifadə edib Azərbaycanın Los-Ance­lesdəki Baş konsulluğunun binası qarşı­sında aksiya keçiriblər. Qondarma şüar və iddialarla təşkil olunmuş aksiyanın sponsoru qismində Los-Ancelesdəki er­məni icması çıxış edib. Baş konsulluğu­muzun binası önünə toplaşan amerikalı haylar Laçın yolunun açılması və Qara­bağda yaşayan ermənilərin “blokada”­dan çıxarılması ilə bağlı çağırışlar edib, şüarlar səsləndiriblər. 

Amma bura toplaşan ermənilərin əsas məqsədi Azərbaycanın Baş kon­sulluğunun binasının önündəki əraziyə “Artsax meydanı” adını verəcəkləri­ni bəyan etmək imiş. Onlar hay-küylü vandalizmə öz etirazlarını bildirən kon­sulluğumuzun əməkdaşlarının üstünə hücum çəkiblər. Polisin müdaxiləsindən sonra təxribatçı haylar geri çəkilməyə məcbur olublar. 

Bəzi məlumatlara görə, daşnak törəmələri diplomatik qaydalara görə toxunulmaza malik konsulluğumuzun binasının divarına boya atıblar. Daha sonra binanın girişini bağlayıb, ərazidə çadırlar qurub, qondarma “dqr”-ın “bay­rağını” qaldırıblar. 

Amerika demokratik ölkədir və güc­lü lobbisi, zəngin iş adamları olan er­mənilər burada küçəni, parkı, meydanı istədikləri kimi adlandıra bilərlər. Hətta ola bilsin ki, 40-50 ildən sonra həmin meydanın altından, şəhərin divarından Kaliforniya ştatının təməlinin ulu əcdad­ları tərəfindən qoyulduğunu “sübuta ye­tirən” daş parçasını tapsınlar. Hay alim­ləri üçün “tarixin qədim və daşlaşmış həqiqətlərini” üzə çıxarmaq elə də çətin deyil. Amma boya məsələsində çox irə­li gediblər. Ona görə ki, həm ulularının yazdıqları “qədim” tarixlərinin, həm də XXI əsrin 20-ci ilində Qafqazda yazılan ən yeni tarixin qara səhifəsini heç vaxt yuyub təmizləyə bilməyəcəklər. Buna xalqımız “üzqaralığı” deyir. 

Haraya hansı adları vermələrindən, nə kimi şüarları bağırmalarından asılı olmayaraq, düşdükləri qara gün aqibə­tindən canlarını qurtara bilməyəcəklər. 

İ.HƏSƏNQALA, XQ

Siyasət