Yalan, böhtan və riyakarlığın “bumeranq effekti”

post-img

Erməni şəbəkəsi”nin BMT TŞ üzərində qurduğu informasiya təxribatı nəticəsiz qaldı

Ermənistan rəhbərliyi, siyasi birlikləri, diaspor və lobbi qrupları dünya ictimaiyyətini  “Qarabağda humanitar böhran var” yalanlarına inandırmaq üçün ciddi kampaniya apardılar. BMT Təhlükəsizlik Şurasının mövzu üzrə avqustun 16-da keçirilən iclası prosesdə  kuliminasiya nöqtəsi oldu.

O nöqtəyə qədər isə erməni tərəfi fərqli platformalarda informasiya təxribatları gerçəkləşdirdi, öz  yalanlarını dünyaya həzm etdirmək üçün  bütün potensialını xərclədi. “Erməni şəbəkəsi”nin son kampaniyası  ABŞ, Fransa və Rusiya KİV-də  xüsusilə qabarıq göründü. “Forbes” jurnalı  Evelina Oçabın imzası ilə ermənilərin mövqeyini müdafiə edən məqalə  dərc etdi.   “Washington Post” qəzeti isə 6 gün ərzində mövzu üzrə  3 məqalə yayımladı. Devid İqnatiusun imzası ilə dərc edilən bu məqalələr  Qarabağdakı separatçıların müdafiəçisi rolunda çıxış etdi. Laçın yolunun dırnaqarası bloklanmasını əsaslandırmaq üçün qondarma faktlardan istifafə etdi.

Məsələ təkcə “Washington Post”la tamamlanmadı. ABŞ-də fəaliyyət göstərən bir çox blogerlər də mövzu üzərində fokuslandılar. Litse Sinel adlı blogerin Qarabağ regionunda vəziyyəti təhrif edən statusları onun “həmfikirləri” tərəfindən intensiv şəkildə paylaşıldı. Sinelin açıqlamaları ABŞ-nin fərqli KİV-ləri tərəfindən tirajlandı.  Rusiya KİV-ləri də bu metoddan istifadə etdilər. Bu ölkənin bəzi media qurumları bədnam bloger Semyon Peqovun Laçın yolu ilə bağlı qeyri-ciddi iddalarını öz səhifələrində tirajladı. 

Vurğulamaq zəruridir ki, “erməni şəbəkəsi”nin ABŞ, Fransa və Rusiya KİV üzərində daha çox fokuslaşmalarının xüsusi səbəbləri var idi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü məhz bu dövlətlərdir. Ermənilər dünya ictimaiyyətində rəy yaratmağa çalışdılar  ki, böyük güclər “erməni həqiqətlərinin tərəfindədir”. Həqiqətdə, qeyd edilən KİV-də yayımlanan məqalələrin “müəlliflərinin” hər biri “erməni şəbəkəsi”nin təsiri altında olan şəxslərdir.

Bu məqalələrin dərc edilməsi üçün qeyri-leqal vasitələrdən istifadə edilib. Məsələn, “Washington Post” qəzetində dərc edilmiş məqalənin müəllifi Devid İqnatius 2016-cı ildə Qarabağa qanunsuz səfər etməsi ilə diqqət çəkib. Həmin səfərlərinə görə milyarder “Ruben Vardanyan Fondu” tərəfindən mükafatlandırılıb.  Yaxud, Litse Sinel 2016-cı ildə Azərbaycan və Türkiyə əleyhinə  yazıları ilə tanınıb. O, Suriya ərazisindən qanunsuz  yollarla Türkiyəyə keçərək  burada təxribatçı əməllər törədib. Karyerası, bütövlükdə, erməni diasporunun himayəsi altında formalaşıb. 

Rusiyalı Semyon Peqovun da karyerası bənzər motivlər üzərində formalaşıb. Onun 2020-ci ildə Qarabağa daxil olması, İkinci Qarabağ müharibəsinə dair erməni mövqelərini ifadə edən təxribatçı informasiyalar paylaşması hər kəsin yaddaşındadır. “Erməni şəbəkəsi” BMT TŞ-nin iclasından öncə Peqovu yenidən dövriyyəyə buraxdı. 

Belə bir nəticə çıxır ki, “erməni şəbəkəsi”nin taktikası ötən 7 il ərzində dəyişməyib. Növbəti kampaniyalar da eyni tezislər, eyni şəxslər və eyni KİV qurumları üzərində qurulur. Bu eyniliklər Azərbaycana imkan verir ki, erməni tərəfinin metodlarını təhlil etsin, taktikalarını öyrənsin, preventiv addımlar atsın. Azərbaycan 44 günlük müharibədə olduğu kimi, informasiya və diplomatiya savaşında da yeni metodlardan istifadə edir. Ölkəmiz erməni yalanlarını dünyaya çatdırmaq üçün modern texnologiyalardan faydalanır.     

BMT Təhlükəsizlik Şurasının avqustun 16-da Nyu-Yorkda keçirilən və Qarabağ bölgəsinə həsr edilmiş iclasının nəticələri təkcə ABŞ, Fransa və Rusiya KİV-ində deyil, əksər ölkələrdə fəaliyyət göstərən trans-milli və trans-sərhd KİV-də  yayımlanıb. Peşəkar media qurumlarında dərc edilmiş  oxunaqlı məqalələrin axtarılıb tapılması üzrə ixtisaslaşmış internet axtarış alətlərinə, xüsusən,  “Google scholar”a istinad edərkən görünür  ki, BMT TŞ-nin 16 avqust iclasının nəticələri dünyanın ayrı-ayrı ölkələrində  fəaliyyət göstərən ­KİV-in diqqət mərkəzində olub.     

Yalnız “Google scholar”da aparılan axtarış nəticəsində bəlli olur ki, təqribən, 96 trans-sərhəd  KİV qurumu (Azərbaycan və Ermənistandan kənar)  mövzunu işıqlandırıb, iclası müxtəlif kontekstlərdən şərh edib. Həmin xəbər və məqalələrin sayı isə 120-dən çoxdur. Bloqlarda, sosial şəbəkə platformalarında yayımlanan informasiyaların sayı isə 200-dən çoxdur.  Sıralarında “New York Times”, “Washington Post”, BMT-nin  saytı olmaqla, dünyanın tanınmış informasiya resursları iclasın nəticələrini dərc etməklə, əsl həqiqətləri dünyaya çatdıra bilib. Həmin nəticələr isə “erməni şəbəkəsinin” maraqlarına uyğun deyil.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 5 daimi, 10 qeyri-daimi olmaqla, 15 üzvdən ibarətdir. 15 üzv dövlətdən 9-u 16 avqust iclasında birbaşa və dolayı çıxışlarla Azərbaycanın mövqeyini dəstəkləyiblər. Nəticədə, BMT TŞ mövzu üzrə hər hansı sənəd qəbul etməyib, ümumi müzakirələr keçirməklə yekunlaşıb. Müzakirələr zamanı daha çox bu fikrin üzərində dayanılıb ki, “humanitar yardım mövzusu siyasiləşdirilməməlidir. Humanitar yardımın çatdırılması istənilən mövcud marşrutlardan istifadə edilərək reallaşdırılmalıdır”.   Bununla  da “Xankəndi-Ağdam yolu” layihəsinə haqq qazandırmış oldu. 

“Erməni şəbəkəsi”nin BMT TŞ-nin 16 avqust iclasından öncə törətdiyi informasiya təxribatları “bumeranq effekti” verdi. Yalançı informasiya təxribatları dünya ictimaiyyətini, xüsusən, BMT TŞ-nin üzvü olan dövlətləri çaşdıra bilmədi. Azərbaycanın siyasi rəhbərliyi diplomatik məharət göstərərək, erməni tərəfini növbəti ağır məğlubiyyətə uğrada bildi. 

Müşfiq ƏLƏSGƏRLİ,
Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, media eksperti

 

Siyasət