Bölgələr ümumi tərəqqi yolunda

post-img

Son yarım ildə dövlət başçısı 200-dən çox obyektin açılışını edib

Azərbaycanda 2004-cü ildən indiyədək uğurla reallaşdırılan regionların sosial–iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərib, bununla da ölkəmizin strateji inkişaf hədəflərinə nail olunmasına əhəmiyyətli töhfə verib.  

Kənd təsərrüfatı, emal sənayesi respublikamızda qeyri–neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Aqrar sektorun subsidiyalaşdırılması və vergi azadolmaları, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətlənməsində mühüm rol oynayıb.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı ötən müddətdə görülən işlər də bu barədə aydın təsəvvür yaradır. Dövlətimizin başçısının 29 yanvar 2019-cu il tarixli fərmanı ilə təsdiqlənən  həmin Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin icrası hazırda uğurla həyata keçirilir. Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərlərləri ilə proqramın reallaşması sürətlənir, regionların tarazlı inkişafının təmin olunması, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində yüksək nəticələr əldə edilir. 

Ölkə başçısı keçən il və bu ilin ilk yarısında rayonlara səfər çərçivəsində 200-dən çox obyektin– istehsal müəssisələri, yollar, elektrik təchizatı obyektləri, su təchizatı layihələri, səhiyyə və təhsil müəssisələrinin açılış mərasimlərində iştirak edib, müvafiq məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.  

Bundan başqa, dövlətimizin başçısı tərəfindən həmin müddətdə müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafı, həmçinin bəzi mühüm layihələrin icrası istiqamətində dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan ümumilikdə 208,1 milyon manat vəsaitin ayrılması ilə bağlı 44 sərəncam imzalanıb.  

Dövlət proqramı çərçivəsində regionlarda sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və məhəllələrinin fəaliyyətinin təşkili və genişləndirilməsi istiqamətində işlər indiyədək  uğurla davam etdirilib. 7 sənaye parkının–Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz vadisi İqtisadi Zonası” sənaye parklarının və 5 sənaye məhəlləsinin– Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələrinin səmərəli fəaliyəti təmin olunub.  Həmin kompleks müəssisələrdə sahibkarlığın müasir dünya təcrübəsi əsasında inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb. Sənaye parkları və məhəllələrinin rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunub.

İndiyədək sənaye zonalarında rezidentlik statusu verilən 134 sahibkarlıq subyektinin artıq 68-i fəaliyyətə başlayıb. Bu komplekslərə indiyədək 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.

İş yerlərinin yaradılmasından söhbət düşmüşkən, xatırladaq ki,  cari ilin  altı ayı ərzində ölkədə 38,9 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin   9,1 faizi yeni yaradılan müəssisələrin, 90,1 faizi mövcud qurumların, 0,5 faizi fəaliyyəti bərpaolunan təşkilatların payına düşüb. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri davamlı şəkildə həyata keçirilib. Respublikada  real sektora özəl investisiyaların cəlbini gücləndirmək məqsədilə dövlətimizin başçısının 2016-cı il 18 yanvar tarixli fərmanı ilə təsdiqlənən  “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na əsasən, həmin sənədinin verilməsi davam etdirilib. Təkcə ötən il ərzində 49 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunub. Bunun nəticəsində yerli istehsala 665 milyon manat investisiyanın yatırılması və 2323 yeni iş yerinin açılması nəzərdə tutulub.  

İnvestisiya təşviqi sənədini alan hüquqi şəxslərə və fərdi sahibkarlara 77 milyon dollar dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 630 təsdiqedici sənəd verilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 18,54 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilib.  

Mirağa ƏHMƏDOV

iqtisadçı-ekspert

Regionların inkişafında ən mühüm amillərdən biri investisiya qoyuluşunun diqqətdə saxlanılmasıdır. Təkcə cari ilin ilk rübündə Azərbaycanın regionlarına investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz artıb. Bu dövrdə  regionlara investisiya qoyuluşu 4,7 milyard manat təşkil edib. 

2022-ci ildə isə Azərbaycanda əsas kapitala investisiyaların həcmi 18 milyard 272 milyon manatdan çox olub. Real ifadədə artım 2021-ci illə müqayisədə 5,5 faiz təşkil edib.

Sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin göstərilməsi də diqqətdə saxlanılıb. Təkcə 2022-ci il ərzində müvəkkil kredit təşkilatları vasitəsilə 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat, o cümlədən respublikanın regionları üzrə 2644 investisiya layihəsinin maliyyələşdirilməsinə 121,2 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilən layihələr hesabına 3026 yeni iş yerinin açılması imkanı yaradılıb. 

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan bildirildiyinə görə, qurum  tərəfindən cari ilin yanvar–iyul aylarında isə 1295 layihənin maliyyələşdirilməsinə 64,8 milyon manat kredit ayrılıb. Həmin güzəştli kreditlər hesabına 937 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Xatırladaq ki, son illərdə respublikada özəl sektorun dinamik inkişafı istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması daim diqqətdə saxlanılıb. Eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərinin azalmasına səbəb olub, eyni zamanda, büdcəyə vergi ödənişlərinin həcminin artırılmasını şərtləndirib.

Aqrar sektorun inkişafında mühüm önəm daşıyan aqroparkların və müasir iri fermer təsərrüfatlarının yaradılması istiqamətində layihələrə də xüsusi əhəmiyyət verilir. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark üzrə işlər davam etdirilir. Sözügedən aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır.

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

 



İqtisadiyyat