“Qlobal Cənub”, yoxsa “Kollektiv Qərb”?

post-img

Planetimizdə hərbi-siyasi prosesləri uzun onillər boyu nəzarətində saxlayan “Kollektiv Qərb”ə qarşı hazırda yeni böyük güc mərkəzi formalaşır. Bu, Çin, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası, Meksika və digər ölkələrin də daxil olduğu “Qlobal Cənub”dur. 

Hər iki ad, əsasən, böyük dövlətlərin yerləşdiyi coğrafi məkana görə adlandırıl­sa da, ümumən şərtidir. Yəni Cənub ya­rımkürəsində yerləşən Avstraliya və Yeni Zelandiya “Kollektiv Qərbə” aid olunduğu kimi, Şimal yarımkürəsindəki hər hansı bir ölkə özünü “Qlobal Cənub”un sırala­rında görə bilər. 

Sual olunur: “Qlobal Cənub” və vaxt və necə yaranıb və hansı iddiaları var? Məlumdur ki, 1991-ci ildə SSRİ süqut edəndən sonra planetimizdə ikiqütblü dünyaya son qoyuldu və Yer kürəsinin ən mühüm siyasi, iqtisadi və hərbi problem­ləri okeanın o tayından, yəni Vaşinqton­dan idarə olunmağa başlanıldı. 

O dönəmdə bugünkü “Qlobal Cənub”un sələfi olan Üçüncü Dünya ölkələri dünyanın zəngin dövlətləri üçün ucuz xammal və işçi qüvvəsi mənbəyi rolunu oynayırdılar. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) olması­na baxmayaraq, dünya faktiki olaraq Ağ evin dirijor çubuğu ilə idarə olunurdu. 

Anqlo-saksların liderliyi ilə Qərb döv­lətləri bu status-kvonu qoruyub saxla­maq üçün planetin müxtəlif yerlərində çox sayda lokal və regional münaqişə və müharibələr törədir və dünyanın başını buna qatırdılar. Bu gün də Ağ ev dünyanı təkbaşına idarə etmək iddiasındadır və rəqib güc mərkəzlərinin meydana çıx­masını özünün milli maraqları üçün ciddi təhdid hesab edir. 

Lakin XXI əsrin əvvəllərindən Çin iqtisadi və hərbi cəhətdən sürətlə güc­lənərək dünyanın ikinci ən böyük iqti­sadi və hərbi gücünə çevrildi. Pekin bir çox mühüm göstəricilər üzrə ABŞ-ı da­ban-dabana izləməyə başladı və bu pro­ses bu gün də davam edir. 

Pekin başa düşür ki, “Kollektiv Qərb”ə qarşı təkbaşına mübarizə aparmağa gücü çatmayacaq. Ona görə də öz “ko­mandasını” formalaşdırmağa çalışır. Bu məqsədlə Rusiya, Braziliya, Hindistan və Cənubi Afrika Respublikası–BRİKS adlı təşkilat yaradıldı. Məhz bu qurum hazır­da faktiki olaraq “Qlobal Cənub”un əsas nüvəsini təşkil edir. 

Vaşinqton “Qlobal Cənub”un nüfuz dairəsinin genişlənməsindən narahatdır və bunun qarşısını almaq istiqamətində ciddi cəhdlər göstərir. Ağ ev də ən çox Hindistanı bu komandadan kənarlaş­dırmaq üçün cəhdlər edir. Qərbdə ümid edirlər ki, Çinlə Hindistanın ulduzları heç vaxt barışmayacaq. 

“Qlobal Cənub” yerində saymaq niy­yətində deyil. Onun sıralarına Meksika və Venesuela da daxil olmaqla, bir çox Latın Amerikası dövlətləri də qoşulub. Ən gözlənilməz fakt isə odur ki, zəngin neft və valyuta ehtyatlarına malik olan Səudiyyə Ərəbistanı da ara-sıra “Qlobal cənub”a rəğbətini izhar edir. Son aylar ər­zində Pekin və Ər-Riyadın siyasi və hərbi cəhətdən yaxınlaşması da Qərbi çox pəj­mürdə edib. 

Yeri gəlmişkən, iki həftə əvvəl Rusi­ya–Ukrayna müharibəsinə son qoyulma­sı üçün böyük bir sammitin məhz Cid­dədə təşkil olunması çox şeydən xəbər verir. Bu ağır münaqişənin tərəfdaşları sayılan Qərb dövlətləri müharibənin təcili surətdə dayandırılması üçün “Qlobal Cə­nub”un təpkisi ilə üzləşiblər. Belə mesaj­lar gələcəkdə daha çox ola bilər. 

Məlumdur ki, İkinci Dünya mühari­bəsi bitəndən sonra yaradılan bütün nü­fuzlu beynəlxalq qurumlar, o cümlədən BMT, onun nəzdində fəaliyyət göstərən Təhlükəsizlik Şurası, Beynəlxalq Valyu­ta Fondu, Dünya Bankı, digər qlobal və regional qurumlar onillər boyu ABŞ-ın və onun yaxın müttəfiqlərinin nəzarəti altın­da olub. 

“Qlobal Cənub” bununla razılaşmır və adları çəkilən təşkilatlardan öz fəaliyyəti­ni ədalətli prinsiplər əsasında qurmasını tələb edir. Dünyanın maliyyə bazarların­da ABŞ dollarının dominantlığına qarşı mübarizə kəskin xarakter alır. Hələlik, heç bir milli valyutanın dollara gücü çat­mır. Lakin vəziyyətin dəyişə biləcəyi istis­na edilmir. 

Görünən budur ki, dünya köhnə qa­nunlarla idarə olunmur, yaxud idarə olunmaq istəmir. TŞ-nin daimi üzvü olan Rusiyanın 15 il əvvəl qonşu Gürcüstana, ilyarım əvvəl isə Ukraynaya qarşı hərbi təcavüzü bir daha göstərdi ki, dünyanın nizamına nəzarət etməyi öhdələrinə gö­türən böyük dövlətlər özləri bu qaydalara əməl etmirlər. 

Bu gün “Kollektiv Qərb”ə qarşı bir­ləşən “Qlobal Cənub” yaxın gələcəkdə ayrı-ayrı güc mərkəzlərinə parçalana bilər. Bir çox təhlilçilər hesab edirlər ki. “Kollektiv Qərb”də birləşən dövlətlər, əsasən, sivil, demokratik dəyərlərə üs­tünlük verən toplumlardır. “Qlobal Cə­nub” isə, əsasən, avtoritar dövlətlərdən təşkil olunub. Lakin Qərb demokratiyası­nın iç üzü də çoxlarına bəllidir. 

“Qlobal Cənub”un “Kollektiv Qərb”lə çəkişməsi hansı sonluqla bitəcək? Əv­vəlcədən proqnoz vermək çətindir. Çox şey Ukraynadakı müharibənin nəticəsin­dən asılıdır. Əlahəzrət Zaman özü hər şeyi yerbəyer edəcək. 

Rüfət RÜSTƏMOV,
Bakı Dövlət Universitetinin Türk filologiyası kafedrasının müdiri, professor

– Müasir dünyanın, həqiqətən, yeni siyasi, hərbi, hüquqi nizama böyük ehtiyacı yaranıb. Planeti­mizdə hazırda 200 dövlət var. On­ların taleyini BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvü həll edir. Bu, açıq-aşkar haqsızlıqdır. 

Bu gün dünyada türkdilli xalqla­rın sayı təqribi hesablamalara görə üç yüz milyona çatır. Təəssüf ki, onların bir çoxunun müstəqil döv­ləti yoxdur. BMT üzvü olan türkdilli dövlətlərin isə heç biri TŞ-də təmsil olunmayıb. Halbuki, dünyanın 17-ci iqtisadiyyatı olan Türkiyənin buna tamamilə haqqı çatır. 

Son iyirmi ildə görkəmli dövlət xadimi Prezident Rəcəb Tayyib Ər­doğanın liderliyi ilə Türkiyə olduqca böyük inkişaf yolu keçib. Rəsmi An­kara dünyanın bir çox bölgələrində haqqın, ədalətin tərəfində duran bir dövlət kimi tanınır. Fədakar türk əs­gəri Suriyada, Liviyada terror əley­hinə qətiyyətlə mübarizə aparır. 

Çağdaş dünyada rifah və tərəqqinin taleyini modern texno­logiyalar həll edir. Türkiyə yeganə müsəlman dövlətidir ki, beşinci sənaye inqilabını yaxalaya bilib. Bu ölkədə artıq ən müasir raketlər, pilotsuz uçuş aparatları, digər mo­dern silahlar istehsal olunur. 

Türkiyə həm özünü, həm də müttəfiqlərini hərbi müdaxilələrdən qorumaq iqtidarındadır. Biz 2020-ci ilin payızında 44 günlük İkinci Qa­rabağ müharibəsi zamanı bunun şahidi olduq. Ankara “can Azərbay­can”a hər cür yardım göstərdi. 

Siz soruşa bilərsiniz ki, bu gün Türkiyə kimin –“ Qlobal Cənub”un, yoxsa “Kollektiv Qərb”in yanında­dır? Əlbəttə, Türkiyə NATO üzvü olaraq faktiki olaraq ikinci qurum­da təmsil olunur. Bununla bərabər, rəsmi Ankara öz milli maraqlarına uyğun olaraq müstəqil və prinsipial siyasi xətt həyata keçirir. 

Yaxın gələcəkdə planetimizin siyasi mənzərəsində ciddi dəyişik­liklər olacaq. Düşünürəm ki, Va­şinqton və Pekindən əlavə, plane­timizdə daha bir neçə güc mərkəzi formalaşacaq. Ümid edirəm ki, qlobal aktorlardan biri məhz bütün türkdilli dövlətləri öz ətrafında bir­ləşdirən Türkiyə olacaq.

Bunun üçün bütün türk dövlət­lərinin hərtərəfli inteqrassiyasını sürətləndirmək lazımdır. Biz za­manı qabaqlamağı bacarmalıyıq. Yoxsa rəqiblərimiz bizi üstələyə, öz siyasi iradələrini bizə diktə etməyə çalışa bilərlər. Bu isə yolverilməz­dir.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət