Qarabağdakı separatçı rejim gömülür: Arutyunyan “kaput”

post-img

“Azərbaycan öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil. Qeyri-qanuni rejim buraxılmalı və tərk­silah olunmalıdır”. Bu fikri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində bölüşüb. Ya­zımızın sonunda Hikmət müəllimin belə bir fikri, özü də məhz indi nə üçün bildirməsinə cavab tapacağıq.

Qarabağdakı separatçı rejimin rəh­bəri Arayik Arutyunyan tutduğu oyun­caq “prezident” postundan uzaqlaşmaq qərarına gəlib. O, yaydığı məlumatda bildirib ki, bu gün istefa ərizəsini təqdim edəcək. Hər halda, uşaq oyunu oyna­mır. Hərçənd, nəzərə alsaq ki, erməni­dir, ondan hər şey gözləmək olar. 

Ancaq gəlin gözləməyək. Həm də ona görə ki, Arayik özünün “Facebook” səhifəsində bunları yazıb: “Dünyadakı hazırkı qeyri-sabit geosiyasi vəziyyə­tin, regional proseslərin və hadisələrin proqnozlaşdırılan inkişafı, Qarabağda və ətrafında baş verən hadisələr, böl­gədəki daxili siyasi və sosial atmosfer birbaşa yanaşmaların və addımların dəyişdirilməsi, çeviklik nümayiş etdi­rilməsi zərurətindən xəbər verir. Yuxa­rıdakılar naminə Qarabağda məndən başlayaraq əsas simaları dəyişmək lazımdır”.

Göründüyü kimi, Arayik çox gendən gəlir. Çalışır ki, istefası, belə demək mümkünsə, urvatlı olsun. Əlbəttə, o, çoxdan rədd olub getməli idi. Onun və illərdir təmsilçiliyini apardığı separatçı rejimin tarixin arxivinə gömülməsinin vaxtı yalnız indi çatmayıb. 

Arayikin istefası tamamilə gömül­mənin ayaq səsləridir. Şübhəsiz, bu səslər getdikcə artacaq, mümkündür ki, daha isterik mərhələyə də qədəm qoysun. Hazır olmalıyıq. Nəzərə alaq ki, separatçı rejimdə isteriya onsuz da başlayıb. Nəinki separatçı rejimdə, bü­tövlükdə, Ermənistanda onun müxtəlif təzahürləri ciddi şəkildə görünmək­dədir. İndi bir qədər də artacaq. Bəli, Azərbaycan Qarabağdakı separatçılıq çənbərini daraldır. A.Arutyunyanın qlo­bal obraz qazandırmağa çalışdığı iste­fa qərarı elə bunun nəticəsidir. Ancaq separatçıbaşının postunu tərk etmək qərarı suallar doğurur. 

Birincisi, Arayikin öz taleyi necə olacaq? O, əlini-qolunu sallayıb Qa­rabağda qalacaq, yoxsa bölgəni tərk edəcək? Nəzərə alaq ki, Arutyunyanın barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb. O, müharibə cinayətlərində təq­sirli bilinir və axtarışdadır. 

İkincisi, bildirdik ki, A.Arutyunyanın istefa qərarı Azərbaycanın təzyiqi nəti­cəsində separatçı rejimdə formalaşmış aqoniya ab-havasının nəticəsidir. Bəs, o, getdikdən sonra nə olacaq? Nəzərə alaq ki, Qarabağda şarlatanlar az deyil. Böyük şarlatan isə Ruben Vardanyan­dır. O, bölgədə oturub Ermənistanda seçki fəallığına çağırır. Bu məxluqun dedikləri elə təsəvvür formalaşdırır ki, “Qarabağ kartı” ilə bütövlükdə Ermə­nistanın ictimai-siyasi industriyasında oynamaq istəyənlər var və belələri vax­tilə mövcud olmuş Koçaryan-Sarkisyan xunta rejiminə oxşar quruluşu yaratmaq niyyətindədirlər. O quruluşu ki, Rusiya­dan idarə olunurdu...

Ümumən suallar çoxdur. Amma Arutyunyanın istefa qərarını elan etmə­si ilə paralel olaraq, bir hadisə də baş verdi. Separatçıbaşı R.Vardanyandan sonra “dövlət naziri” oyuncaq postuna gətirdiyi Qurgen Nersisyanı vəzifəsin­dən uzaqlaşdırdı. Onun yerinə Sam­vel Şahramanyanı təyin etdi. Bu isə o deməkdir ki, Arayikin gedişindən sonra bölgədə hakim mövqe Samvelə məx­sus olacaq. Mövcud ssenaridən belə görünür ki, Ruben Vardanyan oyun­bazlığı meydan tanımayacaqdır. Daha bir məqama diqqət yetirərək bildirək ki, A.Arutyunyanın “Facebook manifesti”n­dən gəlinən qənaət var: Gedən təkcə o olmayacaq. Deməli, “təmizləməni” Samvel reallaşdıracaq. 

***

Gələk Samvel Şahramanyanın üzə­rinə. A.Arutyunyan bildirib: “Samvel Şahramanyanı seçərkən onun dürüst­lüyünü, çevikliyini, müxtəlif məsul və­zifələrdə təcrübəsini və həm milli təh­lükəsizlik, həm də dövlət idarəçiliyi ilə bilavasitə bağlı biliyini nəzərə aldım”. Əvvəlki “dövlət naziri” Q.Nersisyana gəlincə: “Qurgen Nersisyana minnət­darlığımı bildirirəm və qeyd etmək istəyirəm ki, onun 44 günlük müharibə zamanı, ondan sonrakı dövrdə və blo­kada müddətindəki fəaliyyətinin dövlət üçün əhəmiyyəti əvəzsizdir”. 

Arayik S.Şahramanyanı ümumi sözlərlə dəyərləndirirsə, vəzifədən uzaqlaşdırdığı Q.Nersisyanın şəninə təriflər yağdırır və bu zaman 44 günlük müharibədən söz açması maraq do­ğurmaqdadır. Belə başa düşmək müm­kündür ki, haqqında söz açdığımız “tə­mizləmə” müharibə ilə bağlı şəxslərin uzaqlaşdırılması hesabına aparılacaq. Bu isə həm də o deməkdir ki, meydan­da Azərbaycanın antipatiya bəsləmədi­yi şəxslər qalacaq. 

Diqqət yetirək, S.Şahramanyan Azərbaycan təmsilçiləri ilə Qarabağın erməni icmasının nümayəndələrinin bu ilin martında Rusiya sülhməramlılarının Xocalıdakı qərargahında baş tutmuş yeganə görüşünün iştirakçısıdır. O gö­rüşün ki, davamı olmadı. Daha doğru­su, Qarabağdakı separatçı rejim buna imkan vermədi. Deməli, Şahramanya­nın missiyası yarımçıq qaldı. 

Yada salaq ki, 1978-ci il təvəllüdlü S.Şahramanyan Qarabağdakı sepa­ratçı rejimin “Təhlükəsizlik şurasının” katibi idi. Sözügedən görüşlə bağlı Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan həmin vaxt bildirmişdi ki, Samvel danışıqlar pro­sesində o qədər təcrübəsi olmasa da, “sərtləşmiş”, böhran vəziyyətlərində effektiv hərəkət etməyi bacaran təh­lükəsizlik xidməti generalıdır: “Amma problem onun şəxsiyyətində deyil, da­nışıqlar aparan şəxs kimi yanaşmala­rında yer alan siyasət və qərarlardadır. Əminəm, Şahramanyan bilir ki, o, mina sahəsinə kombinezon və avadanlıqsız daxil olub və hansısa ehtiyatsız addım partlayışa səbəb ola bilər”.

T.Abramyanın bu fikirlərinə, eləcə də S.Şahramanyanın, necə deyərlər, kölgədə qalmış fiqur olması reallığına diqqət yetirərək deyə bilərik ki, indiki situasiyada, o, Qarabağdakı separatçı rejim üçün bir növ, indulgensiya apara­tıdır. Yəni, Şamvelin günahların bağış­lanılmasına səbəb olması mümkündür. Nəzərə alaq ki, o, ilk cəhdi artıq edib – Azərbaycan nümayəndələri ilə bir masa arxasına əyləşib. 

Əlbəttə, S.Şahramanyan həm də “günah keçisi” obrazındadır. Azərbay­canın şərtlərini qəbul edəcək, Qa­rabağın, o cümlədən, Xankəndinin Azərbaycan ərazisi kimi yerli əhalinin düşüncələrində möhkəmlənməsini üzərinə götürəcək kimsə tapılmalı idi və Samvel hələlik həmin tapıntı təsiri bağışlamaqdadır. Hər halda, Arayikin seçimi separatçı rejimdə bar-bar ba­ğıranlardan biri də ola bilərdi. Amma seçim Bakıdan gəlmiş nümayəndələrin bir masada əyləşməyə razılıq verdikləri şəxsdir. Nəzərə alaq ki, razılığın veril­məməsi də mümkün idi. 

Deməli, Şahramanyanı separatçılar və Ermənistandakı revanşist-şovinist kəsim üçün arzuolunmazlıq perspektivi gözləyir. T.Abramyan kimilər onun Bakı­nın təmsilçiləri ilə danışıqlar missiyasını mina meydanında gəzmək kimi qiymət­ləndirmişdilərsə, adam həmin meydan­da, obrazlı desək, rahat hərəkət etsə, daha doğrusu, partlamasa, tezliklə ona xain və satqın damğası da vurula bilər. Çünki bu şəxsin təyinatı mahiyyətcə Azərbaycanın üzərində prinsipial şəkil­də dayandığı və heç bir güzəşt tanıma­dığı Qarabağ ermənilərinin reinteqrasi­yasının ayaq səslərinin eşidilməsidir. 

Sonda onu da deyək ki, Samvel Şahramanyan olmur, qeyrisi olsun, prinsip etibarilə Bakı üçün heç bir fərqi yoxdur. Əsas olan Azərbaycanın şərt­lərinin qəbuludur. Nəzərə alaq ki, bu qəbullanma Qarabağda erməni varlığı üçün yeganə şərtdir. Məsələyə möv­cud prizmadan yanaşsaq, Arayik Arut­yunyanın istefa qərarı həm də həmin varlıq üçün yaşıl işığın yanması ehti­malı deməkdir. Əlbəttə, işıq o zaman yanacaq ki, bölgədəki separatizm ta­mamilə yox olacaq. Xankəndi, Ağdərə, Xocalı və digər ərazilərimiz Azərbayca­nın yurisdiksiyasındakı başqa bölgələr kimi idarə olunacaqdır. İdarə edənin Samvel, Aşot və ya qeyrisi olacağına dair qərar isə Bakıdan veriləcəkdir. 

Əslində Hikmət müəllimin də əv­vəldə diqqətə çatdırdığımız iqtibasda bildirdiyi bu idi. Yəni, kimsə düşünmə­sin ki, Arayikin yerinə Samvelin və ya qeyrisinin gəlişi Bakını qane edən vari­antdır. Cənab Hacıyev ölkəmizin, necə deyərlər, “kosmetik təmirlə” razılaşma­yacağının mesajını verir. 

Ə.CAHANGİROĞLU,
XQ





Siyasət